Xəbərlər

  • 9 263

Heydər Əliyev müasir Azərbaycan ordusunun memarıdır! - ŞƏRH

image

Zaman-zaman bəşəriyyətə elə şəxsiyyətlər bəxş edilib ki, onlar öz xalqlarının, öz millətlərinin taleyində həlledici rol oynayıblar, lakin elə nadir şəxsiyyətlər də olub ki, onlar zamanından və məkanından uca olublar, zamanı da, mövcud şəraiti də millətinin, xalqının mənafeyinə uyğun məcraya yönəldiblər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, onun taleyinə ulu öndər Heydər Əliyev kimi bir şəxsiyyət bəxş edilib. 104 illik uzun bir yol keçmiş Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi məhs əbədiyaşar ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.

Hələ Sovetlər dövründə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar onun qətiyyətli iradəsi nəticəsində hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdı. Heydər Əliyevin həmin dövrdə diqqət yetirdiyi məsələlərdən biri Azərbaycan gənclərinin hərbi hazırlıq keçərək xüsusi ixtisaslı hərbi hissələrə göndərilməsi, onlarda hərbi ixtisaslara marağın gücləndirilməsi, SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsinə nail olunması idi. O, daim çalışırdı ki, yüksək vəzifəli sovet zabitləri arasında azərbaycanlılar da yer alsın. O dövrdə milli zabit kadrların hazırlanması fəaliyyəti Azərbaycanın hərb tarixində son dərəcə əhəmiyyətli bir səhifədir. Sovet dövründə aparılan hərbi-təşkilati işlər arasında Azərbaycanda bir çox maneələrə baxmayaraq general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbinin açılması xüsusi əhəmiyyət kəsb edir. O vaxt Sovetlər İttifaqı çərçivəsində belə bir məktəbin açılması təşəbbüsunü irəli sürərkən Heyder Əliyev yalnız Azərbaycanın gələcəyini düşünürdü. Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı ilə qısa zaman ərzində ən müasir hərbi təhsil müəssisəsinə çevrilmiş C.Naxçıvanski adına Hərbi Lisey Azərbaycanda hərbiçi peşəsinin nüfuzunun artmasında mühüm rol oynamışdır.

1990-cı illərin əvvəllərində təxminən 70 illik fasilənin ardından yenicə müstəqillik əldə etmiş Azərbaycan xalqı səriştəsiz hakimiyyətin ölkənin milli mənafeyinə laqeyd münasibəti nəticəsində intizarında olduğu ordu quruculuğunu həyata keçirə bilmədi. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdığı dövrdə Azərbaycan ordusunda ağır böhran mövcud idi, dövlət və ordu bir-birindən ayrı düşmüşdü, ordu daxilində xaos, özbaşınalıq, qanunsuzluqlar baş alıb gedirdi, ordunun döyüş qabiliyyəti zəruri tələblərə cavab vermirdi. Lakin Azərbaycan xalqının dahi şəxsiyyəti Heydər Əliyev məhz belə bir şəraitdə Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real qüvvələri formalaşdıraraq respublikanı bu dərin böhrandan çıxarmağa müvəffəq oldu, ordu quruculuğu istiqamətində dönüş yaratdı.

Azərbaycan ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində hərb elminin prinsipləri əsasında güclü və təşkilatlanmış bir ordu yaratdı, dövlətin strateji siyasətini müəyyənləşdirdi, milli zabit kadrlarının hazırlanması üçün mükəmməl bir hərbi təhsil sistemi formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsini daimi diqqət altında saxlanmasına nail oldu. Ulu Öndər həmişə çıxışlarında fərəhlə deyirdi: "…İndi bizim hərtərəfli təlim görmüş, müasir dünya ölkələrinin təcrübəsi əsasında formalaşma yolu keçmiş yüksək döyüş hazırlığına malik güclü ordumuz var". Ordu quruculuğunun səmərəliliyinin başlıca şərtlərindən birini ulu öndər Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. O, ölkə həyatının mürəkkəb anlarında da xalqı ayağa qaldırmağı və milli mənafelər ətrafında onu səfərbər etməyi bacarırdı.

Azərbaycan Respublikasının Prezidenti seçilməsindən bir ay sonra 1993-cü il noyabrın 2-də ümummilli lider Heydər Əliyevin ölkədə yaranmış vəziyyətlə bağlı radio və televiziya vasitəsilə ilə xalqa tarixi müraciət edərək xalqın bütün potensialını ordu quruculuğuna istiqamətləndirmişdi.Ulu öndər Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi cəbhə bölgələrinə səfərlər edib, zabit və əsgərlərlə görüşürdü. Onun cəbhə xəttindəki qətiyyətli çıxışları, dəyərli və qiymətli sözləri hərbçilərin qələbə əzmini daha da artırır, döyüş ruhunu yüksəldirdi. Ulu öndər Heydər Əliyev peşəkarlıqla bərabər, mənəviyyat saflığını, əqidə bütövlüyünü, vəzifə borcuna sadiqliyi zabit kadrlarının başlıca keyfiyyətləri hesab edir və buna nail olunmasını da ordu quruculuğunun ümdə vəzifələrindən biri sayırdı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs haqqında razılaşma imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi.

Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin sübutudur. Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda böyük işlər görülmüş, genişmiqyaslı islahatlar həyata keçirilirmişdir. İstər Azərbaycanda, istərsə də Türkiyə, İran, Rusiya, Qazaxıstanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak etməklə lazımi təcrübə qazanmış hərbiçilərimiz 2020-cı ildə gedən Vətən müharibəsində öz qüdrətini dünyaya göstərərək xalqımızın 30 illik həsrətinə 44 gündə döyüş meydanında son qoydu. Bu müharibədə bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Qüdrətli ordumuz Azərbaycan torpaqlarını qarış-qarış, kənd-kənd işğaldan azad etdi. Uzun illərdən sonra Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən Müharibəsində xalq ordu birliyinin təntənəsi yaşandı. Tarixi zəfərimizlə bitən 44 günlük qəhrəmanlıq savaşımız ömür boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Qəhrəman Azərbaycan xalqı müstəqilliyinin atributu olan öz qüdrətli qalib ordusu ilə fəxr edir. Bu gün inamla demək olar ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın 50 ən güclü orduları sırasında özünə yer alıb.

Günay Məmmədli
YAP Yasamal rayon “Azərsu” ASC üzrə
ərazi partiya təşkilatının sədri

Digər xəbərlər