Xəbərlər

  • 3 458

Cəbrayılın azad olunması qələbəyə inam yaratdı

image

Bu gün Cəbrayılın azad olunmasının 2-ci ili tamam olur. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın növbəti təhriki ilə başlayan Vətən Müharibəsində ordumuzun apardığı bütün döyüşlər əsl qəhrəmanlıq salnaməsi olmuşdur. Lakin Cəbrayıl uğrunda gedən döyüşlər və rayon mərkəzinin işğaldan azad olunmasının xüsusi əhəmiyyəti vardır. Müharibənin başlanmasının 8-ci günündə Cəbrayılın düşməndən geri qaytarılmasını xalqımız böyük sevinclə qarşıladı. 30 il ərzində bu ərazidə düşmənlərin qurduğu müdafiə sədləri, döyüş zonasında piyada və tank əleyhinə çoxsaylı minaların basdırılmasına görə alınması müşkül hesab edilən Cəbrayılın azad edilməsi ordumuzun qələbəyə inamını artırdı, xalqın milli ruhunu yüksəltdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin televiziya vasitəsi ilə Cəbrayılın azad edilməsi barədə verdiyi xəbər xalqımız tərəfindən böyük sevinc və şadyanalıqla qarşılandı. Artıq Azərbaycan xalqı əmin oldu ki, möhkəmlənmiş müdafiə xəttini ordumuz yarıb Cəbrayılı azad edibsə, digər yaşayış məntəqələrimizin də düşmən tapdağından azad edilməsi çətinlik törətməyəcəkdir. Cəbrayıl uğrunda gedən döyüşlərdə Azərbaycanın qəhrəman döyüşçüləri əsl sücayət nümayiş etdirdilər. Keçirilən hərbi əməliyyatın əsas əhəmiyyəti ondan ibarət idi ki, bu ərazi azad olunandan sonra işğal altında olan digər rayonlara uğurlu əks-hücum etmək asanlaşırdı.

Cəbrayıl coğrafi mövqeyinə və relyefinə görə mühüm strateji əhəmiyyət kəsb edir. 1993-cü ilin avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən Cəbrayılın işğal edilməsi nəticəsində bu rayona 14 milyard dollara yaxın ziyan dəyib. Erməni vandalizmi sayəsində rayon ərazisindəki bütün inzibati binalar, yaşayış evləri, maddi-mədəni və tarixi abidələr, eləcə də bütün infrastruktur dağıdılmış, rayon əhalisi 27 il qaçqın və köçkünlük həyatı yaşamağa məcbur olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev Cəbrayıl rayonuna 16 noyabr 2020-ci il və 14 fevral 2021-ci il tarixlərində etdiyi səfərlərdə çıxışları zamanı Cəbrayılın xüsusi əhəmiyyət daşıyan bir bölgə kimi düşmən əsarətindən azad olmasını xüsusilə qeyd etmiş, bu döyüşlərdə milli ordumuzun bir an geri çəkilməyərək daim irəli gedib qəhrəmanlıq və sücayət göstərdiyini fəxrlə bəyan etmişdir. Ölkə Başçısı 3 rəngli Azərbaycan bayrağının qədim və tarixi abidə olan Xüdafərin körpüsündə dalğalanmasını Azərbaycan xalqının qürur və fəxarət rəmzi olduğunu vurğulamışdır.

Bu gün işğaldan azad edilmiş Cəbrayıl ərazilərində həyat bərqərar edilir. Torpaqlar minalardan təmizlənir, əhalinin doğma vətənlərinə qayıdışı üçün lazım olan infrastruktur layihələr həyata keçirilir. Bu ərazidə görülən bərpa və quruculuq işləri onu göstərir ki, Cəbrayıl rayonunun ərazilərinə daimi sakinlərin köçürülməsi çox da uzun çəkməyəcəkdir.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər