Başqan Arif Hacılının qrup maraqlarının ifşası davam edir
Müsavat partiyasında seçkiqabağı qarşıdurmalar şiddətli müstəviyə keçməklə yanaşı, təşkilatı məlum hadisələr fonunda zəbt etmiş Arif Hacılının da ifşası zaman-zaman üzə çıxmaqdadır. Onun partiyanın rəhbərliyini mənimsəməsi, eləcə də rəhbər postlarını özünküləşdirməsi arxasında dayanan maraqlarından biri də payızda keçiriləcək parlament seçkiləridir ki, məhz bugünkü qarşıdurmaların kökündə də bu amilin olması şübhəsizdir. Seçkilərə hazılıqdan tutmuş namizədlərin müəyyənləşdirilməsinə, eləcə də siyahıya alınmasına qədər davam edən prosesdə qalmaqallar bitib-tükənmir.
Onlar demək olar ki, eyni mövqedən çıxış edərək, əsas zərbəni məhz Arif Hacılının Müsavatdakı klanına endirməkdədirlər
Bu arada qurultaydan sonra partiya sıralarından çıxarılmış sabiq başqan müavini, hazırda "Azərbaycan Demokratiya və Rifah" adlı hərəkata sədrlik edən Qubad İbadoğlu, eləcə də Müsavat fəalı, keçmiş divan üzvü, hazırda "Ağ Blok" adlı quruma rəhbərlik edən Tural Abbaslı başqan Arif Hacılının qrup maraqlarından çıxış etdiyini bəyan edirlər. Onlar demək olar ki, eyni mövqedən çıxış edərək, əsas zərbəni məhz Arif Hacılının Müsavatdakı klanına endirməkdədirlər.
Məsələn, Tural Abbaslı da mətbuata açıqlamasında deyib ki, Müsavat partiyasının deputatlığa namizədlər siyahısına baxanda aydın görünür ki, siyahı partiyadakı müəyyən bir qrupun maraqlarına uyğun hazırlanıb. Sitat: "Siyahının Müsavatın ümumi maraqlarına cavab verdiyini söyləmək çətindir. Burada Arif Hacılının qrup maraqları partiya mənafeyindən üstün tutulub". Abbaslının fikirincə, cəmiyyətdə kifayət qədər nüfuz sahibi olan müsavatçı var ki, onların adı namizəd kimi göstərilməyib: "Vurğun Əyyub, Qubad İbadoğlu kimi tanınmışların adlarının siyahıda olmaması göstərir ki, namizədlər müəyyənləşdirilərkən Arif Hacılı qruplaşmasının maraqları əsas götürülüb."
Tural Abbaslı Hacılının "arqumentlərini" bəhanə hesab edir
"Ağ Blok" rəsmisi ona da işarə edib ki, canlarını müsavatçılıq ideologiyası ətrafında qoyanlar, həbsxanalara düşənlər bu gün Aruf Hacılı klanı tərəfindən sıxışdırılmaqdadırlar. Onların partiya üçün göstərdikləri fəaliyyətləri isə heçə endirilir. Belə ki, bu gün Arif Hacılının namizəd kimi siyahıya aldırdığı adamların heç biri bunlar qədər əziyyət çəkməyiblər: "Siyahını, bütövlükdə, uğurlu saymaq olmaz. Müsavat partiyasının həbsdə olmuş üzvlərinin adları siyahıda yoxdur. İndiki rəhbərlik bunu texniki məsələ ilə əlaqələndirir. Guya, siyahıda olmayanlar partiyaya ərizə ilə müraciət etməyiblər və s. Bunların hamısı bəhanədir. Məndə olan məlumata görə, siyahıda olanların 90 faizi öhdəlik ərizəsini doldurmayıblar".
T.Abbaslı, həmçinin özünün də adının siyahıda olmamasından təəccüblənmədiyini deyib: " Açığı, siyahı bizim üçün o qədər də maraqlı deyil. Müxalifətin hər bir namizədinə uğurlar arzulayırıq. Biz hazırda seçkilərə hazırlıq işlərimizi davam etdiririk."
Qubad İbadoğlu ABŞ-dan gələr-gəlməz Hacılı barədə işıq üzü görməmiş faktları mətbuat konfransında səsləndirəcək
Hazırda ABŞ-da olan "ADR" hərəkatının sədri Qubad İbadoğlu da Arif Hacılının mövcud addımından narazı qaldığını, hətta özünün partiyada rəsmən təmsil olunmamasına rəğmən, oradakı köhnə tanışlarının siyahıya alınmamasını belə izah edib ki, artıq ortada Hacılı klanının aşkar nümunəsi mövcuddur. Məsələn, İbadoğluna yaxınlığı ilə seçilən "ADR" üzvünün dediyinə görə, birinci telefon zəngi edərək bildirib ki, yaxın günlərdə onun ABŞ-a səfəri başa çatmaq üzrədir və o, Bakıya geri döndükdən sonra Arif Hacılı haqqında hələ də cəmiyyətə məlum olmayan faktlar barədə mətbuat konfransı vasitəsilə danışacaq. Qeyd edilib ki, hətta Arif Hacılının bir neçə xarici səfirliyin nümayəndəsi ilə görüşündə səsləndirdiyi audioyazılar da ictimai rəyə təqdim ediləcək. Həmin səs yazılarında Müsavat partiyasının strukturunun dəyişdirilməsi barədə ona verilən bir neçə göstəriş mövcuddur.
Beləliklə, vəziyyət getdikcə kritik hala doğru istiqamət almaqdadır. Seçkilərə isə sayılı günlər qaldıqca, Arif Hacılının gizli oynadığı kartları da açığa çıxmaqdadır. Bu isə Müsavatı zəbt etmiş Hacılı klanına heç də yaxşı siyasi gələcək vəd etməyən haldır.
Rövşən RƏSULOV