Ağdamda minaya düşən şəxsin meyiti ailəsinə təhvil verildi

Ağdamda itkin düşərək mina partlaması nəticəsində ölən şəxsin meyiti ailəsinə təhvil verilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, minaya düşərək həlak olmuş Ağdam rayon sakini Cəsarət Hətəmxanovun meyiti Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən minalarla və partlayıcı maddələrlə çirklənmiş ərazidən götürələk aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, iyun 7-də Ağdam rayon sakini, 1978-ci il təvəllüdlü C.Hətəmxanovun itkin düşməsi, daha sonra iyunun 16-da Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində meyitinin aşkarlanıb.

Aparılan araşdırmalarla C.Hətəmxanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.