PDF Oxu

Xəbərlər

  • 4 497

MEDİA-nın dəstək müsabiqəsinin nəticələrinə - BAŞ REDAKTORLARIN BAXIŞI - SORĞU

MEDİA-nın dəstək müsabiqəsinin nəticələrinə - BAŞ REDAKTORLARIN BAXIŞI - SORĞU

Bildiyimiz kimi Medianın İnkişafı Agentliyi tərəfindən onlayn və çap media subyektləri arasında keçirilən müsabiqənin qalibləri müəyyənləşib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn və çap media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri məlum olub. SİA qaliblərdən bəzilərinin müsabiqə ilə bağlı fikirlərini öyrənib:

“Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli: “Agentlik müsabiqədə qalibləri müəyyən edərkən bir çox əsas meyarları nəzərə alıb. Bununla saytların iqtisadi gücününün möhkəmləndirilməsi və təkmilləşdirilməsi gələcəkdə onların inkişafına gətirib çıxaracaq.

Ümumilikdə, siyahı onu göstərdi ki, artıq villaları ilə yerə-göyə sığmayan, özünü harınlamış məmur kimi aparan media rəhbərlərinin dövrü bitib. Artıq o oliqarxlardan əsər-əlamət qalmayacaq. Əli Həsənovun dövründə oliqarx olan və cənab Prezidenti təhqir edən təkəbbürlü media rəhbərləri bu gün yenə də dövlət başçısının siyasətinə qarşı çıxırlar, onun sərəncamı ilə yaradılan Medianın İnkişafı Agentliyinə hücumlar edirlər. İnanıram ki, bu əməllərlə onlar heç nəyə nail ola bilməyəcəklər, indiki halda həmin şəxslər son çırpıntıları ilə məşğuldurlar. Media üzrə aparılan islahatlar və görülən əməli işlər onların çirkin niyyətlərini ürəklərində qoyacaq”.

"Editor.az" saytının baş redaktoru Fərid Şahbazlı: “Hesab edirəm ki, Medianın İnkişaf Agentliyinin yaranması və öz fəaliyyətində internet mediaya dəstək məsələsini bir istiqamət kimi seçməsi özü-özlüyündə mühüm bir addımdır. Azərbaycan mediası tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcıdır. Çünki, biz Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunda ümumiyyətlə internet medianın proseslərdən kənarda saxlandığını müşahidə edirdik. Baxmayaraq ki, ictimai rəyin formalaşdırılmasında internet media mühüm rol oynayır, ancaq biz indiyə qədər bunun dövlət dəstəyindən kənarda qaldığının şahidi oluruq. Əlbəttə ki, Medianın İnkişafı Agentliyinin bu müsabiqədə internet media agentliyinə resurs yaratması özündə mühüm bir yenilik və detaldır. Müsabiqənin nəticələri elan olunanda mən hesab edirdim ki, bu nəticələr kifayət qədər başa düşülən, anlaşıqlıdır. Şərtlər də normal fəaliyyət göstərən media orqanları üçün uyğundur. Bu gün açıqlanan nəticələr göstərir ki, müsabiqənin qalibləri arasında həqiqətən də ölkəmizdə ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayan internet media resursları var. Ən vacib detal odur ki, internet media resursları indiyə qədər böyük büdcələrə sahib olmayıblar və özlərinin məhdud imkanları ilə bu nəticələrə gəlib çıxıblar. Bu da çox vacib detaldır. Çünki onsuz da böyük büdcələri olan saytlara dəstək vermək bir o qədər məntiqli olmazdı. Bu mənada bugünki siyahıda olanların çoxunun ictimai rəyə təsir imkanları güclüdür. Lakin, maddi gücləri arzuolunan səviyyədə deyildi. Bu mənada hesab edirəm ki, Medianın İnkişaf Agentliyinin açıqladığı qaliblər kifayət qədər obyektivdir. Amma, şübhəsiz ki, istənilən müsabiqə və yarışma fikir ayrılıqlarına, müxtəlif yanaşmalara səbəb olur. Çünki, əgər qalib olan və seçilən varsa bu normal qarşılanmalıdır. Hesab edirəm ki, bu normaldır və bütün demokratik cəmiyyətlərə xas bir xüsusiyyətdir. Digər bütün həmkarlarımıza növbəti mərhələlərdə uğurlar arzu edirəm”.

"Yeni Sabah" saytının baş redaktoru Seymur Verdizadə: “Azərbaycanda ədalətli müsabiqə keçirmək heç vaxt mümkün olmayıb. Çünki müsabiqədə hamı qalib ola bilmir və qalib olmayanlar da hesab edir ki, onların hüquqları pozulub. Bu mənada düşünürəm ki, Medianın İnkişafı Agentliyinin açıqladığı nəticələrlə bağlı narazılığın olması təbiidir. Amma əsas odur ki, bu narazılıqlar araşdırılmalı və gələcəklə bağlı təkliflər nəzərə alınmalıdır. Mən inanmıram ki, Medianın İnkişafı Agentliyinə siyahı əvvəllər olduğu kimi Prezident Administrasiyasından təqdim olunsun. Çünki, bu müsabiqə elan olunmamışdan əvvəl KİV rəhbərləri və aparıcı jurnalistlərlə dəfələrlə görüşlər keçirilib, müzakirələr aparılıb. Şəxsən mənim özüm də bu görüşlərdə iştirak etmişəm. Qurumun son vaxtlardakı fəaliyyətində bu təkliflərin nəzərə alındığını görürəm və bu bir jurnalist kimi məni məmnun edir. Vüqar Səfərli öz sələflərinə bərbad bir qurum qoyub getdi. Bir sıra islahatlara ehtiyyac var. Ən əsası isə əvvəlki nöqsanları aradan qaldırmaq lazımdır. Medianın İnkişaf Agentliyi yeni yaranıb və hələ sturuktur yeni formalaşmaqdadır. Buna görə də, bu qurumun bütün müsabiqələri ideal keçirməsi öz fəaliyyətində hamını razı salacaq məqamların olması bir qədər inandırıcı deyil. Amma əsas odur ki, yaxşılığa doğru dəyişiklik var və bunu müşahidə etmək mümkündür. Müsabiqə ilə bağlı bir qərar məni razı saldı ki, bu da siyahıdakı saytların zənginliyidir. Yəni, 40-a yaxın sayta maliyyə vəsaiti ayrılıb və bu saytların içərisində müstəqil olanlar da olaraq ayrı-seçkiliyə yol verilməyib. Mən bunu alqışlayıram. Dövlətdən maliyyə yardımı almağa haqqı çatan hansısa sayt kənarda qalmayıb. Bu mümkün deyil. Amma ona da inanıram ki, qarşıdakı dövrdə bu cür çatışmazlıqlar aradan qalxacaq. Əsas odur ki, bu Medianın İnkişafı Agentliyinin ilk təcrübəsidir və indiyə kimi belə hal olmamışdı. Məncə, ilk təcrübə uğurlu alındı və qarşıdakı dövr üçün nikbin olmağa əsas verir. Hazırda məni düşündürən yeganə məqam ayrılan vəsaitin birbaşa saytların maddi texniki bazasını güclənməsi və əməkdaşların rifah halının yaxşılaşdırılmasına yönəldilməsidir. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi ciddi ictimai nəzarət mexanizmi qurmalıdır və vəsaitin ayrı-ayrı baş redaktorların cibinə axmasının qarşısını almalıdır. Əgər buna nail olsaq, Azərbaycan mətbuatı qısa müddət ərzində böyük inkişaf yolu keçə bilər”.

“Hərbi And” qəzetinin baş redaktoru Emin Həsənli: “Azərbaycanın kütləvi informasiya vasitələrinə dəstəyi var. Bu dəstək bir neçə formadan ibarətdir. Ən əsası isə jurnalistlərin fəaliyyət göstərməsi üçün demokratik bir mühit yaranıb. Onlar sərbəst şəkildə öz fikirlərini deyə bilirlər. Yeganə, ölkədir ki, Azərbaycan jurnalistlərə mənzil hədiyyə edir və onların məişət şəraitini yaxşılaşdırır.

Cənab Prezident İlham Əliyev tərəfindən jurnalistlərə fəxri adlar və medallar verilir. Həmçinin, cənab Prezident jurnalistləri özünün dostu hesab edir. Medianın İnkişafı Agentliyinin müsabiqəsinin nəticələri çox vacib və əhəmiyyyətlidir. Azərbaycanın dəstəyi olmasa yazılı media mövcud olmazdı. Çap mediasının mövcud olması üçün biz Azərbaycan Respublikasının Prezidentinə minətdarıq. Hesab edirəm ki, gələcəkdə Medianın İnkişafı Agentliyinin büdcəsi və bu dəstəyin miqdarı da artacaq. Müsabiqə çox normal keçirilib. Təbii ki, müsabiqə olan yerdə narazı qalanlar da olacaq və Azərbaycan demokratik ölkədir onların da öz fikirləri var”.

Ayşən Vəli

Digər xəbərlər