PDF Oxu

Müxalifət

  • 6

Müxalifət xilas yolu axtarır

Müxalifət xilas yolu axtarır
Bələdiyyə seçkiləri yaxınlaşdıqca müxalifət daxilində müəyyən tərpənişlər hiss edilməkdədir. Həmişə olduğu kimi, qarşıdakı seçkilər ərəfəsi düşərgədə müxtəlif formatlı birlik və əməkdaşlıq modelləri yaradılır, seçki bloklarının qurulması istiqamətində separat danışıqları intensivləşdirmək istəyirlər. Çünki düşərgədə hazırda elə bir vəziyyət yaranıb ki, siyasi səhnədə qalmaq istəyən partiyalar zorən birlik yaratmağa məhkumdurlar. Səbəb isə, hər hansı müxalif partiyanın təkbaşına mübarizə aparması üçün kifayət qədər elektoratın, maliyyə və təşkilati imkanların olmamasıdır. Nəinki bir partiya, hətta bir blokda birləşmiş bir neçə partiya belə ciddi güc mərkəzinə çevrilə bilmir. Aydın olanı isə odur ki, prezident və parlament seçkilərini uduzan müxalifət, özünə təsəlli vermək üçün, heç olmasa, bələdiyyə seçkilərində müəyyən yer qazanmaq istəyir.
Bəlli olduğu kimi, bu gün müxalifətin hazırkı durumu bələdiyyə seçkilərindən biabırçı uğursuzluqla çıxmasını artıq qabaqcadan təsdiqləyir. Çünki parçalanmışların vahid komandaya, vahid seçki platformasına düşməsi mümkünsüzdür. Elə bu səbədəndir ki, qütblər arasında mətbuat savaşı bu gün də davam edir. Belə ki, "Azadlıq" təmsilçiləri Müsavatı söyür, Müsavat isə blokun sosial bazası olmayan partiyaları ələ salır. "Cırtdan" partiyalar isə adekvat reaksiya olaraq böyük rəqiblərini təhqirlərə qonaq edir.
Ən çox da bu seçki ərəfəsi Müsavat partiyasının əl-ayağa düşməsidir. Səbəb isə, canfəşanlıq edən Müsavat başqanı İsa Qəmbərovun bələdiyyə seçkilərində növbəti biabırçı uğursuzluqla üzləşməməsi və 2010-cu ildə parlament seçkilərinə "üzüağ" getmək istəməsidir. Bu səbəbdən də, Müsavat öz əvvəlki şöhrətini qaytarmaq üçün ortaya yeni bir ideya - Azərbaycan Xalq Cəbhəsinin bərpa edilməsi təklifini atıb. Siyasi müşahidəçilərin fikrincə, bu təşəbbüs cəmiyyətdə müxalifətin (əslində isə, Müsavatın) imicini bərpa etməyə yönəlib. Yəni, bu addımı atmaqada məqsəd həm müxalifəti parçalanma yaradan qüvvə imicindən qurtarmaq, ən əsası isə, Müsavatın tamam dağılmasının qarşısını almaqdır. Partiyada canfəşanlıq edənlərin bir niyyəti də Müsavatı uğursuzluq zolağından qoparmaq və müxalifətdə ikinci qüvvə mərkəzinin yaranmasını əngəlləməkdir. Amma partiya başbilənləri buna nail ola bilmədilər.
ADP sədri Sərdar Cəlaloğlu məsələyə aydınlıq gətirərək bildirdi ki, bu ideyanı ortaya atanlar, daha doğrusu, Müsavat başqanı İ.Qəmbərov yenidən gündəmə gəlmək fikrindədir və əsas məqsəd də müxalifətin birləşməsi yox, özlərinin xal qazanmasıdır. Uzun illər Müsavatın da, AXCP (i)-nin də kənara atdığı "KXCP" öz ətrafında yaratdığı "DUİ"-ni böyütdü. Artıq bu partiyanın ətrafında 20-yə yaxın "cırtdan" partiya birləşib. Lakin bu, sayca böyümədir, keyfiyyəcə və güc artımı baxımından böyümə deyil. Bu səbəbdən də, "DUİ"-nin bələdiyyə seçkilərində uğur qazanacağını söyləmək olmaz. S.Cəlaloğlunun fikrincə, "DUİ"-də toplaşan partiyaların əksəriyyəti digər bloklara yaxın buraxılmayan zəif partiyalardır. Lakin "DUİ"-də bu partiyalar gölgədə qaldığından, təkid olunarsa, yeni bloka daxil olacaqlarını ehtimal etmək olar. Müsavat başqanı da, məhz bu amili əsas götürüb öz ətrafına yeni partiyalar yığmağa çalışır.
Siyasi analitiklərin fikrincə, AXC-nin bərpası ideyası bəzi partiyalar tərəfindən dəstəklənsə də, bu məsələdə daha çox Müsavat strateqləri canfəşanlıq edirlər. Bir müddətdir ki, mətbuata "AXCP (i) və Müsavat liderləri görüşdü", "Partiya sədrləri məxfi danışıqlar apardı" tipli məlumatlar ötürülür. Bütün bunlarda məqsəd cəmiyyətə və Azərbaycanla maraqlanan beynəlxalq qurumlara bir mesajı ötürməkdir: "Əsil müxalifət bizik". Cəmiyyətə, narazı elektorata isə "müxalifətin birliyi bu iki liderin razılaşmasından asılıdır" ismarıcı verilir. Amma bu, olduqca bəsit yanaşma və taktikadır. Cəmiyyət bu cür bayağı taktiki addımlardan bezib. Artıq iki partiya sədrinin harada və hansısa məqsədlə görüşməsi qətiyyən heç kimi maraqlandırmır.
Düşərgədə yaranmış situasiya, onu deməyə əsas verir ki, bir tərəfdən müxalifətin "ideya generatoru" Pənah Hüseynov müxalifət qəzetlərinin gündəmini yeni bayağı ideyalarla doldurmaqla məşğuldur, digər tərəfdən isə, son zamanlar onun da heç bir təklifi qəbul olunmur. Bu səbəbdən də, müxalif düşərgədə birlik və əməkdaşlıq sevdaları daşa dəyir. Xüsusilə də, son vaxtlar YAP-ın nüfuzunun daha da artması düşərgəni çaxnaşaya salıb. İndi müxalifət əvvəlki kimi danışmağa söz tapmır, xalqın həll olunmamış problemlərinin olduğunu söyləyə bilmirlər.
Göründüyü kimi, müxalifət cəbhəsində artıq ağ bayraq qaldırılmaq üzrədir. Beləliklə də, müxalifət düşdüyü biabırçı vəziyyətdən çıxmaq üçün yeni simasını üzə çıxarmalı, dəfələrlə iflasa uğramış taktikalardan imtina etməlidir. Belə olmazsa, düşərgədə qarşıdurmalar daha böyük müstəvidə davam edəcək. Təbii ki, əgər bir-birilərini "yeyib" qurtarmasalar.

Digər xəbərlər