AXCP Suraxanı rayon şöbəsinin gənclər komitəsinin keçmiş sədri Ehtiram Mehdiyev: "Artıq Əli Kərimli erasına son qoymalıyıq"
- Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız orada gicitkən və tikandan başqa bir şey tapa bilməzsən. Mən 2009-cu ildə AXCP sıralarına könüllü şəkildə üzv olmuşam. AXCP- də olan hər kəs kimi əvvəllər mən də Əli Kərimlini "supermen" kimi görürdüm. 2010-cu ildə Əli Kərimlinin şəxsi təyinatı ilə AXCP Suraxanı rayon şöbəsinin gənclər komitəsinin sədri oldum və az müddət ərzində ətrafıma yüzlərlə gənc topladım. Partiyada uğursuz siyasəti görüb tənqidə başladıqda isə məni partiyadaxili işlərdən uzaq tutmağa başladılar. Bizə öz liderinə qarşı çıxmamağı, istənilən halda onu tənqid etməməyi əmr kimi qəbul etdirmişdilər. Artıq Əli Kərimli erasına birlikdə son qoymalıyıq. Bizə 23 ildir öz şəxsi mənafeyinə qulluq edən müxalifət yox, yeni fikirli, intellektual gənclər lazımdır. Əli Kərimli illərdir gənclərdən qul kimi istifadə edib. Bu, yolverilməzdir. Bu insan onlarla gənci partiyadan bezdirib istefa etmələrinə zəmin yaradıb. Qarşıdan qurultay gəlir. Düşünürəm ki, Əli Kərimli bu qurultaya getməyəcək. Çünki qurultaya getsə, gərək istefa versin. Çünki onu istefa verməyə məcbur edəcəklər. Ona görə də biz AXCP-ni öz şəxsi biznesi kimi idarə edən Əli Kərimlidən alıb xalqa qaytaracağıq.
AXCP-nin Suraxanı rayon təşkilatından istefa verən gənc Cavid Nəbiyev: "Partiyada gördüklərim məni oradan uzaqlaşdırdı"
-AXCP də olduğum müddətdə Əli Kərimlini hər zaman dəstəkləmişəm. Amma son zamanlar partiyada gördüklərim məni oradan uzaqlaşdırdı. Dəfələrlə Əli Kərimliyə görə döyülmüşəm, cərimələnmişəm. Bunun müqabilində isə heç zaman partiyadan dəstək görmədim. Bir insan belə mənim problemlərimlə, həyatımla maraqlanmadı. Bu gün məni xəyanətdə suçalyanlara demək istəyirəm ki, mən təmsil olunduğum partiyaya heç vaxt xəyanət etməmişəm. Elə adamlar mənim ünvanıma mesaj göndərirlər ki, halbuki mən orda olanda heç onların izi-tozu da yox idi. Bu günə kimi fəhləlik edib partiyaya kömək etmişəm. Onların heç birini halal etmirəm. İndi haqqın yanındayam, Razi bəyin siyasətini dəstəkləyirəm. Bundan sonra kimin nə deyəcəyi məni maraqlandırmır.
AXCP-nin Suraxanı payon təşkilatındakı "Hövsan-2" dayaq dəstəsinin istefa verən üzvü Vilayət Muxtarov: "Biz satqın deyilik, biz satqınlara qarşı çıxanlarıq"
-Əli Kərimli ölkədə demokratiya axtarır, amma partiyasından xəbəri yoxdur. Öncə bir get partiyadaxili proseslərə bax, sonra bu cür bəyanatlar səsləndir. Özü bilə-bilə bizi güclə meydanlara göndərib sonra da tutdururdu. Zorla "Azadlıq" qəzetinə abunə edib, ayda 10 manatımızı alırdılar. Amma bizə konkret demirdilər ki, qəzetə yığırıq. Deyirdilər ki, qəzetimizi dövlət cərimələyib, ona görə də kömək etmək lazımdır. Digər bir tərəfdən də indi Əli Kərimlinin ətrafında özü kimi bir neçəsi var ki, bizə satqın deyir. Biz satqın deyilik, biz satqınlara qarşı çıxanlarıq. Özlərini sığortalamaqdan ötəri min bir yalana əl atanların, ümumiyyətlə siyasət adına, partiya adına danışmağa haqları yoxdur.
İntizarə Məmmədova