PDF Oxu

Müxalifət

  • 2 058

İstefa verən cəbhəçi Əli Kərimli haqqında şok faktları açıqladı

image
Rahib Hacıyev: "Hər ay beş dəfə AXCP-yə qəzet pulu verirdim, nişan üzüyümü də satmışam"

AXCP-də istefa dalğası davam edir. Partiyadakı qarşıdurmalar səngimək bilmir. Razi Nurullayev AXCP adına iddialı olmasını açıqlayandan sonra, onun tərəfinə keçənlərin sayı günbəgün artmaqdadır. Əsasən də, qurumun qabaqcıl şəxsləri istefa verərək Əli Kərimlini ittiham edirlər. Görünür, uzun illərdir ki, partiyada "avtoritet"lik qazanmağa cəhd edən Ə.Kərimlinin sonu yaxınlaşır. Çünki AXCP-də Ə.Kərimlinin əleyhinə sürətlə təşkilatlanma gedir.

Bütün bu hadisələrin fonunda AXCP-də daha bir istefa reallaşıb. Partiyanın Suraxanı şöbəsinin üzvü Rahib Hacıyev istefa verərək, Razi Nurullayevi dəstəklədiyini bəyan edib. R.Hacıyev bildirib ki, AXCP-də vicdanlı insanlara qarşı həmişə total hücumlar olub: "2013-cü ilin iyulunda həbs edildim. Sonralar prezidentə müraciətim əsasında azadlığa çıxdım. AXCP-nin Suraxanı şöbəsinin üzvüyəm. Əfv ərizəsi yazdığıma görə, partiyadan çıxarıldığımı düşünürdüm. Amma maraqlananda dedilər ki, partiya üzvüsən. Azadlığa çıxandan iki gün sonra cəbhəçilərlə görüşdüm. Əsas narahatçılığım bu idi ki, mənə münasibətləri necə olacaq. Salam verən kimi, dedilər ki, qəzet pulu ver. Həbsxanada böyük əziyyət çəkmişəm. Hər ay beş dəfə qəzet pulu vermişəm. Şəxsən pulları təşkilatda özüm toplayırdım. Məni Suraxanı təşkilatında müavin təyin etmişdilər. İnanın ki, nişan üzüyümü belə satmışam. Həbsdə olduğum müddətdə bir cəbhəçi belə yanıma gəlmədi. Demokratiyadan danışırıq. Amma hazırda AXCP-də bu ənənə öldürülüb. Yerini yerlibazlıq, şəxsiyyətəpərəstlik tutub. Partiya tamam monopoliyaya çevrilib. Bu proseslərin başında partiya sədri dayanır. Həbsdən çıxdıqdan sonra dolanışıq çox çətin idi. Partiyanın idarə heyətinin iki üzvünə müraciət etdim ki, mənə iş tapmaqda kömək edin. Ən azından qəzetdə iş verəcəklərini düşünürdüm. Amma heç bir kömək etmədilər. Fikir verirəm ki, ancaq özlərini düşünürlər. Hansı üzvün başına nə gəlirsə gəlsin, veclərinə belə deyil. Partiyada gənclərimiz istəyirlər ki, demokratik ənənə yaratsınlar. Bu ənənəni yaşatmaq üçün mübarizə aparırlar. Artıq günü-gündən bu fikirdə olanların sayı durmadan artır. Amma yaşlı nəsil onlara imkan vermir. Diktatura əleyhinə danışırlar. Amma mən deyərdim ki, ən böyük diktatura AXCP rəhbərliyidir. Günü-gündən həmin insanlarda vəhşiləşmə meyilləri oyanır. Vəzifələrində hərislik baş alıb gedir".

"Cəbhəçilərə müraciət edirəm ki, ayılın, AXCP-də keçirdiyiniz hər saniyə sizlərə ziyandır"

AXCP-dəki istefalardan danışan R.Hacıyev qeyd edib ki, istefalar əsasən diktatura, yerlipərəstlik və haqsızlıqla bağlıdır: "Özümün əlaqəm var. Bu cür halları gözlərimlə görürəm. Ona görə də, hamı partiyadan gedir. İnsanı bu cür hallar incidir. Bizlər demokratiya uğrunda mübarizə aparırıq. Amma demokratiya təmsil olunduğumuz partiyada boğulur. Konkret olaraq, partiya rəhbəri Əli Kərimlinin yürütdüyü siyasətə etiraz olaraq istefa verirəm. Bu haqsızlıqların bir sonu olmalıdır. Amma görürəm ki, bu cür hallar AXCP-də günü-gündən artır. 2001-ci ildən partiyanın üzvüyəm. Son 4 ildə AXCP üzvü olmağıma zərrə qədər peşman olmamışam. Orada yaxşı dostlarım olub. O dostlarla bu dəqiqə bir yerdəyəm. Ayrılıb təşkilat yaradıblar. Yenə də onlarla birlikdəyəm. Mətbuat vasitəsilə AXCP-də qalan digər şəxslərə müraciət edirəm ki, ayılın, orada keçirdiyiniz hər saniyə sizlərə ziyandır. Nə qədər gec deyil, addımınızı atın. Sonra peşman olacaqsınız. Konkret olaraq, deyim ki, cəbhəçilərdən istifadə olunur. Düşünürəm ki, 4 il istifadə olunan şəxslərdən biri də mənəm. Mən həbsxanada olanda, Əli bəyin oğlu həbs olunmuşdu. Prezident seçkiləri ərəfəsində. 30 sutka həbs almışdı. Bu müddət ərzində hər gün onun güclü təbliğatı gedirdi. Amma mən həbs olunanda, 5 ildən 12 ilə qədər həbs gözləyirdim. Bir dəfə də olsun ki, yada salınmadım. Öz xeyirləri üçün insanlardan canlı əşya kimi istifadə edirlər. Limit bitəndə isə, dərhal kənara atırlar".

R.Hacıyev bundan sonra Razi Nurullayevlə birlikdə olacağını vurğulayıb: "Razi bəyin yanındayam. Bu andan etibarən onun tərəfinə keçirəm. Artıq bu gündən AXCP üzvü deyiləm".

Samir