Bu günlərdə sosial şəbəkələrdə, eləcə də internet saytlarında ABŞ polisinin afroamerikalı və ayağının biri olmayan əlil şəxsə qarşı zorakılıq görüntüləri yayımlanıb. Hadisə isə San-Fransisko şəhərində baş verib. Hadisənin qısa məğzi isə belədir ki, 5 amerikalı polis bir ayağı olmayan, daha dəqiqi isə ayağının birinin bütünlüklə protez olan evsiz gənci yerə yıxaraq, qandallayıb. Üstəlik, daha 5-6 polis də qaradərilinin azad edilməsi üçün tələbində bulunan vətəndaşları hadisə yerindən uzaqlaşdırmaqla məşğul olub.
Maraqlısı da budur ki, sanki dünyanın ən təhlükəli terrorçusunu, məsəlçün, Əbu Bəkr Əl Bağdadini həbs edirmişlər kimi ətrafı halqaya alan amerikalı polislər kimsəni nəzərə almadan, yıxdıqları və üzərinə çıxaraq, var gücləri ilə yerə basdıqları bədbəxt insana qarşı ən qəddar davranışlarını sərgiləyirlər. Onun yalvarışlarına, "bədənim çox ağrıyır, xahiş edirəm çox sıxmayın", "protezim sınsa, təzəsini almağa maddi imkanım yol vermir" ricaları isə polislərin qulaqlarında elə bil ki, milçək vızıldayırmış kimi səslənir.
Ancaq gəlin görək, bu bədbəxt Amerika vətəndaşı nəyə görə həbs olunub? Yayılan məlumatlara görə, əlil gəncin "təqsiri" əlindəki taxta çubuqları havaya fırlatması olub. Afrika mənşəli ABŞ vətəndaşı əlindəki taxtaları göydə fırladaraq, janqloyrluq etmək istəyib və ətrafdakıların nəzərini cəlb edərək, çörəkpulu qazanmağa çalışıb. Fəqət, "GÜCLÜ AMERİKA POLİSİ" onun bu hərəkətlərini ictimaiyyət üçün "təhlükəli" hesab etdiyi üçün, onu yerə yıxmaqları qalsın bir yana, protez ayağının üstünə çıxıb, digər bir neçəsi əllərini buraraq, 15 dəqiqəyə yaxın ona əzab verib, hələ bu da azmış kimi, yerdə uzanmaq məcburiyyətində qalan vətəndaşın ayağında infeksiya olduğunu söyləməsinə rəğmən, ona əhəmiyyət verməyib. Amerika polisinin ən "mərhəmətli" səhnəsi isə zənci gəncin əlil arabası ilə polis bölməsinə aparılması olub. Beləliklə, həmin gün ABŞ öz tarixinin ən "böyük təhlükəsindən" xilas olub. Çünki çörəkpulu qazanaraq, ac qalmaması üçün havada taxta fırladan gənc yoldan keçən hər hansı bir ağdərili ABŞ vətəndaşına xəsarət yetirə bilərdi. Bax, onda bu ölkə üçün "böyük fəlakət" yaşanardı.
Bəli, artıq kifayət qədər təsdiq olunub ki, Hollivud səhnələrində, "boyevik" filmlərində bütün dünyanın polislərindən "ən güclü" olduqlarını, odda yanmazlıqlarını, suda batmazlıqlarını gözə soxan amerikalılar öz fikirlərində yanılmayıblar. Çünki bu, özünü sözügedən məsələdə bir daha təsdiq edib. Amerika polisi dünyanın "ən güclü" polisidir...
Maraqlıdır, görəsən bu acı səhnənin görüntüləri ABŞ-ın Dövlət Departamentinə gedib çıxıbmı? Ya da ən azından senatorların, konqresmenlərin diqqətini cəlb edibmi? Yaxud, "Ağ Ev"in mətbuat katibliyi bu barədə hər hansı bir bilgiyə malikdirmi? Bu sualların cavabı isə belədir. Əgər bu günlərdə, hətta bu saatlarda hadisə ilə bağlı "özünü təmizəçıxarma" əməliyyatına başlanacaqsa, demək, kiminsə bu hadisədən xəbəri var. Yox, yoxdursa, onda zəhmət olmasa, bir az da öz ölkələrinin daxillərində baş verən bu biabırçı olay barədə də yekə-yekə bəyanatlar səsləndirib, onları Amerika mətbuatında yayımlasınlar.
AFƏT