Böyük Britaniya səfirliyi öz "görüş planını protokol qaydaları" doldurmaq üçün radikallarla oyun oynayır
Böyük Britaniyanın Bakıdakı səfirliyində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Maykl Tathamla radikal müxalifət nümayəndələri arasında görüş keçirilib. Görüşdə Müsavat partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, "REAL" Vətəndaş Hərəkatının icra katibi Natiq Cəfərli və Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iştirak ediblər.
Böyük Britaniya Səfirliyi vasitəsilə mətbuata ötürülən məlumatda bildirilir ki, görüşdə ölkəmizdə ictimai-siyasi vəziyyət, Qarabağ konfliktinin ədalətli həlli yolları, siyasi məhbuslar problemi, yaxınlaşan parlament seçkiləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Böyük Britaniya səfiri də, bu dövlətin hər hansı nümayəndəsi də radikal müxalifətlə görüşə bilər, bu, normal haldır. Ölkədə demokratik mühit mövcud olduğuna görə istənilən siyasi partiya ilə xarici nümayəndəliklər, korpuslar arasında görüşlər, müzakirələr baş tuta bilər. Lakin ortada qaranlıq məqamlar var. Məlumatların "görüşdə Qarabağ konfliktinin həlli yolları və yaxınlaşan parlament seçkiləri müzakirə olunub" şəklində tirajlanması bunun uşaq oyunundan başqa bir şey olmadığını sübut edir. Bir növ Böyük Britaniya səfirliyi də öz "görüş planını protokol qaydaları" doldurmaq üçün radikallarla oyun oynayır. Digər tərəfdən, görəsən, parlament seçkiləri ilə bağlı səfir radikallarla nəyi müzakirə edə bilər? Əvvəla, ölkə parlament seçkiləri ərəfəsində olmasına baxmayaraq radikal müxalifət düşərgəsində seçki ab-havası qətiyyən hiss olunmur. Əksinə, istefa dalğası onların fəaliyyətini tamamilə iflic edib. İkincisi, radikalların özləri seçkidə iştirak etməkdə maraqlı deyillər. Bunun bir çox səbəbləri olsa da, əsas səbəb onların özlərini elektoratsız hiss etmələri və sosial bazadan tamamilə məhrum olmalarıdır.
Hesab edirik ki, bu görüş də Böyük Britaniyanın seçkiöncəsi radikal müxalifətlə ənənəvi görüşlərinin tərkib hissəsidir. Yəni burada qeyri-adi bir şey yoxdur və burada hər hansı bir xarici dövlətin radikal müxalifətə dəstək verməsindən söhbət belə gedə bilməz. Bu, sadəcə, protokol qaydadır. Necə deyərlər, hər kəs öz işinə görə maaş alır.
Ancaq ortada bir sıra vacib məqamlar var. İngiltərə dövləti radikalları açıq şəkildə dəstəkləyəcək qədər avam olmasa da, bu dövlətə tabe olan bir sıra təşkilatlar var ki, onlar bu məsələdə tam ciddidirlər. İngiltərəyə məxsus "hüquq müdafiəçisi" adı altında fəaliyyət göstərən təxribatçı qurumlardan söhbət gedir. Çünki bizim radikal müxalifətin başını bir konfetlə aldatmaq mümkün olduğu üçün İngiltərənin min neçə yüzüncü adamı və ya təşkilatı bunların informasiyalarından istifadə edəcək, hesabatlar hazırlayacaqlar. Əvəzində isə qrant, çirkli pullar... Bu da radikal müxalifətin dediyi və fərəhləndiyi əməkdaşlıq.
Samir