2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
II Qarabağ Müharibəsi bizim qürur, şərəf-şan tariximizdir. Döyüş meydanında əldə etdiyimiz tarixi Zəfər nəsildən-nəsilə danışılacaq, dastanlaşacaq, əbədiyyət qazanacaq. Silahlı Qüvvələrimiz 44 gün içində, güclü mövqelərə, çoxsaylı müasir texnikaya malik, illərlə təlim görmüş düşmən ordusunu darmadağın edərək, 30 illik ağır işğalın intiqamını aldı.
Azərbaycan xalqı, dövlətimiz, mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar.
Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir;
Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı əbədi, əzəli torpaqlarına həmişəlik olaraq geri qayıtdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevində dediyi kimi Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın. Artıq onun qarşısında bir qarış torpağını belə düşmən tapdağında qoymayan güclü ordu, dəmir yumruq kimi xalq var!
Müharibədə də, sülhdə də qızıl ləyaqət göstərən qəh¬rəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Hərbçi¬lərimizin qəhrəmanlığı, fədakarlığı dillər əzbəridir. Biz şəhidlərimizin ruhunu bundan sonra da əziz tutacaq, adlarını əbədiləşdirəcək, onların adını daşıyacaq meydanlarda, prospekt və küçələrdə qürurla, minnətdarlıqla xeyirxah işlərə yürüyəcəyik. Qəhrəman şəhidlərimizin adını daşıyan məktəblərdə, müəssisələrdə daha məsuliyyətlə çalışacaq, daha yaxşı nəticələr uğrunda xoşməramlı mübarizə aparacağıq. Bütün bu və bənzəri addımlar, hərəkətlər hər ilin 27 sentyabr günü bir başqa cür çiçəkləyəyib, bir başqa cür təcalla edəcək: hesabat verəcək, duyğulanacaq, yeni zəfərlərə qanadlanacağıq.
İradə İmanbəyli
Masallı rayonu Dəmirçi kəndi