Əziz Məmmədov: "Avropa İttifaqı Əli Kərimlidən aldığı informasiyalarla ölkəmizə qarşı qara piar kampaniyası aparacaq"
Avropa İttifaqının Bakıdakı səfiri Malena Mard Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə görüşüb. Avropa Ittifaqının Bakıdakı nümayəndəliyinin ofisində baş tutan görüşdə hazırda ölkədəki ictimai-siyasi vəziyyət, xüsusən qarşıdan gələn parlament seçkiləri müzakirə olunub.
AXCP sədri Əli Kərimli "Azadlığ"a açıqlamasında bildirib ki, müzakirələr zamanı ölkədə seçkiqabağı durumu dəyərləndirməklə yanaşı, rəhbərlik etdiyi partiyanın parlament seçkilərilə bağlı mövqeyi də ifadə olunub. "Azadlıq"da qeyd olunur ki, bu günlərdə "Milli Şura" parlament seçkiləri, ölkədə seçki öncəsi durum barədə geniş həcmli hesabat yaymışdı. Görüş zamanı Avropa İttifaqının təmsilçiləri hesabat barədə kifayət qədər məlumatlandırılıb.
Bu görüş barədə "SƏS" qəzetinə açıqlama verən siyasi ekspert Əziz Məmmədov bildirdi ki, Avropa İttifaqının Bakıdakı səfirinin AXCP sədri ilə görüşü daha çox "hesabat tələbetmə" xarakterlidir: "Çünki AXCP-nin Avropa İttifaqına bağlı olan müxtəlif QHT-lərlə gizli əlaqələri var. Müxtəlif layihələr adı altında, eləcə də müxalifətçilərə məxsus QHT-lərin və AXCP-nin maliyyələşməsində bu qurumun rolu danılmazdır. Əgər fikir verirsinizsə, Əli Kərimli özü açıqlamasında etiraf etdi ki, ölkədəki vəziyyətlə bağlı səfiri kifayət qədər məlumtlandırdıq. Bu, o deməkdir ki, qısa bir müddətdən sonra Avropa İttifaqı Əli Kərimlinin "informasiya"larına əsaslanaraq Azərbaycan haqqında hansısa təşkilat vasitəsilə qara piyar kampaniyası aparacaq. Guya seçkiöncəsi ölkədə vəziyyət dözülməzdir. Ə.Kərimli səfirə hesabat verdi və bu ilk belə hesabat deyil. Avropa İttifaqının səfirinin isə belə açıq şəkildə AXCP sədrindən hesabat alması ölkəmizə bir siqnaldır. Guya demək istəyir ki, biz məlumatları şəffaf şəkildə əldə edirik. Ancaq əsas məsələ məlumatın açıq və ya gizli alınmasında yox, mənbənin özünün şəffaf olmasındadır. Bu da ki, hər kəsə aydındır".
Ə.Məmmədov Əli Kərimlinin açıqlamasında "Avropa İttifaqına inteqrasiyanı da müzakirə etdik" deməsinə də şərh verib. O, qeyd edib ki, əslində radikal müxalifət Qarabağ probleminə görə beynəlxalq təşkilatların, elə Avropa İttifaqınını da ünvanına sərt fikirlər söyləyib: "Bildirirlər ki, Azərbaycan Avropa İttifaqı olmadan da Azərbaycan Avropa dövləti ola bilər. İndi isə Avropa İttifaqı ilə əməkdaşlıqdan danışırlar. Lakin əsas məsələ odur ki, Azərbyacanın kimlə, necə və hansı formada əməkdaşlıq edəcəyini Əli Kərimli deyil, Azərbaycan dövləti müəyyənləşdirir. Bu görüş həm də taktikadır. Səfir həm də özünün "iş planı"nı doldurur".
Samir