Müxalifət düşərgəsində təmsil olunan partiyaların birlik modelinin yaradılması istiqamətində dəfələrlə cəhdlər göstərilib. Amma iddiaların mövcudluğu arzuların reallaşmasına imkan verməyib. Hətta müxalifətin birlik adalandırılan bloku yaradılsa da, bu birliyin ömrü ilk toplantının başa çatmasına qədər davam edib. Yaranan blok və qurumların qısa müddətdə dağılmasının əsas səbəbi də müxalifət partiya rəhbərlərinin yanlış siyasət yürütməsi və biri-birini qəbul etməməsi ilə bağlıdır. Müsavat partiyası parlament seçkiləriərəfəsi özünə yaxın partiayalrın iştirakı ilə blok yaratmaq niyyətindədir. Bununla bağlı Müsavat başqanı Arif Hacılı "NİDA", "REAL" təşkilatların rəhbərləri ilə görüşlər keçirib. A.Hacılı iddia edib ki, bu birliyin yaranması ilə bütün müxalif partiyaları bir araya gətirməyə nail olunacaq. Amma müxalifətin ötən illərdəki uğursuzluqlarını nəzərə alsaq, bu, o qədər də real görünmür. Daha doğrusu, məlumatlara görə, "REAL" bu blokda təmsil olunmaq niyyətində olmadığını bildirib. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov da o fikirdədir ki, İsa Qəmbər-Arif Hacılı birliyinin layihəsi olan birlik modeli baş tutmayacaq: "Müsavatın ideya müəllifliyi ilə müxalifət düşərgəsini təmsil edən partiyaların bir araya gəlməsi mümkün deyil. Çünki hər bir partiya və ya ictimai təşkilat fərqli xarici qüvvələrə işləyir. İddialarda üst-üstə düşmür. Bu səbəbdən, birlik modeli baş tuta bilməz. Əksinə, mövcud blokların dağılma prosesi gedəcək. Artıq "Qarabağ" blokunun dağılması ilə bunu müşahidə etdik".
R.Qonaqov onu da bildirdi ki, müxalifət partiyalarının daxilində baş verən istefalar və qopmalar onu deməyə əsas verir ki, müxalifətin yenidən hər hansı bir birlikdə birləşməsi real görünmür: "Çünki əgər müxalifət partiya sədrləri 2013-cü ildə keçirilən prezident seçkilərində biri-biri ilə səmimi olaraq bir araya gələ bilmədilərsə, bundan sonra hansısa təşkilat yaradaraq birləşmələrindən söhbət gedə bilməz. Bir sözlə, müxalifətin 2013-cü ildə olan məğlubiyyəti onlar üçün bir dərs idi. Demək olar ki, bu gün müxalifət düşərgəsindəki partiyaların potensialı tamamilə tükənib. Yəni müxalifətçilər özlərini kifayət qədər xalqın arasında rüsvay ediblər. O cümlədən, 3-5 faiz olan dayaqlarını da itiriblər. Bu da onların məhz yersiz hərəkətlərə əl atmalarından irəli gəlir. Potensialı tükənən partiyaların da irəliliyə doğru getməsi mümkün deyil".
R.Qonaqovun sözlərinə görə, bir-biri ilə dil tapa bilməyən müxalifətin yenidən bir araya gəlməsi inandırıcı görünmür: "Heç vaxt müxalifət düşərgəsində təmsil olunan partiya rəhbərləri bir-birinə qarşı səmimi münasibətdə olmayıblar. Bunun da səbəbi bir partiya sədrinin digər partiya sədrinə paxıllıq hissinin olmasından irəli gəlir. Demək olar ki, hər zaman müxalifət partiya rəhbərləri var gücü ilə çalışıblar ki, rəqiblərində nə isə bir eyib tutub onları gözdən salsınlar. Yəni müxalifətçilər biri-birini təhqir edib, gözdən salaraq ifşa ediblər, yəni bir-birlərinə qarşılıqlı ittihamlar səsləndiriblər. Belə olan halda onlar hansı birliyin yaratmalarından danışa bilərlər".
GÜLYANƏ