PDF Oxu

Müxalifət

  • 1 559

Müxalifətin "Azadlıq-2015" seçki blokunda haçalanmaya start verildi

image

"AzDP"-nin seçki qərarı - gedim, ya getməyim?

Parlament seçkiləri ilə bağlı müxalifətdə yaradılan seçki bloklarından biri də "Azadlıq-2015"dir ki, orada cəmləşən partiyalar daha öncədən razılaşdırılmış şəkildə seçkilərə birgə gedəcəklərini bəyan etmişdilər. Ancaq vaxt daraldıqca, "Azadlıq-2015"-də də problemlər üzə çıxmağa başlayıb. İstər namizədlərin müəyyənləşdirilməsində, istərsə də hansı partiyanın daha çox namizəd təqdim etməsində ortaq məxrəcə gəlinə bilinmədiyinə görə, ortada olan əsas fakt adıçəkilən blokun fəaliyyətinin dalana dirənməsi amildir.

Sülhəddin Əkbər getsə, seçki blokunun problemləri yaranacaq

Bu arada daha bir siyasi təşkilat - Sülhəddin Əkbərin rəhbəri olduğu "Azad Demokratlar Partiyası" ("AzDP") "Azadlıq-2015" seçki blokundan çıxa biləcəyini etiraf edib. Belə ki, bu məlumat adıçəkilən seçki blokunda təmsil olunan bir neçə siyasi partiyanın seçki dairələri üzrə namizədlər siyahısını müzakirə etdikləri bir məqamda ortaya çıxıb ki, burada da görünən əsas məqam ümumi fikirlərin ortaq məxrəcə gəlinə bilinməməsi amildir. Məsələ ondadır ki, əgər "AzDP" seçkilər ərəfəsində blokdan çıxsa, blok daxilində həmin qurumun digər müxalifət partiyaları ilə razılaşdırdığı seçki dairələrində problemlərin yaranması qaçılmaz olacaq.

Partiya daxilində anlaşılmazlıqlar mövcuddur

Beləliklə, bu olayı təkzib etməyən "AzDP" sədri Sülhəddin Əkbər də etiraf edir ki, hazırda partiya daxilində seçkilərdə iştirak edib-etməməklə bağlı konkret mövqe mövcud deyil. Daha dəqiq desək, partiyanın daxilində də müəyyən fkir ayrılıqları yaşanmaqla yanaşı, təmsil olunduğu blokda da problemlər yaranıb. Düzdür, Sülhəddin Əkbər partiyasının seçkilərdə iştirak etməsinə maneçilik kimi rəhbəri olduğu siyasi təşkilatın dövlət qeydiyyatına alınmamasını göstərsə də, əslində, ortada digər məqamların olması da sirr deyil. "Bildiyiniz kimi, biz yeni partiyayıq. Düşünürdük ki, seçkilərdə iştirak edəcəyik. Ümumilikdə namizədlərimizin ondan çox olacağı da gözlənilirdi. Lakin indi çətinlik yaranıb...Vəziyyət fərqlidir və qeydiyyatla bağlı problemimiz qalır. Bu da partiya üzvləri arasında müəyyən narazılıq və narahatlıq yaradır. Odur ki, hazırda seçkilərdə iştirakla bağlı qəti mövqe yoxdur. Əksinə, seçkilərə getməməklə bağlı mövqe daha güclüdür."

AXCP sədri Əli Kərimlinin Sülhəddin Əkbərlə bağlı planları alınmadı

Maraqlıdır ki, "AzDP" sədrinin seçkilərə qatılmamaq ehtimalı gündəmə çıxdıqdan sonra seçkiləri boykot edəcəyini bəyan edən AXCP sədri Əli Kərimli dərhal Sülhəddin Əkbəri özünə yaxınlaşdırmağa cəhd edib. Belə ki, Sülhəddin Əkbər hələ ACP-yə sədrlik etdiyi dönəmlərdə "Milli Şura"nın üzvü olduğu üçün Kərimli onun yenidən həmin quruma qayıdacağını düşünüb. Lakin "AzDP" sədrinin hətta seçkilərə qatılmasa belə, Əli Kərimlinin boykot qərarına dəstək verməyəcəyi bəri başdan bəllidir.

Bu baxımdan, seçkilərə getsə belə, bunu blok şəklində edəcəyini deyən partiya sədri Əli Kərimlinin gözləntisini doğrultmayıb. Sitat: "Çox güman ki, sentyabr ayı ərzində məclisin toplantısı çağırılacaq və yekun qərar da orada veriləcək. Əgər seçkiyə gediləcəksə, biz blokla gedəcəyik. Yox əgər fərqli qərar qəbul olunacaqsa, bu zaman "Azadlıq-2015" seçki blokunda olmayacağıq. Əgər seçkilərdə iştirak etməyəcəyiksə, təbii ki, seçki blokunda təmsilçiliyimizin olması doğru deyil".

Göründüyü kimi, "iki dağı arasında" qalan Sülhəddin Əkbər seçkilərə qatılsa belə, "Azadlıq-2015" seçki blokunda uğur qazanacağına şübhə ilə yanaşır. Bu səbəbdən də qəti fikrə gəlmədiyini bildirir. Ancaq onlar fikirləşdikcə, vaxt da daralır. Çünki sonradan bu imkanı da əldən versələr, ümidlərini 2020-ci ilin parlament seçkilərinə dikməli olacaqlar. O da ki, həmin ilə partiyalarını çıxarmağı bacarsalar...

Mübariz QULİYEV

Digər xəbərlər