Tahir Kərimli: "Əli Kərimli və çoxlu sayda AXCP üzvi onun fikirlərini layk edib"
Məlum olduğu kimi, AXCP sədri Əli Kərimlinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimov "İŞİD" terrorçu təşkilatını Azərbaycana çağırıb. Təbii ki, bu fakt bir daha Əli Kərimlinin terror təşkilatları ilə əməkdaşlıq əlaqələrinin olmasına dair yayılan məlumatların əsaslılığını ortaya qoymuş olur.
Məsələyə münasibət bildirən Vəhdət Partiyasının sədri Tahir Kərimli "SƏS"ə açıqlamasında qeyd edib ki, Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov bu məlumatı səsləndirməklə anti-Azərbaycan mövqeli qüvvələrin maraqlarını ifadə edib: "İctimai təpkilərdən sonra İnqilab Kərimov fikirlərini zarafat olaraq söylədiyini bildirib. Ancaq başım çıxmır ki, zarafatyana da olsa, odla oyun oynamaq olarmı? Bütün dünyada amansız terror təşkilatı kimi tanınan "İŞİD"-i Azərbaycana dəvət etmək sıradan bir məsələ deyil. AXCP sədri Əli Kərimli bu məsələdə rolunun olmadığını göstərmək istəyirdisə, İ.Kərimovu qınayaydı, hərəkətlərini kəsgin şəkildə pisləyəydi. Əgər pisləməyibsə, deməli, bu məsələ Əli Kərimlinin ürəyincə olub. Çünki təsadüfi deyil ki, məlumatlara əsasən, Əli Kərimli və çoxlu sayda AXCP üzvi onun fikirlərini layk edib".
T.Kərimli AXCP-dən olan istefalara da münasibət bildirərkən qeyd edib ki, həmin partiyada düzgün siyasətin qurulmaması istefaların yaranmasına gətirib çıxarıb: "Bu gün AXCP-nin qurulmasında iştirak etmiş şəxslərdən bir nəfər də orada qalmayıb. Ümumiyyətlə, müxalifət liderlərinin səhv siyasət aparmalarının nəticəsidir ki, müxalifət düşərgəsini təmsil edən partiyalar bu gün irəliyə doğru hər hansı bir addım ata bilmirlər. Bugünkü müxalifət təmsilçiləri heç nə bacarmadıqları halda, özlərini reklam edərək boş-boş danışmaqla məşğul olurlar. Düşünürəm ki, bu faktlar ortada olduğu halda partiya sədrləri utandıqlarından susmalı, sakitcə siyasi arenanı tərk etməlidirlər".
T.Kərimlinin sözlərinə görə, yalnış siyasətin nəticəsidir ki, müxalifət partiyaları ölkədə keçirilən bütün seçkiləri uduzublar. Bu baxımdan da, müxalifət hər zaman olduğu kimi, bu il keçiriləcək parlament seçkilərində də uduzaraq, heç bir nəticə əldə edə bilməyəcək.
GÜLYANƏ