PDF Oxu

Müxalifət

  • 1 841

"Qarabağ" Bloku da dağıldı

image

"Ümid" partiyasının qərargahında "Qarabağ" Blokunun iclası keçirilib. İclasda Azərbaycan Demokrat Partiyası (ADP) və "Ümid" Partiyasının qarşıdan gələn parlament seçkilərində iştirakı məsələsi müzakirə olunub

"Ümid" partiyasının "125-lər" adlı seçki bloku ilə iki illik əməkdaşlığını, bu blokda seçkilərə qatılmağa üstünlük verdiyini və ADP-nin "125-lər" bloku ilə bu günə qədər heç bir əməkdaşlıq etmədiyini əsas götürərək "Ümid" partiyası ilə Azərbaycan Demokrat Partiyası (ADP) seçkilərdə ayrı-ayrılıqda, öz namizədləri ilə, müstəqil iştirak etmək haqqında razılıq əldə ediblər. Bununla da ADP seçkilərdə təklikdə iştirak etmək məsələsinə baxmaq üçün partiyanın müvafiq seçkili orqanının növbədənkənar yığıncağının çağırılması haqda qərara gəlib.

Xatırladaq ki, ADP ilə "Ümid" partiyası artıq bir neçə ildir "Qarabağ" siyasi blokunda müttəfiqlik edirlər. İki həftə əvvəl ADP sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında rəhbərlik etdiyi partiya ilə "Ümid" partiyasının parlament seçkilərində vahid bir blok şəklində iştirak etmək barədə ilkin razılıq əldə etdiyini bildirmişdi. S.Cəlaloğlu məlumat vermişdi ki, yaradılacaq yeni bloka üçüncü tanınmış bir partiya da qoşulmaq istəyir. ADP sədri bu məsələnin həmin partiyanın rəhbəri ilə birlikdə müzakirə ediləcəyini, ümumi prinsipial razılıqlar əldə ediləcəyi və həmin partiya da qoşulacağı halda blokun adının "Qarabağ" Blokundan fərqli ad olacağını, yeni blokun rəsmi təsisçisinin də "Ümid" partiyası, ADP və həmin adını gizli saxladığı partiya olacağını demişdi. S.Cəlaloğlu həmin partiyanın adının da razılıq əldə olunduqdan sonra ictimaiyyətə açıqlanacağını bildirmişdi.

Dünən ADP ilə "Ümid" partiyasının seçkilərdə ayrı-ayrılıqda iştirak edəcəyi barədə razılıq əldə olunduğunun rəsmi açıqlanması onu deməyə əsas verir ki, adı gizli saxlanılan üçüncü partiya ilə danışıqlar müsbət nəticələnməyib. Nəticədə, hətta ADP ilə "Ümid"in seçkidə birgə iştirak etmək barədə razılaşması da pozulub. S.Cəlaloğlu iki həftə əvvəlki açıqlamasında üçüncü partiya ilə razılaşma baş tutmayacağı halda "Ümid"lə ADP-nin blok şəklində seçkidə birlikdə iştirak edəcəyinin razılaşdırıldığını söyləmişdi.

Samir

Digər xəbərlər