Parlament seçkiləri ilə bağlı boykot qərarı vermiş AXCP və "Milli Şura" rəhbərliyinə qarşı sərt ittihamlar verilməkdə davam edir. Məhz bu dəfə də Əli Kərimli və Cəmil Həsənli cütlüyü müxalifətin digər cinahından hədəfə alınıb. "Azadlıq-2015" seçki blokundan seçkilərə qatılacağını bəyan edən Vətəndaş və İkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə, seçkilərə heç bir bloka qoşulmadan gedəcəyini bəyan edən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı boykot çağırışının əhəmiyyətsiz, gərəksiz qərar olduğunu bəyan ediblər.
VİP: "Bu, müxalifət liderlərinin şəxsi ambisiyaları, eqoizm hissindən irəli gəlir"
VİP sədri boykot çağırışlarına münasibət bildirərkən deyib ki, əslində Əli Kərimli-Cəmil Həsənli cütlüyünü seçkilər prosesinin necə keçəcəyi deyil, fərdi maraqları düşündürür. Onların məqsədləri Azərbaycana qarşı çıxış edən bir sıra xarici dairələrin diqqətlərini özlərinə cəlb etmək, bununla da onlardan nə isə qoparmaqdan ibarətdir. Sitat: "Boykot çağırışı edənlər daha çox şəxsi uğurları haqda düşünürlər və hesab edirlər ki, bu yolla beynəlxalq təşkilatların diqqətini çəkib bazarlıq etmək mümkündür. Boykot uğurlu seçki taktikası deyil. İstər partiya maraqları, istərsə də dövlətçilik baxımından yanlış taktikadır. Azərbaycan dövlətçiliyi üçün belə həssas dönəmdə boykot çağırışı ölkə maraqlarına xidmət etmir, əksinə çox ciddi ziyan vurur və təhdid təşəbbüsü kimi qiymətləndirilməlidir".
Lakin Əli Əliyev hesab edir ki, AXCP və onun yedəyi olan "Milli Şura" müxalifətin bir araya gələ bilməməsində əsas günahları olan təşkilatlardır. Yəni müxalifətin vahid güc mərkəzinə çevrilə bilməməsinin əsas kökü bilavasitə Əli Kərimli və Cəmil Həsənliyə gedib çıxır. Onlar müxalifətçilik maraqlarını öz şəxsi maraqlarına qurban verməklə, bir daha sübut edirlər ki, əslində xəyanətkarlığı özləri edirlər. VİP sədri bu vasitə ilə iqtidarın müxalifət üzərindəki qələbəsinin təmin olunacağını da istisna etməyib: "Müxalifətin əsas güc mərkəzləri heç bir məsələ ətrafında razılığa gələ bilmədi. Siyasi müxalifətin tamamilə rəngarəng, müxtəlif taktlı qərarlarının şahidi olacağıq. Kimlərsə boykota gedəcək, kimlərsə pərakəndə formada narazı elektoratı dairələr üzrə parçalamaq məcburiyyətində qalacaq. Ona görə də təəssüf ki, müxalifət üçün mənzərə uğurlu deyil. Bu, müxalifət liderlərinin şəxsi ambisiyaları, eqoizm hissindən irəli gəlir. Bütövlükdə hakimiyyətin şanslarını artıran situasiyadır".
VHP: "Boykot heç bir nəticə verməyəcək"
VHP sədri Sabir Rüstəmxanlı da müxalifət düşərgəsində təmsil olunan həmkarının fikirlərini dəstəkləyib və xatırladıb ki, müxalifət daha öncələr də bu kimi taktikalardan dəfələrlə istifadə etməsinə rəğmən, heç bir uğur qazana bilməyib. Əksinə, boykot qərarı verən partiyalar olan-qalan nüfuzlarını da ictimai rəy arasında itirməyə məhkum olublar. Bu gün seçkilərə qatılmayacaqlarını, boykot qərarlarının qüvvədə qalacağını iddia edənlər isə öz təşkilatlarının ölüm hökmünü vermiş olanlardırlar: "Boykot çağırışı əvvəllər də olub. Siyasi partiyalar, bloklar seçkilərdə iştirakdan imtina ediblər. Amma Azərbaycanda seçkiləri boykot etməyin mexanizmi yoxdur. Bloklardan biri seçkilərə getmir, digərləri gedir. Bu halda boykot heç bir nəticə verə bilməz."
Beləliklə, kifayət qədər sübut olunur ki, onsuz da parçalanmış vəziyyətdə olan düşərgə parlament seçkilərindən sonra qarşılıqlı ittihamlara keçid aldıqdan sonra daha ağır duruma sürüklənəcək. Ehtimal etmək olar ki, partiyaların bir sıra təmsilçiləri parlamentdə yer qazana bilərlər, ancaq bunu bütövlükdə müxalifətin ümumi uğuru kimi də qələmə vermək doğru olmazdı. Çünki fakt göz qarşısındadır.
R.RƏSULOV