AMDP AXCP-ni atıb, Müsavatı tutur
İsgəndər Həmidovun sədri olduğu Azərbaycan Milli Demokrat Partiyası (AMDP və ya "Boz qurd") daha öncədən AXCP-nin və "Milli Şura"nın boykot qərarına qatılacağını bəyan etsə də, bu günlərdə məlum olub ki, onun adı Müsavatın tərtib etdiyi seçki siyahısında yer alıb. Daha dəqiq desək, AMDP sədri "Milli Şura"nın və AXCP-nin mitinqlərinə qatılsa da, Əli Kərimli-Cəmil Həsənli cütlüyünün mövqeyindən çıxış etsə də, nəticədə onlara necə deyərlər, gəliş gəlib. Xatırladaq ki, Müsavat partiyasının məclisi parlament seçkilərində iştirakla bağlı rayon təşkilatları tərəfindən namizədliyi razılaşdırılmış şəxslərin adlarını açıqlayıb. Belə ki, həmin namizədlər arasında 123 saylı Kəlbəcər Seçki Dairəsindən AMDP sədri İsgəndər Həmidovun da adı yer alıb.
Həmidov həqiqətən də öz partiyasına güvənirsə, elə rəhbəri olduğu partiyasının sıralarından namizədliyini irəli sürərdi
Bu zaman belə bir sual yaranır ki, əgər son zamanlara qədər AXCP və "Milli Şura"nın mövqeyindən çıxış edən, mitinqlərdə Müsavatın hakimiyyətə satıldığını iddia edənlərin həmin ifadələrini dəstəkləyən İsgəndər Həmidov nədən birdən-birə bu mövqeyini dəyişərək, məhz üzvü olmadığı Müsavatın sıralarından seçkilərə qatılacağını bəyan edib? Maraqlısı da budur ki, hətta Müsvat rəhbərliyi də İsgəndər Həmidovun başqa partiyanın təmsilçisi olmasına rəğmən, onların arasından seçki prosesinə qatılacağını "normal" hesab edib. Hansı ki, burada normallıqdan əsər-əlamət belə görünmür. Çünki Həmidov həqiqətən də öz partiyasına güvənirsə, elə rəhbəri olduğu partiyasının sıralarından namizədliyini irəli sürərdi. Demək, ona partiya deyil, deputatlıaq lazımdır və buna görə də öz təşkilatına qarşı etimadsızlıq nümayiş etdirərək, Müsavata tərəf meyillənib.
Beləliklə, görünən məsələ də budur ki, son ana qədər "Boz qurdlara" ümid bəsələyən AXCP rəhbərliyi əlində olan bu "rıçaqı" da buraxmış olub.
Bir neçə "Boz qurd" təmsilçisi İsgəndər Həmidova dəstək verməyəcəklərini də bəyan ediblər
Belə olan vəziyyətdə biz İsgəndər Həmidovun Cəmil Həsənli-Əli Kərimli cütlüyünə sözün əsl mənasında "atış gəldiyini" deyə bilərik. O, mitinqlərə qatılıb özünü reklam etdirdikdən sonra indi də "müsavatçılıq ideologiyası" ətrafında "siyasi uğur" barədə planlar qurmağa başlayıb. Ancaq onun bu addımı AMDP-nin təmsilçiləri tərəfindən birmənalı olaraq dəstəklənmir. Məsələn, partiyanın bir neçə aparıcı funksioneri Həmidovun məhz öz partiyasının sıralarından seçkilərə qatılmalı olduğunu bildiriblər. Ancaq bunun tamamilə əks olduğu üzə çıxdıqdan sonra bir neçə "Boz qurd" təmsilçisi İsgəndər Həmidova dəstək verməyəcəklərini də bəyan ediblər. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, artıq partiya fəaliyyətsiz vəziyyətində olduğu kimi, həm də parçalanma durumundadır. İsgəndər Həmidovun son addımı da məhz belə düşünməyə zəmin yaradır.
Mübariz QULİYEV