PDF Oxu

Xəbərlər

  • 3 002

Azərbaycan-İtaliya strateji tərəfdaşlığı uğurla həyata keçirilir - ŞƏRH

Azərbaycan-İtaliya strateji tərəfdaşlığı uğurla həyata keçirilir - ŞƏRH

Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.

Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.

Azərbaycan Prezidentinin sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda iştirakı isə ayrıca bir hadisə hesab edilə bilər. Hər şeydən əvvəl ona görə ki, bu beyin mərkəzinin ənənəvi olaraq təşkil etdiyi forumlar daima dünya ictimaiyyətinin diqqət mərkəzində olub, eyni zamanda, Avropanın geosiyasi və geoiqtisadi maraqları daxilindəki prioritet məsələlərin müzakirə edildiyi mötəbər bir platforma hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın, eyni zamanda, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin də qatıldığı budəfəki tədbir hazırda Avropada o qədər də sadə olmayan tarixi bir mərhələdə baş tutdu. Çünki Avropa özünün şərqində yaşanan müharibə kontekstində həm siyasi birlik, həm iqtisadi-maliyyə münasibətləri, həm də enerji təchizatı və təhlükəsizliyi baxımından olduqca kritik bir mərhələdən keçməkdədir.

Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən İtaliya arasında müstəqillik illərində bir çox sahələrdə, həmçinin neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu uğurla həyata keçirilib. Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərək, bu barədə ətraflı danışıb.

Ölkə rəhbəri Azərbaycanın enerji təhlükəsizliyi strategiyasından bəhs edərkən, bu sahədəki fəaliyyəti mərhələlər üzrə səciyyələndirib. Dövlətimizin başçısı 1994-cü ildə müstəqilliyimizin bərpasından üç il ötəndən sonra dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduğumuzu xatırladıb. “Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq”, - deyə ölkə rəhbəri bildirib.

Prezident İlham Əliyev Forumun panel iclasındakı çıxışında bir daha diqqəti hazırkı dövrdə qlobal problemlərin həllinə Azərbaycanın yanaşmasına yönəltdi. Forumun moderatorunun dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Bu gün dövlətlərarası münasibətlərdə, beynəlxalq təşkilatların fəaliyyətində beynəlxalq hüquq normalarının pozulduğunu bir daha vurğulayan dövlət başçısı torpaqlarımız işğal altında olarkən dünya ictimaiyyətinə fəal şəkildə müraciətimizdən bəhs etdi. Azərbaycan Prezidenti bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi.

Hazırda bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasının şahidiyik. Bəzi ölkələr düşünür ki, onlar buna məhəl qoymaya bilərlər və buna əhəmiyyət vermirlər. Bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir.

Tural Hüseynzadə,
YAP Sabirabad rayon təşkilatının əməkdaşı

Digər xəbərlər