Fuad Qəhrəmanlı: "Əli Kərimliyə qarşı çıxsaydım indi Razini yanımda tərcüməçi işlədirdim"
"Razi bu gün medallı redaktor Rauf Arifoğlunun şər böhtan qəzetinə verdiyi müsahibədə guya mənimlə bağlı sensasion məsələlər açıqlayıb".SİA xəbər verir ki, bu fikirləri AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı sosial şəbəkədəki hesabında AXCP-nin Etimad Qurultayının sədri Razi Nurullayevin onun hakimiyyətlə anlaşmaya gedərək, Əli Kərimlini 6 min dollara satmaq iddialarına münasibətini bildirərkən dedi.Fuad Qəhrəmanlı bildirib ki, Razi Nurullayev onun adı gələndə aşağılıq kompleksindən əziyyət çəkir: "Çünki partiyada olduğu müddətdə uzun müddət ona siyasi mövzularda danışarkən buraxdığı səhvlərə görə iradlar tutmuşam. Hətta bir dəfə bu məsələ müzakirəyə çıxarılıb və Raziyə daxili siyasət mövzularında danışmamaq tövsiyyə olunub. Dəfələrlə RH-nin yığıncaqlarına gedəndə, onu da öz maşınımla aparırdım və yol boyu gedəndə də, gələndə də danlayırdım ki, 5 ildir cəbhədəsən, ancaq cəbhəçi ola bilməmisən, hamı səni qorxaq kimi tanıyır. Hətta bu danlamalarımdan nəticə çıxararaq son vaxtlar özünə bəraət qazandırmaq üçün başlamışdı hakimiyyətlə bağlı ara-sıra tənqidi fikirlər səsləndirməyə. Onu da "Azadlıq" qəzetində jurnalistlərə yazdırırdı ki, siyasi səhv buraxmasın. Sonra da deyir ki, guya o partiyada olan zaman ona demişəm ki, 6 min dollar ver, Əli Kərimlini 2018-də devirək. Mən deyəndə ki, bu adam "debil"dir, bəlkə də kimlərsə şübhə edirdi. Diqqət edin, bu adam dəfələrlə deyib ki, mən hakimiyyətin adamıyam, sonra da deyir ki, mən Əli Kərimliyə qarşı çıxmaq üçün ondan 6 min dollar istəmişəm. Əgər mən hakimiyyətin adamıyamsa, o zaman hakimiyyət dura-dura, daha pulu iqtidara nökərçlik edən Razidən niyə istəyirdim? Özü də 6 min dollar".Maraqlıdır ki, Fuad Qəhrəmanlı əgər istəsəydi Əli Kərimlini daha baha qiymətə sata biləcəyini də istisna etməyib: "Mən 6 min dollara görə Əli bəyə qarşı çıxası olsaydım, ən azı sənə veriləndən 20-30 dəfə artığını alıb bu gün də səni özümə tərcüməçi kimi işlədərdim. Onsuz da gileylənirdin ki, Əli Kərimli heç vaxt sənə siyasətçi kimi baxmayıb, ancaq tərcüməçi kimi işlədib. Sənin kimisi üçün nə fərq edər, səni Əli bəy işlətdi, ya başqası".Xatırladaq ki, Fuad Qəhrəmanlını ittiham edən Razu Nurullayev "Yeni Müsavat"a verdiyi müsahibəsində Fuad Qəhrəmanlının AXCP sədri Əli Kərimlini 2018-ci ildə devirmək planının olması barədə fikirlər irəli sürüb.
sia.az