Vaxtilə özünü ölkənin ən aparıcı müxalif simalarından sayan "Açıq Cəmiyyət Partiyası"nın ("ACP") lideri Rəsul Quliyevin hazırkı fəaliyyəti qətiyyən nəzərə çarpmır. Əgər belə olmasaydı, partiyda onun iradəsindən kənar bu cür proseslər baş verməzdi. Belə ki, bu partiya yarandığı ilk gündən yaşadığı qalmaqallar və qarşılıqlı ittihamlarla gündəmə gəlir. "ACP" funksionerlərinin fikir ayrılıqları onların bir-birilərinə qarşı anti-kampaniya aparmalarına gətirib çıxarıb.
Problemlərin əsas "qəhrəmanı" kimi isə hazırda istefada olan partiya sədri Akif Şahbazovla R.Quliyevin müşaviri Zəminə Dünyamalıyeva arasında baş verir. Bütün söz-söhbətlər də bu iki şəxsin fonunda bütün partiyanı əhatə edir. Hər iki şəxsin tərəfdarları da onlara qoşularaq, bu qalmaqallarda iştirak edirlər.
Əvvəla, qeyd edək ki, A.Şahbazov "ACP"-yə sədr təyin olunduğu ilk gündən etibarən, o, üzvlərin əksəriyyətinin tənqid və hətta təhqir hədəfinə çevrilib. O cümlədən, Z.Dünyamalıyevanın kəskin fikirləri ilə bu narazılıqlar daha da alovlanıb. Z.Dünyamalıyeva bu yaxınlarda qəzetimizə verdiyi müsahibəsində bildirib ki, A.Şahbazov öz missiyasını yerinə yetirə bilmir və sədrlik postunun tələb etdiyi vəzifələr onun bacarıq və şəxsi keyfiyyətləri ilə uyğunlaşmır. Onun uzun müddət fermer təsərrüfatı sahəsində çalışdığını və siyasətin ona tamamilə yad bir sahə olduğunu da bildirib. Öz sədrinə qarşı etik normalardan kənar sözlər işlədən "ACP" liderinin müşaviri vəziyyətdən yeganə çıxış yolunu onun istefasında gördüyünü də açıq şəkildə vurğulayıb. Əks təqdirdə isə, "ACP"-nin fəaliyyətinə xitam verilməsini tələb edib.
Qeyd edək ki, Z.Dünyamalıyevanın müxtəlif mətbuat orqanları vasitəsilə A.Şahbazova qarşı bu cür fikirlərin səsləndirməsi son vaxtlar daxili proseslərin öz məcrasından çıxmasına əsas olub. Belə ki, A.Şahbazovun vəzifəsindən istefası uzun sürən çaxnaşmaların nəticəsidir. Bununla yanaşı, Ali Məclisin sədri vəzifəsini icra edən Vaqif Mahmudovun Yaqub Abbasov və Fərəməz Cavadovu müavinlik postundan kənarlaşdırması, eləcə də, Z.Dünyamalıyevanın da partiya sıralarından uzaqlaşdırılması məsələsinin gündəmə gəlməsi partiyanın fəaliyyətini dayandırması haqqında yayılan məlumatların öz təsdiqini tapacağını göstərir (Y.Abbasovun şəxsi araşdırmasına görə, onun müavinlikdən uzaqlaşdırılması əmrini V.Mahmudova R.Quliyev verib. Ancaq səbəbi onun özünə də qaranlıqdır). "ACP" daxilində bunu inkar etsələr də, baş verənlər bunları deməyə zəmin yaradır.
Maraqlıdır ki, baş verən bu proseslərin qarşısında partiya lideri hələ də susmaqdadır. Rəsul Quliyevin təsis etdiyi partiya daxilində baş verənlər onun heç vecinə də deyil. Və yaxud susmaq ona sərf edir. Əgər belə olmasaydı, o, mətbuat vasitəsilə proseslərə münasibət bildirərək, bir-birini öz həddini aşmaqda günahlandıran və ittiham yağışına tutan günahkar partiya funksionerlərini cəzalandıraraq, məsələyə son qoya bilərdi. Ancaq o, bunu etmədi. Görünür, R.Quliyev "ACP"-nin dağılması faktı ilə razılaşır və bunun üçün də seyrçi mövqeyindədir. Onu da qeyd edək ki, onun mövqeyindəki bu süstlük 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkiləri ərəfəsində etdiyi canfəşanlıqlarla heç bir araya sığmır. Belə ki, özünü ölkənin ən əsas "ana müxalifəti" sayan R.Quliyevin hazırkı fəaliyyəti ilə, demək olar ki, o, vəzifə sevdası ilə süni aktivlik nümayiş etdirib. Onun susması isə, hətta mətbuatda onun özünün də siyasətdən gedəcəyi fikirlərini dolaşdırır.