PDF Oxu

Müxalifət

  • 1 892

Müsavatda seçki qalmaqalı

image

Partiya rəhbərliyi parlament seçkilərindən sonra növbəti istefaların da qarşısını ala bilməyəcək

Müsavat partiyasında seçki siyahısının müəyyənləşdirilərək namizədləri bəlli olduqdan sonra təşkilat daxilində növbəti narazılıqlara start verilib. Belə ki, Müsavatı ələ keçirmiş Hacılı klanının seçki siyahısına özlərinə yaxın adamların adlarını daxil etməsi, xüsusilə, başqan Arif Hacılı ilə yanaşı onun qardaşı, partiyanın məclis üzvü Mustafa Hacıbəylinin də deputatlığa namizədliyini irəli sürməsi vəziyyəti daha da gərginləşdirib.

Müsavatın seçki siyahısının hazırlanması İsa Qəmbərin diktəsi ilə həyata keçirilib, Arif Hacılının başqanlığı isə sadəcə formal xarakter daşıyır

Partiyada bu gün də mövcud olan narazılar qrupu rəhbərliyə qarşı etirazlarını davam etdirərək bildirirlər ki, Müsavatın namizədlər siyahısı şəxsi mənfəət, qrupbazlıq və dəstəbazlıq prinsipləri əsasında hazırlanıb. Namizədlər siyahısında partiyanın təsis olunmasında zəhməti olmuş veteran müsavatçıların olmaması, sabiq başqan İsa Qəmbər dövründə partiya fəaliyyətlərindəki aktivlikləri ilə seçilən adamların kənara atılması, artıq açıq və kəskin etiraz müstəvisinə keçid alıb. O cümlədən, Müsavatın mövcud siyahısının hazırlanmasında yalnız Arif Hacılı klanı iştirak etməyib. Həmin siyahının hazırlanmasına bilavasitə rəhbərliyi sabiq başqan İsa Qəmbər edib ki, bu da onun nəzarətinin partiyada qalmasını təsdiq edən başlıca amildir. Maraqlıdır, əgər o, Arif Hacılını saxta yolla başqan seçdiribsə, özü də başqanlıqdan gedibsə, bu zaman partiyanın rəhbərliyinə aid olan məsələlər necə olur ki, məhz onun diktəsi və nəzarəti altında həll olunur? Demək, belə hesab etmək mümkündür ki, İsa Qəmbər baqşan olmamasına baxmayaraq, seçki siyahısının hazırlanmasında diktələr edibsə, bu zaman Arif Hacılının başqanlığı, sadəcə formal xarakter daşıyır.

Müsavatın seçki siyahısına NİDA və AMDP-dən olan namizədlərin əlavə edilməsi partiyanın resurs qıtlığından xəbər verir

Daha bir maraqdoğurucu nüans isə Müsavatın namizədlər siyahısına NİDA və Azərbaycan Milli Demokrat Partiyasından (AMDP-"Boz Qurd") olan namizədlərin də adlarının əlavə edilməsidir. Ümumiyyətlə, Müsavatın seçki vitrininə nəzər salındığı zaman oradakı qarmaqarışıqlıq təşkilatın aşkar vəziyyətini tam çılpaqlığı ilə göstərməkdədir. Bu da məhz onu göstərir ki, Müsavatın bir partiya olaraq resursları yetərli deyil.

Təbii ki, burada şəxsi müstəvidə olan düşmənçilik hisslərinin də rolu az deyil. Belə ki, Tural Abbaslının, Vurğun Əyyubun Müsavatın namizədlər siyahısında yer almaması sırf qərəzin nəticəsidir. Müsavat başqanı Arif Hacılı, sabiq başqan İsa Qəmbər siyahını tərtib edərkən onların hissləri, qəzəbi və qisası partiyanın maraqlarını və digər bu kimi məsələləri üstələyib. Bu isə Müsavatın hazırkı rəhbərliyinə və partiyanın gələcəyinə yaxşı heç nə vəd etməyən danılmaz faktordur. Çünki seçkilərdən sonra bu təşkilatda qalmaq istəməyənlərin növbəti istefaları baş verəcək və bu istefa seriyasının davam edəcəyini də indidən ehtimal etmək kifayət qədər mümkündür.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər