Partiyada istefalar bunun təsdiqidir
Son günlər AXCP-də sular durulmur. Partiya daxilində yaranımş hərc-mərclik və qarşıdurmalar ardıcıl olaraq istefaların baş verməsinə gətirib çıxarıb. Əslində bu istefaların baş verməsi gözləniləndir. Çünki Əli Kərimlinin avtoritar idarəçiliyi artıq AXCP-nin faktiki süqutunun sübutudur.
Razi Nurullayev: "Nəticəsiz mübarizənin liderləri Əli Kərimlidə həya olsaydı kənara çəkilərdi"
AXCP-nin Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Razi Nurullayev qarşıdakı günlərdə də AXCP-dən kütləvi istefaların davam edəcəyi anonsunu verib: "Təbii ki, qarşıdakı günlərdə də istefalar olacaq və belə olan halda bu gün hər kəs ciddi şəkildə düşünməlidir ki, haqq hansı tərəfdədir. Kim hansı mübarizəni kiminlə bir yerdə aparır. Əli Kərimlinin indiyə qədər apardığı mübarizənin siyasi mənada heç bir nəticəsi olmayıbsa, kor-koranə şəkildə onun yanında olmağa dəyərmi? Siyasi gələcəyi Əli Kərimli ilə qurmaq iflas deməkdir. Bir də düşünürəm ki, neçə illərdir polis dəyənəyi altında aparılan mübarizənin heç bir nəticəsi olmayıb. 2005-ci il noyabrın 26-da insanların meydanlarda kütləvi şəkildə döyülməsi, əzilməsi və mübarizə əzminin məhz bu gün də sındırılması Əli Krimlinin adı ilə bağlıdır. Nəticəsiz mübarizənin liderləri Əli Kərimlidə həya olsaydı, kənara çəkilərdi. Bu baxımdan istefaların davam edəcəyi qaçılmazdır. Müəyyən mənada artıq istefa verənlərə təzyiqlər göstərilir. Onların mənəviyyatına toxunulacaq sözlər deyilir. İnsanları bu şəkildə istefadan çəkindirmək istəyirlər.
AXCP sədrinin gizli maliyyə mənbəyi
Artıq 20 ildir heç bir yerdə işləməyən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun yaxın qohumlarının müxtəlif banklar vasitəsilə həyata keçirdikləri milyonlarla manatlıq maxinasiyanın bir sıra mətləbləri üzə çıxmaqdadır. Məsələ burasındadır ki, radikal müxalifətin təmsilçilərindən sayılan bu şəxs özü haqqında yayılan məlumatlara hələ də münasibət bildirmir və yayılan məlumatlardan sonra bir-birinə ziddiyyətli olan açıqlama verdi. Ancaq bu, onun özünün ifşası ilə nəticələndi. İndiyədək heç bir xarici ölkənin hər hansı fondundan heç bir qrant almadığını deyən "Yurd" rəhbəri heç zaman heç bir bankdan kredit götürmədiyini desə də, onun adına sənədləşdirilən bəzi faktlar onun söylədiklərini təkzib edir və bildirib ki, 2005-ci ildə parlamentə seçkilərində iştirak etməsi üçün üzləşdiyi bir sıra hadisələrlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin təyin etdiyi 30 min avro cəriməni həmin hesab vasitəsilə alıb. Ancaq digər bir faktda isə bank sənədlərində Əli Kərimlinin 2008-ci ildə digər bankdan 145 min manat məbləğində kredit götürdüyü qeyd olunub. Amma o, bunu nəyin bahasına olursa-olsun, təkzib etməyə çalışır. Bu yerdə bayraqdar Elman Türkoğlunun qəzetimizə verdiyi məlumatı xatırlatmaq istərdim: "Əli Kərimlidən soruşuram: Londonda 23 milyonluq villa kimindir, Bilgəhdə 3,5 milyonluq villa? Camaatın oğlu meydanlara çıxır, onun oğlu ildə 25-30 min dollar pulla xaricdə oxuyur. Bu gün müxalifətdə quldarlıq sistemi hökm sürür. Əli Kərimli AXCP-də pulla gəncləri saxlayır ki, mitinqlərə digər partiyalardan daha çox adam çıxarsın. Adama deyərlər, bu qədər pul səndə haradandır?"
Əflan İbrahimovun: "Eldar Namazov və Əli Kərimli kimilər Vətən xaini kimi ömürlük həbs olunmalıdırlar"
Başqa bir fakt: Heç bir yerdə işləməyən Əli Kərimli xaricdə təhsil alan oğlu Türkel Kərimli və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan 8 milyon 603 min 364 manat nağd pul çıxarıblar. Bunlarla yanaşı, Ə.Kərimli 2 il ərzində müntəzəm olaraq nəhəng məbləğlərdə pul çıxarıb, böyük məbləğli maliyyə əməliyyatları aparıb, eləcə də iri həcmdə pul kütləsini qəbul edərək, iri məbləğlərdə vəsaitləri müəyyən yerlərə göndərib. Maraqlıdır, bu pullar haradan gəlib? Bu yerdə "El" hərəkatının təmsilçisi Əflan İbrahimovun açıqlaması da Əli Kərimli kimilərin Vətən xaini, satqınlıq simvolu olduğunu bir daha süğuta yetirir: "Sən Eldəniz Quliyev o vaxtı gəlib mənə dedin ki, Eldar Namazov deyir ki, "Milli Şura"nı "Soros Fondu" maliyyələşdirəcək. "Soros Fondu" da dünyada dövlət çevrilişləri ilə məşğul olur. Bunlar Azərbaycanı Liviyaya, Suriyaya çevirmək istəyirlər. Əlimdə kifayət qədər əsaslı sübutlarım var. Əgər kifayət qədər sübutlarım olmasaydı, danışmazdım. Köçəri Nağıbəylinin camaata pul paylaması ilə bağlı sənədlərim var. Plakatlara verilən, rayonlardan gələn insanlara paylanan pullar haradan gəlirdi? Mənim özümə də pul veriblər. Eldar Namazov və Əli Kərimli kimilər Vətən xaini kimi ömürlük həbs olunmalıdırlar".
Bütün bu fikirlərdən aydın olur ki, Əli Kərimli özünü müdafiə etməyə çalışsa da, haqqında deyilənləri təkzib edə bilmir. Əksinə, söylədiyi hər fikir onun əleyhinə işləyir. Məhz bu səbəbdən də AXCP-də ciddi narazılıq yaranıb. Partiya üzvləri xərclənən pulların hesabatını tələb edir. Yayılan məlumatlarda bildirilir ki, Əli Kərimlinin Azərbaycan dövlətçiliyinə qarşı dağıdıcı fəaliyyətləri ilə bağlı tutarlı faktlar və əsaslar AXCP-nin faktiki süqutunu sübut etdi.
Əli Kərimlinin gerçək portreti
Əli Kərimlinin təhdid və qorxu dolu daxili dünyası gerçəklərini qiymətləndirməsinə maneə olur. Bu gerçəkləri qorumaq üçün əl atmadığı çirkin variant, üz tutmadığı yol yoxdur. AXCP-yə maliyyə gəliri qazandıran sənaye müəssisəsi kimi baxan Əli Kərimli Razi Nurullayev demiş, cəbhəçiləri portağal qabığı kimi soyur. O, həmişə cəbhəçilərin ən kiçik istəklərini belə, özünə qarşı təhdid kimi görüb.
Gözlənilən sonun başlanğıcı
Əli Kərimli bu gün siyasi fiaskonun astanasındadır. Cəbhəçilər siyasi fəaliyyətini AXCP Etimad Qurultayı Təşkilat Komitəsində davam etdirəcəklərini bildirirlər. Azsaylı "kərimovçular"un sosial şəbəkələr və mətbuatda kütləvi istefaları ört-basdır etmək cəhdləri də nəticə vermir. İstefalar o qədər kütləvi hal alıb ki, prosesin qarşısını almaqda Əli Kərimli acizdir.
Göründüyü kimi, baş verənlər bir daha AXCP-nin faktiki süqutunu, Əli Kərimlinin partiyaya və Azərbaycanın siyasi həyatına əlvida deməsini sübut etdi.
Rəfiqə HÜSEYNOVA