Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini Razi Nurullayev və narazı cəbhəçilər avqustun 19-da mətbuat konfransı keçiriblər. Onlar yeni hərəkata başladıqlarını elan ediblər.
Mətbuat nümayəndələri qarşısında çıxış edən R.Nurullayev bildirib ki, Əli Kərimli AXCP-də dözülməz diktatura rejimi yaradıb: "Faktiki olaraq hakimiyyətin sifarişlərini yerinə yetirən Əli Kərimli partiyada dözülməz diktator rejimi yaradıb. Biz cəbhəçilər çağırış edirik ki, Əli Kərimli və onun tərəfdarları partiyadan getsin və partiya yenidən demokratik düşüncəli insanlarla qurulsun. Biz əlimizdən gələn hər şeyi edəcəyik ki, o, partiyadan getsin. Ölkədə ciddi bir müxalifət problemi var. Hazırkı müxalifətin formatı heç də müsbət nəticəyə gətirib çıxara bilməz. Neçə illər bu format dəyişməyib. Ona görə qərara gəldik ki, yeni bir partiyaya ehtiyac yoxdur. Biz AXCP adına iddia edirik və hesab edirik ki, orada olan bütün cəbhəçiləri də öz ətrafımıza gətirə biləcəyik. Artıq bununla bağlı danışıqlar olub. Əli Kərimli ya sədrlikdən gedəcək, sıravi üzv olaraq qalacaq, ya biz təmsilçilik uğrunda mübarizə aparacağıq. Təmsilçiliyin bizə verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Ondan bir möhürü almaq lazım gələcək. Bu, bütün cəbhəçilərin fikridir".
Övladlarımız küçələrdə qocalır, Əli Kərimlinin övladları isə Avropada dəbdəbəli həyat yaşayırlar"
Keçmiş cəbhəçi Ehtiram Mehdiyev isə narazı cəbhəçilərin bəyanatını səsləndirib: "Biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdrılmasına etiraz əlaməti olaraq bir araya gəlir və uzun illər uğrunda mübarizə apardığımız əsl AXCP-ni bərqərar edirik. Bizi zor gücünə partiyadan uzaqlaşdırmaq və bir şəxsin əsassız ambisiyalarının qurbanı etmək olmaz. Çünki biz bu partiya və bu amal üçün bütün şüurlu həyatımızı həsr etmiş və cəbhəçi kimi ən ağır məhrumiyyətlərə düçar olmuşuq. Vətəni, milləti sevmək kimi şərəfli bir həyat yolu keçən cəbhəçiləri indi kimsə öz şəxsi maraqlarını həyata keçirmək üçün müxtəlif yollarla partiyadan xaric edir. Həmin şəxsləri haqsız və alçaqcasına ləkələnir. Onların təmənnasız və fədakar mübarizə yollarına kölgə salınır. Artıq bütün bu rəzalətə dözmək və bunları sadəcə müşahidə etmək mümkün deyildir. Buna imkan vermək də onların dəyirmanına su tökməkdir. Son çıxış yolumuz AXCP-ni əsl və səmimi sahiblərinə qaytarmaqdır".
"Əli Kərimli bəzi xarici qüvvələrin əlində oyuncağa çevrilərək milli və partiya maraqlarını da vicdansızcasına satmaqla məşğuldur"
Bəyanat müəllifləri qeyd ediblər ki, məqsədləri qovulanları partiyaya qaytarmaqdır: "Bizim məqsədimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasını sağlamlaşdırmaq və orada daxili demokratiyanı bərpa etmək, indiyə kimi oradan qanunsuz və əsassız qovulanların və ləkələnənlərin hüquqlarını bərpa edib partiyaya qaytarmaqdır. Biz heç də ikinci AXCP yaratmırıq. Əsl cəbhəçilərin bu AXCP-də toplanacağına əminik. Biz əsl AXCP-ni qaytaracağıq. Biz birbaşa olaraq Əli Kərimlinin diktəsi və istəyi ilə qanunsuz olaraq partiyadan uzaqlaşdırılmışıq. Hüquqlarımızı bərpa edib partiyaya dönəcəyik. O zaman artıq iki AXCP-yə ehtiyac qalmayacaq. Bu zaman Əbülfəz Elçibəyin də ruhu şad olacaq. Biz partiyanı parçalamaq istəmədik. Biz adımızı dəyişdirib onlarla partiyanın sıralarına qoşulmaq istəmədik. AXCP var, sadəcə o, qəsb edilib, idarəetmədən narazı olanlar və etiraz edənlər zorakı şəkildə oradan uzaqlaşdırılır. Buna son qoyulmalıdır və biz buna sizlərlə birlikdə son qoyacağıq. Partiya könüllü şəkildə toplumun birləşdiyi bir qurumdur. Partiya kiminsə inhisarında olan məhdud məsuliyyətli cəmiyyət deyil. Bundan sonra daha heç kim partiyanı özünün şəxsi firması kimi idarə edə bilməz. İstədiyi adamı partiyadan qovmaqda sərbəst ola bilməz. Bu tip adamların partiyanı uçuruma aparmağa nə hüquqi, nə də mənəvi haqqı çatır. İllərimiz itir, gənclərimiz küçələrdə qocalır, lakin Əli Kərimlinin övladları xaricdə bahalı universitetlərdə təhsil alır və dəbdəbəli həyat yaşayırlar. Bu azmış kimi, Əli Kərimli bəzi xarici qüvvələrin əlində oyuncağa çevrilərək milli və partiya maraqlarını da vicdansızcasına satmaqla məşğuldur. Bu kimi şəxslər uzun müddət səmimi cəbhəçiləri aldatmış və bununla da xalqa və ümumi dəyərlərimizə xəyanət etmişlər. Biz inanırıq ki, cəbhəçilərin birliyi və səyi ilə AXCP-ni əsl sahiblərinə qaytaracaq".
Rafiq Daşdəmirli, Səbuhi Əliyev və digərləri də partiyadaxili intriqalardan danışıblar. Onlar indiki sədr Əli Kərimlinin legitimliyini əlindən almaqda israrlı olduqlarını vurğulayıblar.
Samir