PDF Oxu

Müxalifət

  • 3 474

Müxalifətin seçki xəyalları

image
Qərarsızlıq davam edir

Artıq parlament seçkilərinə 2 aydan bir az çox vaxt qalmasına baxmayaraq, müxalifət düşərgədə cərəyan edən hadisələr heç də digər seçkilərdəkindən fərqlənməməkdədir. Bir sıra partiyalar hələ də seçkilərə blok, birlik, hərəkat şəklində qatılacaqlarını bəyan edir, bəziləri hələ ki, yeni birlik axtarışında olduqlarını bildirir, digərləri isə bəri başdan seçkilərdə məğlub olacaqlarını dərk etdiklərinə görə, siyasi təşkilatlarının ayağını verməkdən ötrü guya "seçkilərin demokratik olmayacağına görə" boykota getdiklərini deyirlər. Ancaq fakt budur ki, hələ də ənənəvi düşərgədə qərarsızlıq və pərakəndəlik hökm sürür. Bu, da təəccüblü deyil, çünki bu, onların uzun illərdir ki, qazandıqları yeganə "çıxış yollarıdır".

Mirmahmud Mirəlioğlu: "Müxalifət düşərgəsində bir qolçomaqlıq prinsipi var"

Məsələyə münasibət bildirən KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, hərə bir tərəfdə özünü lider elan edir: "Ona görə də, müxalifət vahid mövqeyə gələ bilmir".

M.Mirəlioğlu müxalifət düşərgəsində yaranmış bu durumun səbəbini düşərgədə olan bəzi adamların zəif xarakterə sahib olmalarından irəli gəldiyini deyib: "Artıq parlament seçkilərinə 3 aya yaxın bir vaxt qalıb. Lakin hələ də seçki siyahısı ilə bağlı didişmələr, bir-birilərini təhqir etməklə davam edir, bu, göz qabağındadır. Hamı birinci olmaq istəyir, ancaq nəinki birinci, heç axırıncı da ola bilmir. Çünki düşərgədə qolçmaqlıq prinsipi var. Seçkiyə bir müddət qalmış bir adam bir təklif verəcək, müzakirə olunacaq, qərarlar qəbul olunacaq, bu gün bir yerdə olanlar sabah ayrılacaq, ayrı olanlar isə sabah bir arada olacaqlar. Onsuz da hər dəfə taktika dəyişir, amma nəticə olmur. Mənə elə gəlir ki, taktikadansa, bu adamların məsələlərə münasibəti, özləri dəyişməlidir. Çox təəssüf ki, bu, yoxdur. Gəlişi gözəl sözlər deyirik, təmtəraqlı fikirlər səsləndiririk, amma gözlədiyimiz nəticə alınmır. Çünki müxalifət əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də qərarsızdır, boş xəyallarla yaşayıb. Əli Kərimlinin də boş və mənasız "boykot" çağırışı AXCP sədrinin boş xülyalarıdır. Bütün seçkilərdə AXCP sədri belə edib, indi də bu ssenarini davam etdirir, ancaq partiya funksionerlri tərəfindən daha çox nifrət qazanır".

Əli Kərimlinin "seçkilərdə iştirak etməyəcəyik" bəyanatını nə AXCP, nə də "Milli Şura" qəbul edir

AXCP sədri Əli Kərimli "hazırkı mərhələdə seçkilərdə iştirak hər hansı bir nəticə verə bilməz"- fikrini söyləyərək seçkiləri "boykot" etməyə çağırır. Ancaq nəinki müxalifət düşərgəsində olan partiyalar, heç AXCP və "Milli Şura" da onun bu çağırışını belə saymır, qulaqardına vururur. "Milli Şura"da təmsil olunanlar Əli Kərimlinin dediyi ilə oturub-durmaq fikrində olmadıqlarını bildirirlər.

Məsələn, Əli Kərimlinin müavini Nurəddin Məmmədli bir müddət əvvəl bəyan etmişdi ki, "boykot" çıxış yolu deyil və şəxsən o, seçkilərdə iştirak etməyin tərəfdarıdır. Sədr müavininin seçkilər ərəfəsində müstəqil şəkildə namizədliyini irəli sürəcəyi də istisna olunmur. Çünki o, bələdiyyə seçkilərində də iştirakı vacib hesab edirdi. Ancaq Kərimlinin "boykot" çağırışına qarşı hazırlıqların da getdiyini inkar etmək olmaz. Seçkilərə qatılmaq fikrində olanların yaxınlarda AXCP-dən və "Milli Şura"dan çıxma ehtimalları reallaşa bilər.

Lakin müxalifətin digər cinahında olan bəzi partiyalar isə hələ də iki aydan sonra keçiriləcək parlament seçkiləri ilə bağlı qəti qərar verə bilməyiblər. Bəziləri seçkilərə təkbaşına gedəcəklərini bildirsələr də, mahiyyət etibarilə bu qərarın da dəqiqləşdirilməməsi göz önündədir. İki seçim qarşısında qalan "Ədalət" də hansı şəkildə seçkilərə gedəcəyini müəyyənləşdirə bilməyib. Partiya demək olar ki, iki seçim arasında qalıb. Partiya sədrinin müavini Mütəllim Rəhimlinin fikrincə, seçkilərdə iştirakla bağlı qərarı təşkilatın ali məclisi verir: "Avqustun sonlarında ali məclis seçkiyə münasibət bildirəcək. Ümumi ab-hava bundan ibarətdir ki, çox güman, seçkilərdə iştirak edəcəyik. Təşkilat daxilində deputatlığa namizədliyini vermək istəyində olanlar var. Onlar seçkilərə qoşulmağın tərəfdarı kimi çıxış edirlər".

Lakin Mütəllim Rəhimlinin bu fikrindən həm də belə qənaətə gəlmək olar ki, "Ədalət" üzvlərindən seçkilərə qatılmaq istəyənlərin olması ilə yanaşı, seçkilərə qatılmaq tərəfdarı olmayanlar da var. M.Rəhimli qeyd edib ki, partiya daxilində seçkidə iştirakın əleyhinə olan insanlar olsa da, böyük əksəriyyət siyasi qüvvənin əsas məqsədinin seçkilərdə iştirak olduğunu önə çəkir və seçki tərəfdarı kimi çıxış edirlər. Ancaq "Ədalət" partiyasının sədri İlyas İsmayılovun seçkilərə qatılıb-qatılmayacağı da məlum deyil.

"İslahat" blokundan səs-səmir gəlmir

Yeri gəlmişkən, ötən parlament seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) və Böyük Quruluş Partiyasının (BQP) da təmsil olunduğu "İslahat" blokundan seçkilərlə bağlı səs-səmir gəlmir. Baxmayaraq ki, BAXCP və BQP seçkilərlə bağlı yekun iştirtak qərarlarını veriblər.

Beləliklə, göründüyü kimi, vaxta az qaldığı üçün qərar verməyin zamanı çatsa da, düşərgənin sözügedən cinahında qərarsızlıq daha çox nəzərə çarpmaqdadır. Bu isə partiyaların xeyrinə deyil, ziyanına olan bir məsələdir.

Rəfiqə HÜSEYNOVA