Müsavatda gərginlik səngimir
Son zamanlar müxalifət düşərgəsində olduqca kritik məsələlər və ilginc olaylar baş verməkdədir. Əksər partiyalar mövcud duruma görə, bir-birlərini ittiham etsələr də, məsələnin əsil tərəfləri, hələlik, bəlli deyil. Çünki düşərgədə baş verənlərə görə, heç kəs məsuliyyəti öz üzərinə götürmək istəmir. Bir çox müxalifət yetkililəri isə problemin köhnə müxalifətçilərdə olduğunu iddia edirlər. Amma problemin əsil tərəfləri daha ilginc məqamlarla bağlıdır. Artıq düşərgədə zaman axarı öz sözünü deyərək, kimin kim olduğunu ortaya çıxarmış olub. Odur ki, müxalifət yetkililərinin böyük əksəriyyəti mövcud reallıqla barışaraq susmağa üstünlük veriblər.
Ölkəmiz isə daha vacib bir proses ərəfəsindədir. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə çox ciddi hazırlıq gedir və ictimaiyyətlə keçirilən görüşlər bu seçkinin də tam demokratik və vətəndaş iradəsinə uyğun sona yetməsini bir daha şərtləşdirmiş olur. Bu baxımdan da cəmiyyətin bütöv təbəqəsinin ölkədə istər seçki prosesində, istərsə də, digər məsələlərdə aktivlik nümayiş etdirməsi ölü müxalifətin planlarını bir daha alt-üst etmiş olur. Ona görə də, artıq düşərgə daxilində öz mövcudluğunu müəyyən maraqlı dairələrə göstərmək iddiasında olan yararsız hala düşmüş müxalifət partiyaları, nəyin bahasına olur-olsun, heç olmazsa gündəmdə qalmaq xatirinə addımlar atmış olsunlar. Elə bu məqsədlə də , bir sıra müxalifət partiyalar sonradan-sonraya bələdiyyə seçkilərinə ümumi şəkildə qatıla bilmədiklərindən hər bir partiya fərdi qaydada bu prosesdə iştiraka qərar verib. Əldə etdiyimiz məlumatlara görə, artıq müəyyən dərəcədə də fəallıq nümayiş etdirmək eşqinə düşüblər. Azərbaycan Demokrat Partiyası artıq bir sıra rayonlarda qalmış olan təşkilat sədrlərini bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürüb, onların təbliğat və təşviqatı ilə məşğuldur. Bundan fərqli olaraq Müsavat partiyası da seçkidə iştirakdan başqa yolu qalmadığından, bu prosesə qatılmağa qərar verib. Ötən gün partiya qərargahında başqan İsa Qəmbərovun rəhbərliyi altında keçirilmiş toplantı da bu məsələdən xəbər verirdi. Doğrudur, Müsavat partiyasının Divanın toplantısı həmişə qarışıq proseslərin ortaya atılması və gərgin ab-havayla keçib. Bu dəfə də bu "ənənə" qorunub saxlandı. İ.Qəmbərovun qurumu idarə edə bilməməsi artıq bütün məqamlarda bu özünü göstərdiyindən partiyanın sonuncu Divan toplantısında da bunu açıq şəkildə sezmək mümkün idi. Sadəcə olaraq, müqəvva kimi başqanlıq kreslosunda oturmaqla, əslində, heç bir məsələyə müdaxilə etmək imkanı və ixtiyarı olmayan İ.Qəmbərov bu dəfədə ağzına su alıb oturmuşdu. Onun ətrafındakılar isə öz maraqları və İ.Qəmbərovun mövcud imkanlarını əlindən almaq naminə var-gəl edirdilər. Qarşıdakı bələdiyyə seçkilərində Müsavat partiyasının nə məqsədlə və hansı məramla iştirakına toxunan müzakirə iştirakçılarının suallarını cavablandırmaqda acizlik çəkən İ.Qəmbərov başını aşağı salıb qəlyan çəkə-çəkə baş verənlərə seyriçi kimi yanaşır. Çünki artıq başqan da bilir ki, cəmiyyətin onlara qarşı mövqeyi birmənalıdır. Bu hərəkətlər isə sadəcə olaraq nəyinsə xatirinə edilir. Ona görə də, İ.Qəmbərov bir müddət öncə, başqanlıqdan gedəcəyi təqdirdə, Qubad İbadoğlunu varis kimi görürdüsə, indi artıq bu fikrindən daşınıb. Artıq hər şeyin bitdiyini görən Qəmbərov yaxınlarda qurumun öz fəaliyyətinə də xitam vercəyini çox gözəl bildiyindən, indi kimliyindən asılı olmayaraq, başqanlığa gəlməsinə etiraz etmir. Onsuz da bu işin az bir ömrü olduğunu artıq yəqinləşdirib. Bütün bunlar isə onu göstərir ki, yaxın gələcəkdə müxalifət düşərgəsində "böyük köçün" başlanması üçün zəruri situasiya artıq yetişib.