Məlum olduğu kimi, AXCP sədri Əli Kərimlinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimov "İŞİD" terrorçu təşkilatını Azərbaycana çağırıb. Bu fakt birbaşa Əli Kərimlinin istəyi ola bilərmi və Əli Kərimlinin yaxınlarının terrorçu təşkilatlarla əməkdaşlıq əlaqələri nədən xəbər verir?
Sualı cavablandıran "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, AXCP sədri Əli Kərimlinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimov "İŞİD" terrorçu təşkilatını Azərbaycana çağırması birbaşa cinayət tərkibi yaradan bir əməldir: "Bu fakt Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov "İŞİD" terrorçu təşkilatını Azərbaycana dəvət edib, yəni o şəxs Fransada yaşayır və bu ölkədən özü üçün siyasi sığınacaq alıb. Necə olur ki, Fransa hökuməti belə bir terror təşkilatın rəğbət bəsləyən, fəaliyyətini alqışlayan və terroru Azərbaycana dəvət edən bir insana sığınacaq verir. O cümlədən məhz bu məsələ də araşdırılmalıdır. AXCP sədri Əli Kərimli bu məsələyə öz münasibətini bildirməlidir. Çünki İnqilab Kərimov Əli Kərimlinin çox yaxın qohumudur. Sabah Əli Kərimlinin terrorçu təşkilatların koordinatoru olduğu deyilsə, təəccüblənmərəm".
Partiya sədrinin sözlərinə görə, İnqilab Kərimov Əli Kərimovun əmisi oğlu olmaqla yanaşı Azərbaycan dövlətinə və hakimiyyətinə müxalifətdədir: "Demək olar ki, müxalifət düşərgəsini təmsil edən şəxslər Azərbaycanda hakimiyyətə gəlmək üçün şeytanın özü ilə də əməkdaşlıq etməyə hazırdırlar. Bu baxımdan da, düşünürəm ki, bu məsələ ciddi şəkildə araşdırılmalıdır".
M.Səfərli onu da bildirdi ki, müxalifət liderləri ilk öncə, təmsil etdikləri partiyaların quruculuğuna fikir verməli və islahatlar aparmalıdılar: "Ölkəmizdə fəaliyyət göstərən müxalifət partiyalarının əksəriyyəti 1990-ci illərdən necə yaranıbdırsa, indinin özündə də həmin vəziyyətdə qalmaqdadır. Birmənalı şəkildə həmin partiyalar öz tərəfdarlarını itirə-itirə getməkdədilər. Adıçəkilən partiyalar sədrlərindən və ətrafında 2-3 nəfərdən ibarət olaraq qalıbdır. Bütün bunlar da onların zəif şəkildə inkişaf etməsindən xəbər verir. Ümumiyyətlə, müxalifət partiyalarının zəif olmasının əsas səbəbi sözügedən partiyalara rəhbərlik edən liderlərin səhv siyasət aparmaları ilə bağlıdır. Bir sözlə, adıçəkilən partiya sədrləri öz səhvlərini öz içərlərində, partiyalarında və fəaliyyətlərində axtarmalıdırlar".
GÜLYANƏ