PDF Oxu

Müxalifət

  • 2 490

Müxalifət düşərgəsində seçki-bloklaşma taktikası

image
Əhməd Oruc blok davasına qalxdı

Parlament seçkilərinə 2 ay vaxt qalmasına rəğmən, müxalif düşərgədə ciddi hazırlıq müşahidə olunmur. Məhz bu səbəbdən müxalifətdə yeni birliyin yaranması mümkün olmur. Əvvəlki illərdə müxalifət partiyaları seçki başlamazdan xeyli öncə bloklaşma istiqamətində müəyyən addımlar atırdı və uzunmüddətli olmayan birliklər yaradırdılar.

"Bəzi şəxslərin yaratdıqları birliklərin seçki bloku kimi təqdim olunması qanunauyğun deyil"

Bu fikirləri "Azadlıq" partiyasının sədri Əhməd Oruc seçkilərə "Azadlıq-2015" bloku ilə qatılacaqlarını və bəzi şəxslərin yaratdıqları birliklərin seçki bloku kimi təqdim olunmasını qanunauyğun olmadığını deyib: "Hazırkı vəziyyət dəyişməsə, Azərbaycanda 1 noyabrda keçiriləcək parlament seçkilərində cəmi bir seçki bloku iştirak edəcək. Həmin blok isə "Azadlıq - 2015" seçki blokudur".

Onun dediyinə görə, rəhbərlik etdiyi partiya üçün bu, həm həmin blokun təsisçilərindən biri olması, həm də blokun adının məhz "Azadlıq - 2015" olması xüsusi əhəmiyyət daşıyır. Ə.Oruc bəyan edib ki, seçkidə cəmi bir seçki blokunun iştirak etməsinə baxmayaraq, bəzi şəxslərin yaratdıqları birliklər yanlış olaraq seçki bloku kimi təqdim olunur: "Bəllidir ki, ölkədə fəaliyyət göstərən partiyaların əksəriyyəti seçkidə iştirak edəcəklərini elan etsələr də, "Azadlıq - 2015"dəki 8 partiyadan başqa bütün partiyalar seçkidə təkbaşına iştirak edirlər. 8 partiya "Azadlıq - 2015" seçki bloku ilə gedir. Ehtimal edilirdi ki, ADP və "Ümid" partiyası "Qarabağ" bloku olaraq qatılacaqlar. Keçən həftə rəsmən bəyan edildi ki, bu iki partiya ayrılıqda seçkiyə gedəcək və "Qarabağ" siyasi bloku da fəaliyyətini seçki bitənədək dayandırıb. Yəni onlar nəinki seçki bloku yarada bilmədilər, seçki məsələsi Qarabağ siyasi blokunun da sıradan çıxmasına səbəb oldu".

Ə.Oruc onu da qeyd edib ki, bir neçə müsavatçı gəncin yenicə elan etdiyi "Ağ blok"u yanlış olaraq mediada seçki bloku kimi təqdim edirlər: "Bu cür təqdimatı edənlərin və "Ağ blok"u yaradanların nəzərinə çatdırmaq istəyirəm ki, qanuna görə, seçki blokunu ancaq dövlət qeydiyyatından keçmiş siyasi partiyalar yarada bilər. Ayrı-ayrı fərdlərin, ictimai qurumların yaratdığı hansısa birlik seçki bloku ola bilməz, Mərkəzi Seçki Komissiyası onu seçki bloku kimi qeydə ala bilməz. Bu, Seçki Məcəlləsinin tələbidir. Təşkilat yaradıb adına blok sözünü əlavə etməklə cəmiyyətdə çaşqınlıq yaradırlar. İctimaiyyətdə çaşqınlıq yaratmağa ehtiyac yoxdur".

"Müxalifətin birləşməsinə əngəl olan yeganə qurum məhz "Milli Şura"dır"

Ə.Oruc "Milli Şura"nın koordinasiya şurasının rəsmisi Vidadi Mirkamalın boykota çağırış bəyanatına da münasibət bildirərək hesab edir ki, seçkilər öncəsi belə çağırışların edilməsi, ilk öncə, "Milli Şura"nın, AXCP-nin öz zəifliyini etiraf etməsi anlamındadır. Həmçinin, boykot edənlər seçki prosesinə qatılacaq partiyaları bu yolla ruhdan salmağa çalışırlar. Çünki özlərinin zəifliklərini bi yolla gizlədəcəklərini düşünürlər: "Milli Şura" deyilən qurum çox ziyanlı yolla gedir. Bu qurum, faktiki olaraq müxalifəti parçalayan siyasət yürüdür, özünü yeganə müxalifət adlandıraraq, müxalif mövqeli qurumların bir araya gəlməsinin qarşısını alır. Başqa sözlə, müxalifətin birləşməsinə əngəl olan yeganə qurum məhz "Milli Şura"dır. İkincisi, "Milli Şura"da təmsil olunanların çoxu vaxtilə hakimiyyətdən qovulmuş insanlardır. İndi də etikaya sığmayan fikirlər bildirirlər".

"Vidadi Mirkamal rüşvətxor keçmişini xatırlasın"

Ə.Oruc bildirib ki, əslində, bu gün boykot çağırışın edən "Milli Şura" üzvü Vidadi Mirkamal yaxşı olar ki, özü öz keçmişini araşdırsın və korrupsioner fərd olduğunu xatırlasın: "Vidadi Mirkamal uzun illər Bakı Dövlət Universitetində dekan müavini olub. O, həmçinin rüşvətxor müəllimlərdən biri olub. Mən onun tələbələrini tanıyıram. İndi bunlar bizə təklif edirlər ki, seçkiyə getməyək, seçki prosesini boykot edək? Onlar müxalifətin bir araya gəlməsini istəmirlər, seçkilərdə iştirak etməyi, mübarizə aparmağa qarşıdırlar. Bunu hansı məqsədlə və kimin sifarişi ilə edirlər? Gündə bir radikal bəyanat verirlər və həm də özlərini düşünürlər ki, qrant alsınlar və s. Biz seçkidə iştirak etməliyik. Bilmirəm bunların apardığı bu ziyanlı siyasətin sonu necə olacaq".

Dəyişilməzlik və eynilik xalqı bezdirib

Təbii ki, belə bir məqamda nə xalqdan, nə də elektoratdan hər hansı dəstəyi gözləməyə dəyməz. 22 ildir eyni sözün təkrarlanması, eyni "siyasətin" yürüdülməsi, eyni çağırış və bəyanatların verilməsi, eyni ittihamların irəli sürülməsi, eyni mitinqlərin keçirilməsi, bütün bunların arxasından isə eyni simaların, eyni fərdlərin çıxması xalqı sözün gerçək mənasında bezdirib.

Ənənəvi müxlaifət isə hər məsələdə iqtidarı günahlandırmaqdansa, əslində özünə sual etməlidir ki, o, çıxış yolunu daha hansı vəziyyətdə görür? Çıxış yolunun isə birinci tələbi məhz radikalizmdən imtina etmək və ümummilli maraqlara cavab vermək şərti ilə yeni siyasi addımlara getməklə bağlı ola bilər. Fəqət, radikalizm kökü üzərində bitən müxalifət bunu dərk etmək qabiliyyətinə malik olmadığını isbat edir. Halbuki ənənəvi düşərgədə yeni təfəkkür, düşüncə tərzi olmalıdır. İqtidar qəbul olunmalı, onunla həm ümummilli, həm də digər məsələlərdə əməkdaşlığa gedilməlidir. Əgər bunü da gücləri çatmasa, demək, bu ilin parlament seçkiləri onlar üçün sonuncu siyasət ili olacaq. Mövcud vəziyyət belə diktə edir.

Ü.ƏSGƏROV