Xəbərlər

  • 1 463

Azərbaycan Avropanın ən etibarlı enerji təminatçısıdır

image

Avropa və Asiyanın qovşağında çox əlverişli coğrafi mövqeydə yerləşən Azərbaycan həm də zəngin neft və qaz ehtiyatlarına malikdir. Bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmış Azərbaycan Respublikası özünün enerji ehtiyatlarından çox səmərəli şəkildə istifadə edir. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin iştirakçısıdır. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Odur ki, ölkəmizin enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində, sülhün bərqərar olunmasında xüsusi əhəmiyyətə malikdir. Gündən - günə investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması beynəlxalq miqyasda mövcud qarşılıqlı əməkdaşlığın səmərəli nəticələridir.

Regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti həmişə öz sözünü deyib. Belə ki, Azərbaycan enerji ehtiyatlarının ixracında dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı bir strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin Cənubi Qafqazın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə də öz önəmli töhfələrini verir.

Heç kəsə sirr deyil ki, Azərbaycanda bütün uğurlu enerji layihələrinin təməlində birbaşa ümummilli lider Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində 20 sentyabr 1994-cü ildə baş tutan “Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas özəyini təşkil edir. Müqavilə imzalandığı dövrdə–1994-cü ildə Azərbaycan praktiki olaraq siyasi və iqtisadi blokada vəziyyətində idi. Bu çətin vəziyyətdə Ümummilli Lider Heydər Əliyev yeddi ölkədən on bir xarici neft şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir dövlətə sərmayə qoysunlar. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq, səmərəli, neft-qaz ehtiyatları ilə zəngin olan bir ölkə olduğunu nümayiş etdirdi. Bu müddətdə Azərbaycanın yeni neft strategiyası və onun doktrinası uğurla başladı. Azərbaycan Heydər Əliyevin uzaqgörənliyi, cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi.

Uzun illərdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Odur ki, respublikamız beynəlxalq aləmdə səmərəli əməkdaş, etibarlı tərəfdaş adını qazanmışdır. Hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmi ilə öz potensialına əsaslanaraq, müxtəlif təşəbbüslərlə çıxış edir. Gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı heç kəsdə şübhə doğurmur. Proqnozlar göstərir ki, yaxın vaxtlarda Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişəcəkdir. Respublikamızın zəngin qaz ehtiyatları bu marşrutla Avropanın digər ölkələrinə də nəql olunacaqdır.

Bu il may ayının 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan – Litva biznes forumu keçirilmişdir. Bu forumda hər iki ölkənin dövlət başçıları çıxış etmişlər. Möhtərəm prezidentimiz cənab İlham Əliyev çıxışında hər iki ölkə arasında güclü siyasi münasibətlər olduğunu bildirərək, qeyd etmişdir ki, Azərbaycanda investorlar üçün əlverişli biznes mühiti mövcuddur. İnvestisiya proqramlarının ilkin vaxtlarında əsasən neft – qaz sektoruna investisiya qoyulurdusa, indi digər sahələrlə yanaşı, bərpaolunan enerji sahəsində də birbaşa xarici investisiyalar yatırılır. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektirik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir. İqtisadiyyatımızda enerji sektoru aparıcı rola malikdir. Xüsusi ilə indi Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi yekunlaşmışdır. Ölkə iqtisadiyyatının ənənəvi səhəsi olan neft və qaz sektorunun inkişaf etdirilməsi yeni məqsədlər və bir çox ölkələrin enerji təhlükəsizliyi üçün vacib rol oynayır. Ölkəmizin ixrac potensialı artır. İndi Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinin təmin olunmasında fəal rol oynayır. Bu gün beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə malik Azərbaycan dünyaya həm də, neft, qaz, elektirik enerjisi, neft – kimya məhsulları ixrac edir. Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşıdır. Avropa İttifaqı, eyni zamanda Litva republikası ilə əməkdaşlıq ölkəmiz üçün mühüm strateji əhəmiyyət kəsb edir. Asia ilə Avropanın qovşağında yerləşən Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin etməklə yanaşı, Avropa İttifaqı ilə qlobal ticarətdə də mühüm rol oynayır. Bu da dünyada sülhsevər, tolerant bir ölkə kimi tanınan müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun günbəgün artmasına, onun qüdrətlənməsinə və tərəfdaşlarının çoxalmasına xidmət edir.

Kamandar İbrahimov

Qazax Müalicə Dioqnostika Mərkəzi ərazi partiya təşkilatının sədri

Digər xəbərlər