Sabir Məmmədov Əli Kərimlinin yalanını faktlarla ortaya çıxardı
AXCP-də son aylarda yaşanan böhran, kritik vəziyyət partiyanın kiçik imkanlarını da sıfıra endirib. Əsas funksionerlərin istefa verməsi AXCP-də vəziyyəti daha kritik edib. Bildiyiniz kimi, Gəncə şəhər şöbəsinin üzvü, partiyanın Qərb bölgəsi üzrə kuratoru, əməkdar müəllim Sabir Məmmədov və hazırda həbsdə olan Sumqayıt təşkilatının sədri İsa Qurbanov partiyadan istefa verib. Hər iki funksioner getmələrinin səbəbi kimi, rəhbərliyin siyasətindən narazı olduqlarını bildiriblər.
Maraqlıdır ki, hər kəsin bir neçə illərdir cəbhəçi kimi tanıdığı S.Məmmədov və İ.Qurbanovun cəbhəçi olması AXCP tərəfindən inkar olundu. Heç şübhəsiz ki, yaranmış gərgin vəziyyətdə istefaları təsdiq etmək qorxusu AXCP-nin iradə nümayiş etdirə bilməməsini də ortaya qoymuş oldu. AXCP-dən mətbuata bildirdilər ki, Sabir Məmmədov heç vaxt AXCP-nin üzvü olmayıb.
Cavab çox gecikmədi və Sabir Məmmədov AXCP rəhbərliyini yalançılıqda suçladı: "Əli Kərimlinin öz imzası olan partiya üzvlüyümü təsdiq edən bileti də hər kəsə göstərmişəm. Partiya vəsiqəmin nömrəsi 400201-dir. 1 fevral 2012-ci ildən həmin partiyanın üzvüyəm. Qeyd olunur ki, guya Gəncə AXCP məclisinin sədri Qaçay Abbasov üzv olmağımı inkar edib. Bildirib ki, belə bir üzvümüz yoxdur. Onun özü ilə danışdım. And içdi ki, belə bir açıqlama verməyib, "Azadlıq" qəzeti onun adından yazı dərc edib. O, beş-altı partiya üzvünün yanında mənə dedi ki, əgər belə sözlər desəm, səndən üzr istəyərəm. Açıqca dedi ki, Gözəl Bayramlı onun adından açıqlama uydurub".
Gözəl Bayramlı ikiüzlü adamdır
S.Məmmədov G.Bayramlının onu təhdid etdiyini də açıqlayıb: "İstefamdan sonra Gözəl üzərimə gəldi. Mənə deyir ki, niyə "Yeni Müsavat"a açıqlama verirsən? İstefamdan peşman deyiləm. Bunu Gözələ də dedim. "Gözəl mənə dedi ki, səninlə hesablaşacağıq. Mənə möhkəm hədə-qorxu gəldilər. Üzvlər mənə deyirlər ki, sən qorxursan? Bunlar insanları qorxu altında partiyada saxlayırlar. Hamı onlardan bezib. Heç nədən qorxum yoxdur. Hesab etmirəm ki, mənə təhlükə yaratmağa gücləri çatsın. Əli Kərimlinin partiyada nələrin baş verdiyindən xəbəri var. Qarşısını almaq üçün tədbirlər görmürsə, demək, o da bu yolun yolçusudur. Partiyanın daxilində nizam-intizam olar. Qaydanı pozan hər bir üzv partiyadan xaric olunmalıdır. Amma belə şəxslər AXCP rəhbərliyi tərəfindən himayə edilir. Gözəl ikiüzlü adamdır. Samuxda mənə dediyi sözü Gəncədə dandı. İstefamdan sonra Əli bəy bir dəfə də olsun, mənə zəng etmədi. Təkcə Gözəl Bayramlı zəng vurdu. O da məni hədələmək üçün. Belə bir partiya mənə lazım deyil. Orada saxtakarlıqla işləməkdən başqa əllərindən bir iş gəlmir. Məni Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi təyin ediblər. Amma "Azadlıq" qəzeti yazır ki, belə bir şey yoxdur. Bunların iç üzləri budur. Seçkilər ərəfəsində mənə digər partiyalardan pullar təklif olundu. Amma nə digər partiya keçdim, nə də təmsil olunduğum partiyanı satdım. İnsanda ən təmiz varlıq vicdandır".
Samir