PDF Oxu

Müxalifət

  • 1 996

"Əli Kərimli bitmiş siyasətçidir "

image

Elşən Musayev: "Müxalifət beynəlxalq təşkilatların "işverəni", "donos" ötürəni olub"

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir

- Elşən müəllim, parlament seçkiləri ərəfəsi bəzi siyasiləşmiş QHT-lərin, müxalif partiyaların anti-milli fəaliyyət yolu tutmaları nədən irəli gəlir?

- Bu proses onların xislətindən irəli gəlir. Məhz sahib olduqları xislətdən. İstəsələr də başqa cür ola bilməzlər, arzu etsələr də fərqli yol tuta bilməzlər. Çünki Azərbaycanın ictimai - siyasi həyatında bəlli bir qrup hər zaman eyniadlı missiyanı həyata keçirib: Beynəlxalq təşkilatların, donorların, müxtəlif lobbilərin söz aparıb - söz gətirəni, "işverəni", donos ötürəni olub. Düzdür, heç bir zaman məqsədlərinə nail ola bilməyiblər. Yəni Azərbaycana qarşı yürütdükləri anti-milli fəaliyyət nəticəyə varmayıb. Amma yenə də əllərindən gələni əsirgəməyiblər və bu gün də öz destruktiv əməllərini davam etdirirlər.

Hər kvartalda ərə gedən, ya da evlənən adamlar kimi niyə gündə bir məkan, bir blok, bir mərkəz dəyişirsən?

- Müxalifətin seçki blokları dağıldı və yenilərinin yaradılmasına isə cəhdlər göstərilir. Əgər blok vardısa, onda müxalifətin yeni blok yaratmağa cəhd etməsi təəccüb doğurmur ki?

- Azərbaycan müxalifəti təməldən belədir. Heç vaxt iş üstündə mübarizə aparmayıblar, dərdləri ancaq ad, təşkilat, qurum və səlahiyyət olub. Amma ayrı vaxt deyirlər biz ideoloji xətt yürüdürük. Adamlara sual etmək gərək: İdeologiyan varsa niyə bütövləşə, sözü bir yerə qoya, eyni məqsəd uğrunda mübarizə apara bilmirsən? Hər kvartalda ərə gedən, ya da evlənən adamlar kimi niyə gündə bir məkan, bir blok, bir mərkəz dəyişirsən? Deməli, yekdillik, təmərküzləşmə, kompromis yoxdur. Amma inanın, olsa da bir şey dəyişməzdi. Niyə? Çünki Azərbaycan müxalifəti lap çoxdan tarixin arxivinə gömülüb. Ölünün yenidən dirilmə faktı, presidenti isə hələ bəşəriyyətə bəlli deyil.

Müxalifət YAP -ın yanından toz da olub ötə bilməyib

- Müsavat Arif Hacılının başqan seçilməsi ilə dağılmağa başladı. Hazırkı mərhələdə isə eyni proses AXCP-də baş verməkdədir. Bu baxımdan indidən demək olarmı ki, Müsavat və AXCP parlament seçkilərində məğlubiyyətə uğrayacaqlar?

- Tam səmimi deyirəm. Bu iki təşkilatın dağılıb-dağılmaması arasında heç bir fərq yoxdur. Çünki sıfırı neçəyə vursan, yenə sıfır edir. Və bir daha təkrar edirəm. Azərbaycan siyasətində Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan ideologiyaya, idarəetməyə kimsə alternativ, rəqib ola bilməz. Ona görə ola bilməz ki, bu yol özündə 23 il boyunca vətənimizin, dövlətimizin uğurlarını, rifahını, tərəqqisini ehtiva edib. Müxalifət həmin müddət ərzində YAP-ın yanından toz da olub ötə bilməyib. Növbəti gedişatlarda da eyni mənzərəni seyr edəcəyik.

- Sizcə, Razi Nurullayev AXCP-ni Əli Kərimlinin əlindən almaq uğurunda başladığı mübarizədə uğur qazana biləcəkmi?

- Bu məsələ AXCP -nin daxili işidir. Bizə isə sadəcə arzulamaq qalır ki, Ədliyyə Nazirliyi eyniadlı duruma qarşı həssas davransın, düzgün qərar qəbul etsin. Yəni AXCP kimin haqqıdırsa, bu partiyaya da həmin insan rəhbərlik eləsin. Şəxsən mənim fikrimcə, Əli Kərimli bitmiş siyasətçidir. O, nəinki AXCP -ni, heç hansısa QHT -ni belə idarə edəcək gücdə və ağılda deyil. Sadəcə, insanları öz monopolist məngənəsində əsir - yesir edib. Həmin təşkilatda cəmlənən səmimi insanlar da özlərinə nifrət edirlər ki, onların rəhbəri Kərimli kimi uğursuz və bəsit biridir. Elə Razi bəy də təşkilatdan bu səbəbə görə uzaqlaşıb. Diktatura rejiminə davam gətirə bilməyib, Əli Kərimlinin idarəetmə üsuluna qarşı üsyan qaldırıb. Odur ki, məncə, gözləyək. Hər halda nəticə çox yaxında bəlli olacaq və ümid edirəm ki, tezliklə Əli Kərimli adında ünsürün Azərbaycan siyasətindən tamamən uzaqlaşdığının şahidi olacayıq. Çünki bu adam həqiqətən də siyasətimiz adına ləkədir.

Bu bəla, bu virus müxalifəti uzun illər boyunca tərk etməyib

- Müxalifətin cəmiyyətdə uğur qazana bilməməsinin və seçkilərdə məğlubiyyətinin başlıca səbəbi müxalifət liderlərinin apardıqları siyasət olduğunu demək olarmı?

- Azərbaycan müxalifətində lider defisiti var. Bu bəla, bu virus müxalifəti uzun illər boyunca tərk etməyib. Ona görə pərən-pərən olublar. Başlarına çıxanlar da düşmək istəməyib, tamamən despot rejim, şəxsiyyətə pərəstiş sistemi yaradıb. Özünə müxalif lider deyənlər qazanıb, yeyib-dağıdıb, quru və mənasız ideologiya ilə yaşayanlar isə bunların fitvası ilə ya cinayət törədib həbsə giriblər, ya da uyduqları, inandıqları yalanların, nağılların amansız məhrumiyyətinə düçar olublar. Hamısı da yarıtmaz siyasətin nəticəsində. Odur ki, bundan sonra da hər hansı bir möcüzə gözləməyə dəyməz. Azərbaycan müxalifəti yeni nəsil yetişdirməlidir. Əli Kərimli ilə ən yaxşı perspektivdə quyunun dibinə qədər getmək olar. O da ən uzağı. Getmək istəyənlər buyursun. Qapı açıqdır. Kimsənin siyasi iradəsinə təsir etmək olmaz. Amma əmin olun ki, özünə hörmət edənlər sonda ayılıb, bu yoldan sapıb düz istiqamətə yönələcəklər. Əli Kərimlinin olmadığı, diktə etmədiyi, insanları aldatmadığı istiqamətə.

GÜLYANƏ

Digər xəbərlər