Xəbərlər

  • 1 586

Gəncə terrorunun qurbanları yad edilib

image

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni ballistik raket atəşinə tutmasından bir il ötür. SİA-nın yerli bürosunun məlumatına görə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə terror hadisəsinin ildönümü ilə bağlı Gəncə şəhərində yürüş təşkil edilib.

Oktyabrın 16-dan 17-ə keçən gecə keçirilən yürüşün məqsədi Vətən müharibəsi və atəşkəs dönəmində erməni vandalizminin qurbanlarını yad etmək, döyüş bölgəsindən uzaqda olan mülki əhalini hədəf seçən erməni terrorunu dünya ictimaiyyətinə çatdırmaq, bütün beynəlxalq qanunlara zidd olan terror hadisələrini gənclər tərəfindən heç bir zaman unudulmayacağını nümayiş etdirməkdir.

Ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələr də olmaqla ümumilikdə 1000 nəfər gəncin iştirak etdiyi yürüş Gəncə şəhərinin mərkəzindən başlayaraq, terror hadisəsinin törədildiyi əraziyə qədər davam edib.

Yürüş iştirakçıları terror qurbanları və Vətən müharibəsi şəhidlərini dərin ehtiramla yad edərək, onların əziz xatirəsinə şamlar yandırıblar.

Yürüşün yekununda gənclər təşkilatlarının nümayəndələri tərəfindən bəyanat səsləndirilib.

Bəyanatda bildirilib ki, Azərbaycan gəncləri Ermənistan tərəfinin Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Tovuz, Şəmkir, Daşkəsən, Goranboy, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Qəbələ, Kürdəmir, Xızı şəhərləri və ətraf yaşayış məntəqələrində yaşayan mülki əhalini qəsdən hədəf alan hücumlarını şiddətlə qınayır, beynəlxalq ictimaiyyəti zərər çəkmiş vətəndaşlarla həmrəy olmağa, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğuna görə Ermənistan Respublikası və Ermənistanın yüksək vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirləri görməyə çağırır.

Bəyanatda, həmçinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun terror qurbanı olmuş mülki vətəndaşlarımızın qanını yerdə qoymadığı, şəhidlərimizin şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edildiyi qeyd edilib.

Qeyd edək ki 17.10.2020-ci il tarixində gecə saat 1 radələrində Ermənistan ərazisindən atılan raketlər nəticəsində Gəncə şəhəri Aida İmanquliyeva (keçmiş Muxtar Hacıyev küçəsi) və Samir Xasıyev küçələrinə düşən raket zərbələri nəticəsində 15 nəfər həlak olub, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, həmin küçələrdə yerləşən 15 fərdi yaşayış evi dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib. Həmçinin, ərazidəki nəqliyyat vasitələri yararsız hala düşüb.

Digər xəbərlər