Müxalif düşərgədə yeni qarşıdurmalar yaranır
Son zamanlar müxalifət düşərgəsində diqqət cəlb edən proseslər baş verməkdədir. Bir-birinin ardınca düşərgədə baş verənlərə nəzər salsaq, müşahidə etmək olar ki, indi buradakı durum daha acınacaqlı səviyyədədir. Ola bilsin ki, məhz belə bir vəziyyəti müxalifət düşərgəsinə bəxş edənlərin heç özləri də, nə baş verməsindən xəbərsizdirlər. Amma olanlar və olacaqlar onu deməyə əsas verir ki, müxalifətin bu prosesdən tamamilə salamat çıxması, hələ də, sual doğuran məsələlərdəndir.
Bu baxımdan da, müxalifət düşərgəsində baş verənlərdən baş çıxarmağın özü də, müşkül məsələyə çevrilib. Çünki radikal düşərgə olduqca ambisiyalı insanlarla doludur. Onlar isə, nəyin bahasına olursa-olsun, öz maraqlarını doğrultmaqdan ötrü istənilən hər bir çirkin hərəkətə hazırdırlar. Ona görə də, düşərgədəki son durum və müxalifət daxilində guya ki, yeni yaranacaq dırnaqarası "güc" mərkəzləri, əslində, görünən iyrənc oyunun bir nümunəsidir. İndi kimsə, müxalifət düşərgəsində Müsavat başqanı İsa Qəmbərova, AXCP (i) sədri Əli Kərimova, ALP lideri Lalə Hacıyevaya, necə deyərlər, "stavka" etmir. Çünki müxalifət düşərgəsində artıq ağaların və bəylərin vaxtı bitib. Doğrudur, onlar öz vaxtlarının bitməməsini açıq şəkildə bildirsələr də, əsil məqam yetişəndə, özlərini necə aparmaları tamam başqa mətləbdən xəbər verir.
Bir qədər keçmişə nəzər salsaq, müxalifət düşərgəsində məskunlaşmış şəxslərin ancaq və ancaq prezident olmaq eşqi ilə yanıb alışması və bu amal uğrunda hansı tük ürpədən əməllərdən çıxmamasını yenidən müşahidə etmək olar. Hər kəsə bəllidir ki, ömrü boyu öz prinsipləri ilə yaşayan İ.Qəmbərov, Ə.Kərimov və digərləri həlledici məqamlarda hətta adından danışdıqları xalqı da əzib keçməyi bacarırlar. Bunu zaman dəfələrlə sübut edib. Ölkəmizin daxili və xarici uğurlarını gözü götürməyən təşkilatlarla əməkdaşlıq müqabilində, bu gün özlərinin mövcudluğunu hiss etdirməyə çalışan kərimovlar, qəmbərovlar, hacıyevalar, fəttayevlər və b. hansı üzlə sonradan xalqın üzünə çıxaraq pafoslu danışırlar? Bunun özü də sual doğuran məsələlərdəndir.
Müxalifətin öz daxilində olanlara nəzər saldıqda isə, buradan tamam başqa bir hava olunur. Ölkəmizdə martın 18-də keçirilmiş demokratik dəyərlərə söykənən ümumxalq səsverməsi mövcud müxalifətin mövcudsuzluğunu bir daha Azərbaycan cəmiyyətinə və beynəlxalq aləmə açıq nümayiş etdirdi. Həmin seçkiləri müşahidə etmək üçün ölkəmizə təşrif buyurmuş ATƏT-in, AŞPA-nın, MDB-nin nümayəndələri Azərbaycanda demokratiya istiqamətində atılan addımları təqdir etmiş, müxalifətin isə naməlum gedişlərini kəskin pisləmişlər. Eyni zamanda, dəfələrlə ölkəmizdə olmuş beynəlxalq təşkilatların nümayəndələri, müxalifətin qeyri-ciddi addımlarına qarşı öz reaksiyalarını və tənqidlərini bildirmişlər. Bütün bunlar isə, onu göstərir ki, dara düşəndə ətəyindən yapışdıqları beynəlxalq təşkilatlar da müxalifəti artıq rədd edir. Düşərgənin özündə isə qalmaqallı olaylar bir-birini izləməkdədir.
"Ümid" partiyasındakı müəmmalı toplantıdan sonra Ə.Kərimovla İqbal Ağazadənin yenidən baş-başa gəlməsi, müxalifət düşərgəsindəki qanlı düşmənçilik prinsiplərinin hələ də qaldığını nümayiş etdirdi. Digər bir tərəfdən isə, İ.Qəmbərovla Lalə Hacıyeva arasında da qalmaqal yaşandığı barədə məlumatlar yayıldı. Sonradan məlum oldu ki, İ.Qəmbərov Lalə "xanıma" onun daxili işlərinə burnunu soxduğuna görə əsəbiləşib. Öz növbəsində isə, ALP lideri İ.Qəmbərovu qədirbilməzlikdə suçlayaraq, onun üçün etdiklərindən heyifsləndiyini dilə gətirib. Bütün bunların davamında isə yuxarıda qeyd etdiyimiz kimi, referendum ərəfəsində yaradılmış olan "Respublikaçı" və "Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatı" təşviqat qurupları sonradan müəyyən qüvvələr tərəfindən təşkilata çevrildi. İndi isə həmin təşkilata üzv toplamaq üstündə müxalifət düşərgəsində əməlli-başlı mübahisə gedir. "Demokratiya Uğrunda İttifaqda" təmsil olunan "KAXCP" və "Azadlıq" partiyasının sədrləri olan Mirmahmud Fəttayev və Əhməd Oruc daş atıb baş tuturlar ki, qeyd olunan təşkilata üzv olmayacaqlar. Onların bu hərəkəti isə ADP sədri Sərdar Cəlaloğlunun hiddətinə səbəb olub. Müxalifət daxilində ayrıseçkilik salmaqda suçlanan hər iki şəxs S.Cəlaloğlunu ağılsız ideyalar verməkdə günahlandırıblar. Əks tərəf olan ADP sədri isə, onsuz da, onların deməyindən heç bir məsələnin asılı olmadığını qeyd edərək, M.Fəttayev və Ə.Oruca özlərinə daha uyğun bir iş axtarmağı tövsiyə edib.