Radikal müxalifət iğtişaşlara hazırlaşır
Müxalifət düşərgəsində təmsil olunan partiyalar daxilində baş verən qarşdurmalar onların dağılmasına gətirib çıxarır. Artıq bəzi siyasi təhlilçilər yaxın aylarda müxaliflərin sayının kifayət qədər seyrələcəyini bildirirlər. Maraqlı məqam isə ondan ibarətdir ki, müxalifətin biabırçı vəziyyətlə üzləşməsi xarici maraqlı qüvvələri ciddi narahat edir. Onlar təmsilçilərinə maddi və mənəvi dəstəklərini artırmaqla, gərginləşməkdə olan problemi aradan qaldırmağa çalışırlar. Radikaların bəzi ünsürləri xarici dəstəkdən ruhlanaraq acınacaqlı vəziyyətdən çıxmağa səy göstərirlər.
"MƏM"-də birləşən partiyalar, indi də Milli Məclisin dünənki iclasında bələdiyyələrlə bağlı qanunda edilən dəyişikliklərə etiraz etdiklərini bəhanə gətirərək, mitinqlər keçirməyə qərar veriblər. Hətta AXCP (i) sədri Əli Kərimov bildirib ki, müəyyən etdikləri planlarını reallaşdırmaq üçün asayiş keşikçiləri ilə qarşıdurmalara da getməkdən çəkinməyəcəklər.
"Səs"ə yaxın mənbənin verdiyi məlumata görə, radikallar Xalq Cümhuriyyətinin yaranmasının 91 illiyi günü, yəni sabah Ədliyyə Nazirliyinin binası qarşısında mitinq keçirməyi planlaşdırır. Bu fakt, onu deməyə əsas verir ki, onlar nə yolla olursa-olsun, xarici havadarlarının sifarişini yerinə yetirməyə səy göstərməyə qərar veriblər. Yəni, radikallar iğtişaşlar törətmək, asayiş keşikçiləri ilə qarşıdurmalar yaratmaq üçün ənənəvi muzdlulardan istifadə edəcəklər. Bununla onlar həm xarici qüvvələrin rəğbətini qazanmaq, həm də sıravi müxaliflərin diqqətini özlərinə cəlb etməyə ümid bəsləyirlər.
Maraqlı məqam ondan ibarətdir ki, həmin günə planlaşdırılan aksiyanın keçirilməsi məqsədi barədə sıravi müxaliflər məlumatsızdırlar. Bu isə, o deməkdir ki, beş-üç nəfərdən ibarət olan sıraviləri zəhərli təbliğat nəticəsində yoldan çıxarıblar. Onlar Ədliyyə Nazirliyinin qarşısına getsələr də məsələnin mahiyyətindən xəbərdar olduqdan sonra mitinq yerini tərk edəcəklər. Ola bilsin ki, pul alan muzdulular İsa Qəmbərovun, Əli Kərimovun və digər "bozbaş" bilicilərin yanında olsunlar. Bir-iki avtomaşının şüşələrinin sındırılması, polislərə daş-kəsək atılması da mümkündür. Ancaq planlaşdırılan aksiyanın radikalara dividend gətirəcəyi mümkün deyil. Əksinə, radikalar əlavə tənqidə, iradlara məruz qalacaqlar. Çünki cəmiyyət radikalları birdəfəlik rədd etmək barədə hələ on il əvvəl qərar verib. Bu qərarın nə zamansa dəyişəcəyi isə mümkünsüz görünür.