Rauf Arifoğlu yenə də aranı qarışdırdı
Müxalifət düşərgəsində araqarışdırmaqla məşğul olan şəxslərin əlləri bütün imkanlardan üzüldükdən sonra köhnə ədavətləri yenidən qızışdırmaqla özlərini gözə soxmağa çalışırlar. Bu mənada, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu daha çevik davranış nümayiş etdirməklə, kimlərinsə xoşuna gəlsin deyə, köhnədən qalma məsələləri öz ampluasına uyğun olaraq təzələməyə çalışır.
Bu addımına tamam başqa cür ad qoymağa çalışsa da, əsil məqsədi birmənalı olaraq bəlli olan R.Arifoğlu keçmiş məmurları bir-birinə qarşı qoymaqla özü-özlüyündə "yay" istirahəti edir. Bir müddət öncə, öz kabinəsində keçmiş baş nazir Pənah Hüseynovu və sabiq müdafiə naziri Rəhim Qazıyevi qızışdırıb ortalığa salan R.Arifoğlu özünə "yaxşı oğlan" titulunu yapışdırmaq üçün bütün iyrənc əməllərə riayət edir. Onun bu əməli də köhnələrin təzə münaqişəsi baxımından, bir qədər obrazlı görünsə də, hər şey gün kimi aydındır. Çünki müxalifət düşərgəsi elə bir süst vəziyyətinə düşüb ki, sərin kabinələrdə əyləşmiş R.Arifoğlu kimilərinin işvəsi də onlar üçün artıqdır. Məqsədli şəkildə daima özündən böyükləri bir-birinə qarşı qoymaqdan zövq alan R.Arifoğlu nədənsə hər məsələdə öz yaxasını qırağa tutmaqla guya əsil həqiqət tərəfdarı kimi görünməyə çalışır. Amma bir məntiqi də unutmaq olmaz ki, istər R.Qazıyev, P.Hüseynov, istərsə də Sabir Rüstəmxanlı bu cür işlərlə məşğul olanda R.Arifoğlu hələ aşırmalı şalvar geyinirdi. İndi onlar hər nə olsalar da, R.Arifoğlu kimisinin kabinetində ağız-ağıza verib, deyişəsi nə halları, nə də başları var. Eyni zamanda, bundan sonra da ortaya çıxan digər məsələlər üzərində də onların mübahisələri olur ki, bu da isti ya günlərində başağrısından başqa bir şey deyil. Əgər burada bir qazanc olsaydı, Əli Kərimov milyarder olardı. Axı o, dildən həmişə "pərgar" görünür. R.Arifoğlunun məsələsinə gəldikdə isə, o, keçən dəfədən, deyəsən, dilində qalan şirənin dadından hələ də, ayılmayıb. Kemiş nazirləri üz-üzə qoyub, onları istədiyi istiqamətdə var-gəl etməyə məcbur edən R.Arifoğlunun hədəfində bu dəfə Vətəndaş Həmrəyləyi Partiyasının sədri Sabir Rüstəmxanlı olub. Qeyd edək ki, S.Rüstəmxanlının bu söhbətə girişməsinə səbəb keçən həfətə keçmiş nazirlər arasında qızğın mübahisələr zamanı onun adının bir sıra mətləblərdə çəkilməsidir. Keçmiş müdafiə naziri R.Qazıyevin iddiasına əsasən, AXC-Müsavat hakimiyyəti dövründə Bakıya bir qrup erməni deputatının adından məktub gətirən erməni məhz onun tərəfindən bir sıra məsul şəxslərlə görüşdürülüb. Sabiq mətbuat və informasiya naziri S.Rüstəmxanlı isə bu işdən, ümumiyyətlə, R.Qazıyevin xəbərsiz olduğunu və bütün işlərin onun səlahiyyətində olduğunu bildirməsindən sonra tərəflər arasında dedi-qodu yaranıb. Onların iddialarına görə, Bakıya Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi barədə xəbər gətirən erməninin məktubu Milli Məclisdə oxunmalı imiş. Lakin o vaxtkı parlament sədri İsa Qəmbərov buna imkan yaratmayıb və erməni də öz vətəninə getməsə də, S.Rüstəmxanlı tərəfindən təpki gördükdən sonra, buna razılıq verib. İndi isə S.Rüstəmxanlı ilə R.Qazıyev bu məsələni özləri üçün əməlli-başlı söz-söhbət mövzusu edərək, qarşılıqlı şəkildə ittihamlar irəli sürürlər. Onların bu qarşılaşmasının sonunun nə ilə bitəcəyini söyləmək nə qədər asan olsa da, bu məsələdə R.Arifoğlunun sonunu nə gözlədiyini söyləmək çox çətin görünür.