Artıq bir neçə müddətdir ki, məhkəməsi gedən Xədicə İsmayılın öz ətrafında süni ajiotaj yaratmaq istəyi və təxribatçılıq cəhdləri onun istədiyi nəticələri verməməkdədir. Söz yox ki, Xədicə İsmayıl məhkəməsində boş yerə səs-küy qaldıraraq, əslində xarici səfirliklərin, bir sıra qərəzli təşkilatların diqqətini özünə tərəf yönəltməyə çalışır. Ancaq hər dəfə bir oyundan çıxan Xədicə İsmayılın bu cəhdləri də puça çıxır.
Ötən gün də Xədicə İsmayılın məhkəməsi baş tutub və o, bu dəfə özündən "qəhrəmanlıq simvolu" düzəltməyə çalışıb. Guya "heç nədən qorxmadığını" ictimai rəyə sırımağa çalışan Xədicə İsmayıl, əslində bu vastəylə qanun qarşısında nə qədər günahkar olduğunu anlamağa başlayıb. Törətdiyi qanunsuz əməllərinə görə barəsində ciddi ölçü götürləcəyini dərk edən dırnaqarası "jurnalist" qanun qarşısında öz tərbiyəsizliyini daha izafi formada sərgiləyib. Belə ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə məhkəmə heyətinin vəkillərin məhkəmə tərkibinə etirazı ilə bağlı qərarı elan edilib. Qərara əsasən, etiraz əsaslandırılmadığı üçün baxılmamış saxlanılıb.
Xədicə İsmayılın vergi pozuntularına yol verdiyi də təsdiqləndi
Xədicə İsmayılın cinayət işi üzrə keçirlən məhkəmə prosesində Bakı şəhər Vergilər Departamentinin mütəxəssisi İmran Nurməmmədov X.İsmayılın "Azadlıq" radiosunun rəhbərliyində çalışdığı zaman vergi pozuntularına yol verdiyini bildirib. O, aralıq aktında qeyd olunanları bir daha təsdiq edib. İ.Nurməmmədov bildirib ki, "Azadlıq" radiosunun Bakı bürosuna vəsaitlər daxil olsa da, onun xərclənmə təyinatları göstərilməyib. Yəni daxil olan vəsaitin hansı məqsədlə və hansı işlərə yönəlməsi ilə bağlı sənədlər olmayıb. O, əlavə edib ki, 2008-ci il ərzində radionun Bakı bürosu lisenziya olmadan qeyri-qanuni fəaliyyət göstərib. Bu da qeyri-qanuni sahibkarlıq fəaliyyəti kimi dəyərləndirilir.
Proses zamanı Xədicə İsmayıl qeyri-etik davranışlara yol verərək ittihamın mahiyyətinə uyğun olmayan məsələlərə dair fikir bildirmək istəyib. Bu zaman dövlət ittihamçısı tərəfindən məhkəməyə iclasda qaydanın təmin edilməsi ilə əlaqədar etiraz bildirilib. Məhkəmə tərəfindən Xədicə İsmayıla xəbərdarlıq elan edilməklə onun həmin davranışlarının qarşısı alınıb.
Ümumiyyətlə, istər yol verdiyi qanunsuzluqları, istərsə də anti-azərbaycançı fəaliyyəti ilə tanınan Xədicə İsmayılın kimliyi Azərbaycan cəmiyyətinə yaxşı bəllidir. Elə ona qarşı irəli sürülən ittihamlar da zaman-zaman müzakirə olunan məsələlərdir. Yəni X.İsmayılın hələ "Azadlıq" radiosunun Bakı bürosuna rəhbərlik etdiyi zamanlarda, eləcə də, ondan sonrakı müddətdə ermənipərəst dairələrlə əməkdaşlığı, onlardan alınan maddiyyat qarşılığında apardığı antimilli fəaliyyəti faktlarla ortaya çıxıb. Belə ki, hələ bir müddət öncə radionun əməkdaşlarından birinin şikayəti ilə "Azadlıq" radiosunun Azərbaycan xidmətində aparılan yoxlamalar nəticəsində şəffaf iş prinsiplərinin pozulduğu, nizamnaməyə əməl edilmədiyi aşkarlanıb. Bəlli olub ki, radionun nizamnaməsinə zidd olaraq, kənar maliyyə cəlb edilib. Bu isə birbaşa X.İsmayılın korrupsiya əməllərindən xəbər verən faktlardır.
Daha dəqiq desək, araşdırmalar zamanı ortaya çıxıb ki, Azərbaycan xidməti və Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır. "Azadlıq" radiosunun Bakı bürosunun hesabına rəsmi qaydada daxil olmayan bu pullar isə məhz X.İsmayılın qeyri-şəffaf və antimilli fəaliyyətinin "qazancı" sayılıb.
Bəli, bu faktlar X.İsmayılın birbaşa antimilli mərkəzlərlə əlbir olaraq Azərbaycanın milli maraqlarına qarşı pullu xidmətlər göstərdiyini bir daha ifşa edərək ortaya çıxarır. Vurğulamaq yerinə düşər ki, ötən il amerikalı jurnalist Maayan Yaffi də bu radionun bəzi qüvvələrin əlində "silaha" çevrildiyini bəyan etmişdi. O bildirmişdi ki, "Azadlıq" radiosu obyektiv xəbər və təhlillər vermək, daxili və regional məsələlər barədə müzakirələr təşkil etmək, demokratiya və azad bazar nailiyyətləri haqda bəhs etmək əvəzinə, bu dəyərləri bölüşən müttəfiq dövlətlərə hücum edir.
Görünən odur ki, X.İsmayılın sevdiyi "korrupsiya" sözü, elə, onun özünün əməlinin əsas prioriteti imiş. Ancaq X.İsmayıl bunu da bilməlidir ki, kimliyindən asılı olmayaraq hər bir kəs törətdiyi əməllərə görə qanun qarşısında cavab verməlidir və bu gün də keçirilən məhkəmə prosesində irəli sürülən ittihamlar şahid ifadələri ilə sübuta yetirilir.
Ü.ƏSGƏROV