Xəbərlər

  • 409

Yeni yaradılan Ekspertiza idarəetmə sisteminin təqdimatı olub

image

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin yeni yaradılan Ekspertiza idarəetmə sisteminin təqdimatı keçirilib. SİA xəbər verir ki, layihə barədə Agentliyin sədri Mirsalam Qəmbərov məlumat verib.

Onun sözlərinə görə, yeni xidmətin yaradılmasında məqsəd müraciətlərin elektronlaşdırılmasıdır.

"Eyni zamanda, vətəndaş-məmur təması aradan qaldırılaraq tam şəffaflığı təmin etmək, ekspertiza ilə bağlı rəy və icazə prosesinin sadələşdirilməsi, asan idarə olunması əsas üstünlüklərdən biridir", - deyə o bildirib.

Sədr qeyd edib ki, araşdırmaların aparılması daha da sürətləndiriləcək.

"Sistem vasitəsilə müraciətlərə reqlament üzrə gec baxılmasının səbəbləri də görünəcək. Vətəndaş bunu şəxsi kabinetdə izləyə biləcək. 25 adda xidmət sistemdə öz əksini tapıb. Hesabatlılıq baxımından da şəffaflıq olacaq. Gələn müraciət və rəylər həmin hesabatlarda reyestr vasitəsilə sistemdə əks olunacaq", - deyə o qeyd edib.

M.Qəmbərov vaxtilə mənfi rəy alan sahibkarlar barədə məlumatlı olmaq üçün də xidmətin müsbət tərəfinin olacağına diqqət çəkib.

"Hesab fakturalarının yazılması da elektron şəkildə olacaq. Yaxud da hansısa xidmət üzrə rüsumların məbləği də sistemdə qeyd olunacaq. Müraciətçilərə bütün mərhələlər barədə bildirişlər göndəriləcək", - sədr deyə bildirib.

Digər xəbərlər