Xəbərlər

  • 940

“Şuşa Kuboku”nun qalibi bəlli olub

image

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli atüstü oyunu üzrə “Şuşa Kuboku”nun final görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, həlledici qarşılaşmada “Buta Golden” və “Polad” komandaları üz-üzə gəlib.

Oyundan öncə "Odlar Yurdu" şousu tamaşaçılara nümayiş etdirilib. Daha sonra görüş start götürüb.

"Polad" komandası ilk hissəni 1:0 öndə bitirib. İkinci hissəyə də "Polad" yaxşı başlayaraq, fərqi ikiyə çatdırıb. Matçın sonlarında "Buta" təsəlli qolu vurub. Beləliklə, "Polad" 2:1 hesablı qələbə sayəsində "Şuşa Kuboku"nun qalibi olub.

Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya qızıl medal və kubok, 2-ci və 3-cü yeri tutan komandalara isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim olunub. Mükafatları ARAF prezidenti Elçin Quliyev təqdim edib. E.Quliyev bildirib ki, qalib komandaya 10 000 manat, finalçıya 7 000 manat və bürünc medalçıya 4 000 manat pul mükafatı da veriləcək.

Qeyd edək ki, qrup oyunları nəticəsində 3 güc səbətindən eyni reytinqə malik komandalar arasında A qrupunda yer alan “Sərhədçi Dilbaz” və “Polad” komandaları, B qrupundan isə “Buta Golden” və “Köhlən” komandaları yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda “Buta Golden” “Sərhədçi Dilbaz”a 5:3, “Polad” isə “Köhlən”ə 4:0 hesabı ilə qalib gəlib.

3-cü yer uğrunda görüşdə isə "Sərhədçi Dilbaz" "Köhlən"ə 5:0 hesabı ilə qalib gəlib.

Digər xəbərlər