Ağdam rayon icra hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ağdam Olimpiya İdman Kompleksinin idman zalında keçirilən voleybol üzrə rayon birinciliyinin təntənəli açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ağdam rayon icra hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digər qonaqlar əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət bədən tərbiyəsi və idman siyasəti haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.
Yarış iştirakçılarına uğurlar arzulayan qonaqlar rayonda idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği və əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə bu cür idman tədbirlərinin xüsusi əhəmiyyətini qeyd ediblər. Olimpiya sistemi üzrə keçirilən turnirin ilk görüşü püşkatmadan sonra start götürərək, Üçoğlan kənd və Birinci Baharlı köçkün qəsəbələri arasında keçirilib.
Zümrüd BAYRAMOVA