TƏRS BAXIŞ
"Milli Şura"nın bir sıra üzvləri seçkilərdə iştirak etməkdə israrlıdır
AXCP sədri Əli Kərimlinin həm partiyanın, həm də "Milli Şura"nın parlament seçkilərini boykot etmək barədə qərarı özünü doğrultmaya bilər. Belə ki, "Milli Şura"nın bir sıra üzvləri boykot qərarını dəstəkləməməklə yanaşı, artıq seçkilərdə iştirak etmək üçün addımlar atacaqlarını qətiləşdiriblər. Hətta "Milli Şura"nın sədri Cəmil Həsənlinin də ciddi-cəhdlərinə baxmayaraq, "Milli Şura"da adları hallanan bir neçə nəfər MSK-ya namizədliklərinin təsdiq olunması üçün müraciət etməyə hazırlaşdıqlarını istisna etmirlər.
Baş verənlər AXCP-nin parlament seçkilərini boykot etməsinin siyasi gündəmə təsirsiz olacağını sübut edən növbəti amildir
Bu arada AXCP-də mövcud vəziyyətin Ə.Kərimli üçün heç də yaxşı olmaması onun birdən-birə iki ciddi problemlə üz-üzə qalmasını sübuta yetirib. Daha dəqiq desək, ardıcıl istefalar, həmçinin bir müddət öncə, sabiq müavini Razi Nurullayevin AXCP adlı təşkilat yaratmasından sonra istefa verənlərin məhz onun çağırışına səs verməsi partiyanın birdəfəlik olaraq siyasi arenadan silinməsinə səbəb olmaqdadır. Artıq Əli Kərimlinin ətrafında müavinlərindən və daha bir neçə rayon təşkilatlarının sədrlərindən başqa kimsənin qalmadığını da görməkdəyik. Bu isə, əslində AXCP-nin parlament seçkilərini boykot etməsinin siyasi gündəmə təsirsiz olacağını sübut edən növbəti amildir. Ümumiyyətlə, ictimai rəyə heç bir təsir imkanına malik olmayan Əli Kərimli dalana dirəndiyinin fərqinə varmağa başlayıb. Bu səbəbdən də, onun yaxın ətrafı "Azadlıq" qəzetinə üz tutub və eyni zamanda sosial şəbəkədə reklamla məşğul olmağa başlayıblar. AXCP sədrinin ümidi yalnız özünüreklama qalıb ki, bunun da heç bir müsbət nəticəsi görünməməkdədir.
AXCP sədrinin ehtiyat planını işə salmaq üçün son ümidləri də puça çıxıb
Söz yox ki, "Milli Şura"da təmsil olunan etirazçılar parlament seçkilərinə qatıldıqdan sonra onların həmin qurumda qalmaları da mümkünsüz olacaq. Yəni avtomatik olaraq, onlar həmin qurumu tərk etməli olacaqlar. Əli Kərimli isə bundan öncə də "Milli Şura"da baş verən istefalardan sonra ehtiyat planını işə sala bilməyəcək. Çünki onun ehtiyat planını işə salmaq üçün son ümidləri də puça çıxıb. Məsələn, "Milli Şura"dan istefalar olanda AXCP sədri dərhal partiyasında təmsil olunan iki-üç nəfəri dərhal bu quruma üzv yazdırırdı. İndi isə məsələ onun istədiyi kimi deyil. AXCP-də elektorat qıtlığının yaşandığı dövrdə Kərimli "Milli Şura"ya üzv yazdırmağa adam tapa bilmir. Bununla da məsələ bitmiş olur.
Beləliklə, fakt budur ki, Əli Kərimlinin çıxış yolu qalmayıb və o dalana dirənib. Bu dəfə isə daha sərt şəkildə. Hətta Cəmil Həsənli də bu məsələni dərk etdiyi üçün AXCP sədrinə heç bir yardım göstərə bilmir. Çünki onun "Milli Şura"ya sədrliyinin yalnız siyasi müqəvvalıq olduğu hər kəsə bəllidir. Bu faktor isə yaxın zamanlarda, xüsusilə parlament seçkiləri ərəfəsində Əli Kərimliyə istədiyi siyasi gələcəyi vəd etmir. Əksinə, onun siyasi ömrünün son akkordlarının vurulması artıq an məsələsinə çevrilib. Çoxsaylı faktlar, dəlil və sübutlar belə qənaətə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır.
Rövşən NURƏDDİNOĞLU