PDF Oxu

Müxalifət

  • 2 198

Əli Kərimlinin xəyanəti AXCP-də üsyan yaratdı

image
Partiya sədrinin yürütdüyü mənfur siyasət növbəti kütləvi istefalara yol açır

Parlament seçkilərinin vaxtı azaldıqca radikal müxalifət düşərgəsindəki partiyalarda baş verən qarşıdurma və istefalar dağıdıcıların hansı durumda olduqlarını bir daha ortaya qoyur. AXCP-dəki acınacaqlı vəziyyət isə bu baxımdan daha qabarıq şəkildə nəzərə çarpır. Əslində, AXCP-nin daxilində hökm sürən böhranın səbəbi Əli Kərimlinin yaratdığı despot idarəçilikdir. Belə ki, onun rəhbərlik etdiyi partiyada fərqli fikir söyləyənlər ya təzyiqlərə, zorakılığa tuş gəlir, ya da istefa vermək məcburiyyətində qalırlar.

Beləliklə, son proseslər AXCP-də Əli Kərimli və yaxın ətrafının yaratdığı diktatura rejiminin hökm sürdüyünü bir daha bütün çılpaqlığı ilə ortaya qoyur. Məhz bunun nəticəsidir ki, avqustun 24-də AXCP Sumqayıt təşkilatının bir qrup üzvü istefa verərək Razi Nurullayevin rəhbərlik etdiyi "AXCP Etimad Qurultayını Təşkilat Komitəsi"nə qoşulublar. AXCP Sumqayıt şəhər təşklatının üzvləri Şakir Məmmədov, Məmmədyar Məmmədov, Bəhrəm Qasımov, İmran Muradxanov, Mübariz Ağaməmmədov, Əvəz Məmmədov, Allahverdi Zeynalov, Rövşən Muradov, Elşən Muradov Razi Nurullayevə dəstək bəyanatı yayıblar. Bəyanatda bildirilib ki, AXCP-nin içində "gizli əl" kimi işləyən fitnəkar və xain ünsürlərin əməyi nəticəsində partiya üç yerə bölünüb: "Məşhur dirijor çubuğu zaman-zaman bölünmüşləri müxtəlif adlar altında "SİDSUH", "İctimai Palata" və nəhayət, 2013-cü il prezident seçkilərində "Milli Şura" adı altında fəaliyyət göstərməyə vadar etdi. Ənənəvi olaraq yenə də sehrli çubuq "Milli Şura"da olanları pərən-pərən saldı. Bundan sonra xalqda gözünü dikdiyi müxalifətə qarşı bir inamsızlıq yarandı. Dünya təcrübəsində istər demokratik, istərsə də despot təmayüllü ölkələrdə 22 il müxalifət yerində saymır. Bəhanə gətirərək, əks-arqument bildirənləri də qəbul etmirik. Müxtəlif liderlər ətrafında birləşərək, alver predmetinə çevrilən bizlər yorularaq usandıq".

Əli Kərimli mahiyyət etibarilə bolşevikdir

Həmçinin, avqustun 24-də AXCP Nərimanov şöbəsinin məclis sədri Rüfət Əliyev də partiyadan istefa verib. R.Əliyev bildirib ki, Əli Kərimlinin yürütdüyü siyasət nəticəsində illərdir ətrafı boşalmaqda davam edir. Onun sözlərinə görə, Əli Kərimli siyasətin xəyanət simvoludur: "Onu tərk edən insaların hamısı məhz bir səbəb var: xəyanət! Bu adam öz şəxsi maraqları üçün istənilən adama xəyanət edib. Kimlər onun xəyanəti ilə qarşılaşmayıb? Bu adamın mahiyyəti budur. Kim bunun kimi düşünmürsə, deməli, düşməndir. Bu ətrafında olan insanlara düşmənçilik təbliğ edir və onlara özü kimi davranmağı tələb edir. Ona görə də bu istefalar baş verir. Əli Kərimli mahiyyət etibarilə bolşevikdir. Bir müddət əvvəl NİDA-cı gəncləri qızışdırmaqla onları həbsxanaya göndərdi. Bir neçə gün bundan qabaq bu gənclərin bəziləri əfvə düşdülər. Ancaq Əli Kərimli bu gənclərin heç birini ziyarət etmədi. Əksinə məyus oldu ki, niyə gənclər həbsxanadan çıxdı. Bunların hesabına beynəlxalq təşkilatlardan qrant alırdı".

"SƏS"ə verilən məlumata görə, AXCP rəhbərliyi hər zaman Əli Kərimlidən imtina edənlərin arxasınca danışmaqdan belə çəkinmirlər. Əgər kim onlarla yollarını ayırırsa, ona qarşı kampaniya aparırlar.

Beləliklə, AXCP-də baş verən olaylar onu göstərir ki, artıq cəbhə daxilində kimsə Əli Kərimlini sədr postunda görmək istəmir və vaxtilə partiyaya hay-hayla gələn Əli Kərimlini vay-vayla qovmalı olacaqlar. Artıq bunun başlanğıcı görünməkdədir.

Rəfiqə HÜSEYNOVA