Məqsəd erməni lobbisinin təlimatları və pulları hesabına fəaliyyət göstərən xarici dairələrin növbəti dəfə Azərbaycana qarşı qərəzli bəyanatlar verməsinə hesablanıb
"Azadlıq Radiosu"nun əməkdaşı, eləcə də özünü xidmət etdiyi dairələr qarşısında "hüquq müdafiəçisi" kimi təqdim edən Xədicə İsmayıl məqsədli şəkildə məhkəmənin işini uzatmağa çalışır. Belə ki, onun burada xüsusi marağının olması da kimsəyə sirr deyil. Daha dəqiq desək, Xədicə İsmayıl məhz bu vasitə ilə Qərbdə fəaliyyət göstərən ermənipərəst qurumların diqqətini özündə saxlanmasına çalışır. Çünki o, müəyyən dairələr qarşısında Azərbaycan dövlətçiliyi əleyhinə öhdəsinə götürdüyü missiyasını hələ də başa vurmadığı qənaətindədir.
Şahid ifadəsi ilə Tural Mustafayevin psixi vəziyyətini qiymətləndirmək absurddur
Xüsusilə, ən kiçik detalları belə şişirdərək məhkəmə qarşısında vəsatətlər qaldıran Xədicə İsmayıl xüsusilə, intihara təhrik etdiyi Tural Mustafayev məsələsində gedişlər etməyə çalışır. Məsələn, ötən məhkəmə prosesində Xədicə İsmayılın vəkili Cavad Cavadlı bildirib ki, cinayət işi üzrə şahid qismində ifadə verən Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimli ikincinin psixi problemləri olduğunu və onun 2014-cü ildə psixi müayinədən keçdiyini bildirib. Beləliklə, intihara təhrik etmək suçunu bu yolla özündən kənarlaşmağa çalışan Xədicə İsmayılın vəkili Tural Mustafayevi müayinə edən psixiatr Araz Mansurovun məhkəməyə dəvət olunmasını istəyib. Dövlət ittihamçısı isə deyib ki, Tural Mustafayev psixi problemləri ilə bağlı heç bir yerə müraciət etməyib: "Bununla bağlı psixiatrik ekspertizanın rəyi var. Həmin rəydə Tural Mustafayevin psixi vəziyyəti qiymətləndirilib. Bu da mötəbər sübutdur. Şahid ifadəsi ilə Tural Mustafayevin psixi vəziyyətini qiymətləndirmək absurddur. Vəsatətin təmin edilməməsini xahiş edirəm".
Xədicə İsmayılın vəkillərinin məlum cəhdləri alınmayıb
Göründüyü kimi, Xədicə İsmayıl bu dəfə də çulunu sudan çıxarmağı bacarmayaraq, növbəti missiyasını yerinə yetirə bilməyib. Çünki məhkəmə onun vəkilinin qaldırdığı vəsatəti təmin etməyib.
Lakin bununla belə, Xədicə İsmayılın vəkilləri növbəti cəhdlərini ediblər. Belə ki, "Azadlıq Radiosu"nda aparılan əməliyyat axtarış tədbirləri zamanı tərtib edilmiş protokolun etibarsız elan edilməsini, 2010-cu ildə radioda aparılan səyyar vergi yoxlamaları barədə sənədlərin Vergilər Nazirliyindən alınaraq cinayət işinə əlavə edilməsini tələb edən vəkillərin bu vəsatətləri də təmin olunmamış qalıb.
Əlində olan "vəsatət" oyunbazlıqlarından heç nə əldə edə bilməyəcəyini yəqin edən Xədicə İsmayıl və vəkilləri sonuncu cəhdlərində də onlara verilmiş təlimatları yerinə yetirməkdə aciz qalıblar.
Xədicə İsmayılın vaxt istəməsi məhkəmənin gedişini süründürməçiliyə yuvartlatmaqdan başqa heç bir məna daşımır
Məsələn, Xədicə İsmayılın vəkilləri ilə görüşməsi və onlarla "məsləhtləşmə" aparması ilə məhkəmənin uzun müddətə təxirə salınmasını istəyib. Amma dövlət ittihamçısı qarşıya bir sıra arqumentlər qoyaraq, təqsirləndirilən şəxsin belə vəsatətlə çıxış etməsini məhkəmənin gedişinin uzadılması kimi qiymətləndirib. Yəni burada bir daha sübut olunub ki, əslində Xədicə İsmayıl və vəkilləri normal vəsatət irəli sürmədikləri üçün onların tələblərinin yerinə yetirilməyəcəyini onsuz da bilirdilər. Sadəcə, təlimat aldıqları xarici dairələrin tapşırıqlarını icra edə bilmədiklərini görüb, ən axrıncı vasitəyə əl atmağa çalışıblar. Lakin hakim Ramella Allahverdiyeva bildirib ki, Xədicə İsmayılın vəkilləri ilə görüşməsi üçün kifayət qədər vaxt verilir, həmçinin avqustun 17-də proses təyin edilməyib ki, gün ərzində Xədicə İsmayıl vəkilləri ilə kifayət qədər görüşə bilsin. Hakim bildirib ki, Xədicə İsmayılın bu cür vaxt istəməsi məhkəmənin gedişini süründürməçiliyə yuvartlatmaqdan başqa heç bir məna daşımır. Buna görə də hakim heyəti prosesin bir neçə gün sonrakı vaxta təxirə salınmasına əsas görməyib.
Xədicə İsmayılla Leyla Yunusun məqsədlərinin üst-üstə düşməsi şübhəsizdir
Məhz bundan sonra Xədicə İsmayılın və vəkillərinin əsas məqsədləri sübuta yetirilib. Məsələ ondadır ki, Xədicə İsmayıla Cinayət Məcəlləsinin 125-ci maddəsi verilən ittiham üzrə ifadə verməsi təklif edilsə də, o, ifadə verməkdən boyun qaçırmağa çalışıb. O, iddia edib ki, cinayət işi üzrə zərərçəkmiş Tural Mustafayevə çoxsaylı sualları var, həmin ittiham üzrə ifadə verərkən Tural Mustafayevin məhkəmə iclasında iştirak etməsi təmin edilsin. Hakim isə, öz növbəsində bildirib ki, Tural Mustafayev məhkəmə iclasında ifadə verib, çoxsaylı sualları cavablandırıb: "Hazırda Tural Mustafayevi etibarnamə ilə olan nümayəndəsi təmsil edir. Tural Mustafayev həmin etibarnamə ilə Səfər Hüseynova danışmaq barədə səlahiyyət verib. İstənilən sualları nümayəndə cavablandıra bilər". Bundan da əli üzülən Xədicə İsmayıl vəkilləri ilə əlavə məsləhətləşmə aparması barədə vaxt istəyib. Bundan sonra isə dövlət ittihamçısının Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə verdiyi sualları Xədicə İsmayıl cavablandırmaqdan imtina edib. O, bu dəfə də bildirib ki, zərərçəkmiş Tural Mustafayevin məhkəmədə iştirakı təmin olunandan sonra həmin suallara cavab verəcək. Beləliklə, sübut olunub ki, Xədicə İsmayılın məqsədi məhkəmənin vaxtını uzatmaq və bacardıqca kənardan özünə diqqət qazandırmaqdır ki, bunun da nəticəsini əvvəlcədən ehtimal etmək mümkündür. Daha dəqiqi isə, Xədicə İsmayıl da eynilə Leyla və Arif Yunusların məhkəmələrində olduğu kimi, Avropa və Qərb dairələrinin, o cümlədən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycan dövlətinə qarşı bəyanatlar verməsinə çalışır. Yəni onun da məqsədinin Leyla Yunusun məqsədi ilə üst-üstə düşməsi şübhəsizdir.
Mübariz QULİYEV