PDF Oxu

Müxalifət

  • 94 089

Müxalifətin Qərbə satılan xəyanət simvolu - Əli Kərimli

image

"O, həmişə satılıb və alınıb"

Dünyada elə şəxsiyyətlər mövcud olub ki, illər, qərinələr, hətta əsrlər keçsə belə, onların insanlar üçün gördükləri işlər bu gün də öz səmərəsini verir. Hətta həmin şəxsiyyətlər haqqında geniş, əhatəli, məzmunlu əsərlər yazılır, adları əbədiləşdirilir. Ancaq elə kəslər də olur ki, onların adları çəkiləndə, lənət və nifrinlərdən başqa heç nə eşitmək olmur. Kimdir onlar: insan, yoxsa iblis? Azərbaycan muxalif partiya sədrlərinin, xususilə də AXCP sədri Əli Kərimlinin xəyanət xronologiyasına nəzər salsaq, suallara açıq şəkildə cavab tapmaq olar.

AXCP sədri Əli Kərimli bu günədək siyasi fəaliyyəti ilə hər an Azərbaycanın milli maraqlarını satmağa hazır olduğunu nümayiş etdirib. O və müttəfiqləri yalançı, qısa ömürlü birliklər yaradaraq pafoslu çıxışlar edir, əslində isə bir-birlərindən xarici pulverənlərə kompromat ötürmək uğrunda mübarizə aparırlar. Hər bir tərəf bu mübarizədə önə çıxmaq barədə düşünür və bu məqsədlə əlindən gələni edir. Sözün açığı, onun siyasi fırıldaqçılıq üsullarına şeytan da həsəd aparar. Bunu uzun müddət Ə. Kərimli ilə bir cəbhədə təmsil olunanlar da bəyan ediblər. AXCP sədri tək öz xalqına, vətəninə deyil, amalına, məsləkinə, dostluğuna, yoldaşlığına qarşı da xəyanət yolu tutub.

Mənəviyyatsızlıq simvolu

AXCP sədri Ə. Kərimlinin mənəviyyatsızlıq simvolu olmasını isbat etməyə ehtiyac yoxdur. Cünki onun Azərbaycana qərəzli mövqedə dayanan, xarici ölkələrin əlində fiqura çevrilməsi, təxribatçı qüvvələrlə birgə çalışmasını təsdiqləyən çoxsaylı faktlar movcuddur. "Siyasi karyerasında", xüsusilə ermənilərlə işbiriyini təsdiq edən amillər istənilən qədərdir və bu barədə onun əməllərinin sübuta ehtiyacı yoxdur. Dağıdıcılıq, ziyankarlıq, xəyanət missiyasını daim tətbiq edərək düşərgədə qarışıqlıq yaradan Ə. Kərimlini silahdaşları belə heç vaxt önəmli fiqur kimi qəbul etmirlər. Azərbaycanda "Demokratiyanın İnkişafı Fondu"ndan aldığı pulları mənimsəyərək başqalarına böhtan atmaqla məşğul olan, "erməni lobbisinin fəxri üzvü, dayısı" adını daşımaqdan utanmayan bu "siyasətçi" həmişə şəxsi maraqlarına görə dövlətçiliyimizə xələl gətirir. Ermənilərdən başqa dünyada məşhur olan terrorçu qrup və islami təşkilatlarla da əlaqə yaradaraq Azərbaycana qarşı böhtan kampaniyasında fərqləndiyi üçün "xidmətləri" də əvəzsiz qalmır.

1995-ci ildə AXC-nin mirasına sahib olmaq, partiyaya çevirərək mandat qazanmaq üçün həyata keçirdiyi məkrli planlar nəticəsində Xalq Cəbhəsi dörd yerə bölündü. Cəbhənin möhürünə sahib olmaq üçün ətrafındakılara qarşı təxribatlar törədərək "Cəbhənin gələcəyi Əli Kərimli ilə bağlıdır" təbliğatına start verdirdi. Xarici havadarlarından aldığı maliyyə dəstəyi ilə sələfi Elçibəyə qarşı təxribat kampaniyası aparan Ə.Kərimlinin yaratdığı AXCP daxilindəki "Yurd" fraksiyası isə tam səlahiyyətlərə nail olmaq üçün bir gediş idi. İlk növbədə, onun riyakar planlarından xəbər tutanları istefaya məcbur edib Cəbhədən uzaqlaşdırmaqla özü üçün rahat mühit yaradan islahatçı sədr digər qurum olan konservativ KXCP-ni tamamilə kənarlaşdıraraq demək olar ki, Xalq Cəbhəsini "özəlləşdirdi".

Düşərgədə qarışıqlıq salmaq, "vahidlik" şansına yiyələnmək üçün mövqeləri tərs mütənasib olan partiyalarla, eyni zamanda separat danışıqlar aparan Əli Kərimlinin bu "bacarığı" isə həmişə sadiq qaldığı əqidəsinə və həmkarlarına dönüklük əlamətidir. "İctimai Palata"da, "Səkkizlər"də, "Onaltılar"da, "EL"-də, "Milli Şura"da özünə ön sıralarda yer axtaran Əli Kərimlinin niyyətini duyub ifşa edən keçmiş başqan İsa Qəmbər tarixi rəqibinin belə oyunlarının mənasızlığını ifşa edərək "meydanda mən varam" ideyasını təbliğ edir. Ə. Kərimlinin " siyasi portfelində" aktual problem Müsavat başqanı İsa Qəmbəri çıxdaş kimi arxada qoymaq, dağıdıcıların yeganə namizədi olmaq şansına yiyələnməkdir. Ancaq bu inamı çoxdan itirən Əli Kərimlinin "sədri" olduğu islahatçılar arasında da etibarsızlıq nümunəsi olduğu sübuta yetirilib. Buna görə də düşərgədə Əli Kərimlinin sağ əli hesab olunan Seymur Həzinin cızma-qarasında guya hakimiyyətin "məxfi qurupu"nun "Yeni Müsavat" qəzetində "Milli Şura"ya qarşı yazılar yazdırdığı barədə böhtanlarının əsası olmadığı kimi deyilənlərdən Ə. Kərimlinin xəyanətkarlıq izi duyulur.

Bir zamanlar inhisarında olan "Azadlıq"da "Yeni Müsavat"a, İsa Qəmbərə, Arif Hacılıya və digər rəqiblərinə qarşı antitəbliğat kampaniyası aparan Əli Kərimli bununla bir daha yaramaz xislətli bir məxluq olduğunu nümayiş etdirdi. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunu hakimiyyətə işləməkdə ittiham etdiyi üçün qarşı tərəfdən tutarlı cavab alan Əli Kərimli bir müddət öz qınına çəkildi. R.Arifoğlu isə Ə.Kərimlini Rusiyaya işləməkdə günahlandırdı. Olub-bitənlərin unudulduğunu güman edən Ə.Kərimli indi yenidən keçmiş vərdişini təkrarlayır. Maraqlıdır. İllərdən bəri düşmən mövqelərini dəyişməsələr də, şəxsi maraqları naminə "birləşən" başqanla islahatçı sədr yeni ocaq başı hesab etdikləri "Milli Şura"da hansı üzlə yenidən "birgə fəaliyyət "göstərir, əl tutub söhbətləşirlər. Bu məqamda ALP lideri Lalə Şövkət Hacıyevanın Ə.Kərimli haqqında dedikləri yada düşür: "Azərbaycan siyasətində belə mənəviyyatsızlıq görməmişdim. Adam düşmən olanda, gərək kişi kimi düşmən olsun. Ə.Kərimlidə çox alçaq səviyyə gördüm."

Fazil Mustafa: "Satqın dedikdə, Əli Kərimli yada düşür"

BQP başqanı, millət vəkili Fazil Mustafa Əli Kərimlinin satqınlığının AXCP-nin parçalnmasının əsasını qoyduğunu bildirib: "Əli Kərimlinin "satılmaması" barədə danışanlar 1995-ci il və sonrakı tarixə bir də nəzər salsınlar. Onda yadlarına düşər ki, Əli Kərimli hakimiyyətlə hansı danışıqlara gedib". BQP başqanı eyni zamanda bildirib ki, ümumiyyətlə, onun (Əli Kərimlinin) Əbülfəz Elçibəyə qarşı apardığı mübarizənin arxasında hansı xəyanətlərin və satqınçılığın dayandığını, eləcə də Kərimlinin yanındakıların da kimlər olduğunu xatırlayanlar yaxşı bilirlər: "Ona görə də kimlərinsə tərəfindən tarixin bu dərəcədə təhrif olunması heç də ciddi qəbul edilmir. Azərbaycan Xalq Cəbhəsində satqınçılığın əsasını Əli Kərimli və bu gün onun yanında olan adamlar qoyub. Bu səbəbdən də Xalq Cəbhəsi dağılmağa məhkum oldu".

Fazil Mustafanın sözlərinə görə, əslində Azərbaycanda satqın dedikdə, birinci olaraq, Əli Kərimli yada düşür: "Onu da qeyd edim ki, bu gün Əli Kərimlinin "satılmamasını" iddia edən tərəflərin bu cür danışmağa mənəvi haqları yoxdur. Çünki xəyanət, satqınçılıq dedikdə ilk olaraq, təsəvvürlərdə məhz Əli Kərimlinin obrazı canlanır".

Niyaməddin Orduxanlı: "Əli Kərimli Azərbaycan siyasətinin xəyanət simvoludur"

BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı Əli Kərimlini Azərbaycan siyasətinin xəyanət simvolu sayaraq bildirib ki, Azərbaycan siyasi arenasında Əli Kərimli qədər silahdaşlarına, tələbə və hərəkat yoldaşlarına xəyanət edən ikinci bir şəxs yoxdur.

N.Orduxanlı hesab edir ki, Əli Kərimli Azərbaycan siyasətinin xəyanət simvoludur: "Bu gün radikal müxalifətdə daxili münaqişənin kökü uzun illərə dayanır. Bunun da əsas mahiyyəti Əli Kərimli və İsa Qəmbərin bir-birinə olan patoloji nifrətidir. Hesab edirəm ki, hər iki şəxs haqqında mətbuatda gedən yazılar reallığı əks etdirir".

BAXCP sədrinin müavini vurğulayıb ki, AXCP-ni sektaya çevirən Əli Kərimlinin müxalifətdə opponent hesab etdiyi şəxslrə qarşı "Taliban" metodlarından yararlanması onun mahiyyətindən irəli gəlir: "Bu adam bolşevik təfəkkürlüdür. Ona görə də lazım gələrsə, talibançı, terrorist və bolşevik də ola bilər. Onun həyat prinsipləri bunlara söykənir".

N.Orduxanlı qeyd edib ki, Ə.Kərimli uzun illərdir siyasi rəqiblərinə qarşı bolşeviklik edir: "Məhz bu xislətinə görə, o, Əbülfəz Elçibəyə qarşı iyrənc kampaniya aparırdı və ölüm günü "Azadlıq" qəzetində təhqir olundu. Yəni hər kəs bilir ki, həmin illərdə Əli Kərimlinin redaktəsi olmadan heç bir yazı çıxa bilməzdi. Bunları deməklə bildirmək istəyirəm ki, Əli Kərimli Əbülfəz Elçibəyə qarşı mənəvi terror həyata keçirən şəxs olub. Yəni bu insan terrorçudur və işinin öhdəsindən də məharətlə gəlir.

ASDP sədri Araz Əlizadə də Əli Kərimlini satqınlıqda, xəyanətdə ittiham edib: "AXCP tarixində Əli Kərimli qədər pozuçuluq fəaliyyəti, Əli Kərimli qədər Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb. Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Əli Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır".

Elşən Musayev: "Əli Kərimli Qərbə çoxdan satılıb"

Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev bildirib ki, Əli Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub. Onun sözlərinə görə, Əli Kərimli bütün siyasi fəaliyyəti boyunca ancaq satılmaq işinə baxıb: "Əli Kərimli ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xisləti məhz Qərbə satılmağa köklənib. Əli Kərimlini Azərbaycan daxilində heç kim saymasa da, o, bir çox beynəlxalq təşkilatların, qurumların əlində həmişə oyuncaq olub. Həmişə Azərbaycan dövlətinə qarşı çıxıb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi ifadə edib. Bu gün hər şey ortalıqdadır. Artıq seçki dövrünün start götürülməsinə baxmayaraq, bu adam hələ də çayxana söhbətləri edir. Bu səbəbdəndir ki, onun ətrafında Qəddafiyə oxşayan Gözəl Bayramovadan, Azərbaycan iqtidarına xəyanət edən Gültəkin Hacıbəylidən və boş-boş danışan Fuad Qəhrəmanlıdan başqa heç kim qalmayıb".

Elşən Musayev Gültəkin Hacıbəylinin yazısını oxuduğunu bildirir və burada yazılanları şərh edir: "Orada yazılıb ki, Əli Kərimlini satın almaq lazımdır. Bu insan "mübarizə aparmaq" ifadəsi yerinə "satın almaq" ifadəsini işlədir. Yəni bu insanlar ancaq bazar jarqonu ilə danışırlar. Gültəkin Hacıbəyli alınıb-satılmağı gözəl bilən adamdır. Çünki vaxtilə Azərbaycan iqtidarını bizdən daha yaxşı müdafiə edib. Deməli, o, bunu mandata, mövqeyə və statusa sahib olmaq üçün edib. Heç kim zəmanət vermir ki, bu insanlar bir başqa xırda məsələyə görə dövləti və hakimiyyəti getdikləri yolda satmayacaqlar. Gültəkin Hacıbəyli alqı-satqı məsələləri üzrə mütəxəssisdir. Mən özümə borc bilərək ona və cəmiyyətə bu mesajı vermək istəyirəm ki, Əli Kərimli heç kimə lazım deyil. Xüsusilə də iqtidara lazım deyil. Bu gün heç o, beynəlxalq təşkilatlara belə lazım deyil. Çünki bu alqı-satqı obyekti olaraq bu insan çox işlədilib. İşlənmiş əşyalara isə nə Azərbaycan siyasəti, nə Azərbaycan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar ehtiyac duymurlar. Milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər