Azərbaycanın iki güləşçisi mübarizəyə start verəcək - Tokio-2020

Avqustun 2-də Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın iki güləşçisi mübarizəyə start verəcək. SİA-nın məlumatına görə, yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq), qadın güləşində isə Elis Manolova (68 kq) xalça üzərinə çıxacaq.

Bu gün keçirilən püşkatma mərasimində onların ilk rəqibləri müəyyənləşib. Hüseynov 1/8 finalda dünya ikincisi və Avropa üçüncüsü isveçli Aleks Kessidislə qarşılaşacaq. Görüş A xalçasında keçiriləcək. Avropa çempionu rəqibinə qalib gəlsə, 1/4 finalda Lamjed Maafi (Tunis) - Akjol Mahmudov (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Manolova isə ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə münasibətləri aydınlaşdıracaq. Qarşılaşma B xalçasında baş tutacaq. O, 1/4 finala yüksəlsə, Meerim Jumanazarova (Qırğızıstan) - Mimi Xristova (Bolqarıstan) duelinin güclüsü ilə görüşəcək

Qeyd edək ki, bu çəkilərdə ilk görüşlər Bakı vaxtı ilə saat 6:30-da başlayacaq.