Ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı artıb

Cari ilin yanvar-iyun aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz artaraq 694,7 min olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, gecələmələrin 51,7 faizi Bakıda, 8,5 faizi Qəbələdə, 5,7 faizi Qusarda, 5,2 faizi Qubada, 4,9 faizi Lənkəranda, 4,2 faizi Şabranda, 3,6 faizi Xaçmazda, 2,8 faizi Naftalanda, 2 faizi Şamaxıda, 1,6 faizi Mingəçevirdə, 1,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Masallıda, 0,8 faizi Gəncədə, 0,7 faizi Qaxda, 0,6 faizi Zaqatalada, 0,5 faizi Şəmkirdə və 4,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalaraq 132,8 min olub ki, bu da ümumi gecələmələrin 19,1 faizini təşkil edir. Gecələmələrin 15,7 faizi Türkiyə, 15,2 faizi Böyük Britaniya, 10 faizi Rusiya Federasiyası, 5,1 faizi İtaliya, 4,3 faizi Almaniya, 2,9 faizi ABŞ, 2,6 faizi Ukrayna, 2 faizi İsrail, 2 faizi Niderland, 1,9 faizi Belarus, 1,7 faizi Qazaxıstan, 1,5 faizi Fransa, 1,3 faizi Norveç, 33,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 85,5 faizi Bakıda, 5,2 faizi Qusarda, 3 faizi Qəbələdə, 1,7 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Şabranda, 0,9 faizi Naftalanda, 0,8 faizi Mingəçevirdə, 0,8 faizi Qubada, 0,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2,3 dəfə artaraq 561,9 min olub.
Bu ilin yanvar-iyun aylarında mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 25,2 faiz artaraq 90,1 milyon manat olub ki, onun da 61,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,3 faizi ictimai iaşə xidmətlərindən, 2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,6 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2021-ci ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 9 faiz səviyyəsində olub (ötən ilin yanvar-iyun aylarında 7,6 faiz). Bu göstərici Şabranda 47,1 faiz, Beyləqanda 23,4 faiz, Lənkəranda 17,6 faiz, Naftalanda 17,1 faiz, Şəmkirdə 16,3 faiz, Qubada 15,2 faiz, Qəbələdə 13,7 faiz, Bərdədə 12,8 faiz, Cəlilabadda 12,8 faiz, Bakıda 11,9 faiz, Ağcabədidə 11,6 faiz, Qusarda 11,6 faiz, Şamaxıda 10,8 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.