PDF Oxu

Müxalifət

  • 1 924

Rəsul Quliyevin ənənəvi müxalifətə ittihamları səngimir

image

"ACP" lideri: "Müxalifət 22 ildir uğursuzluqla qurtaran eyni siyasətini davam etdirir"

Uzun illərdir Amerikada mühacirətdə yaşayan eks-spiker, "Açıq Cəmiyyət Partiyası"nın lideri Rəsul Quliyev müxalifətin seçkiərəfəsi durumunu şərh edərək bildirib ki, təmsil olunduğu düşərgənin ötən prezident seçkilərində biabırçı uğursuzluğundan sonra noyabrda keçirilək parlament seçkiləri ərəfəsi istefaların olması gözlənilən idi və müxalif düşərgədəki müzakirələri mənasız hesab edib və adətinə uyğun olaraq ittihamlarla çıxış edib: "Belə bir addımın atılması gərək heç kimi təəccübləndirməyə. Bu, eyni adamların 22 ildir eyni uğursuzluqla qurtaran eyni siyasətinin davamıdır. Hər seçkiqabağı yeni adda qurum yaradılır, eyni partiyalar və liderlər ora daxil olur, sonra dekorativ dəyişiklik edilir, köhnə qurum buraxılır və yeni adlı qurum müxalifətçiliyini davam etdirir və bununla da ölənə qədər müxalifətdə qalmaq istəyirlər. Ancaq müxalifət liderləri məğlubiyyətdən sonra da istefa vermirlər. Çünki məğlubiyyətə görə istefa vermə ənənəsi yaşasaydı və düşüncəli başları olsaydı, onlar 2003-cü ildən çıxıb getməliydilər və praktiki olaraq bu gün meydandakı siyasətçilərin heç biri ortalıqda olmamalı idi".

R.Quliyev, həmçinin onu da bildirib ki, indiki liderlərlə, xüsusilə də Müsavatla işbirliyi qurmaq istəyənlər "badbaxtlar"dır: "Bu "badbaxtlar" ağılsızlıq edərək 22 il uğursuzluq yolu gedənlərlə iş birliyinə qoşulurlar. Elə buna görə də, müxalifətin seçkilərdə məğlubolma səbəbi elə müxalifətin özüdür. Çünki hər seçkiərəfəsi ölü qurumlar yaratmaqla məşğul olmaqla yanaşı, həm də heç bir məna kəsb etməyən memorandum yazmağa on günlərlə vaxt sərf edirlər. Boş, mənasız işlər nəticədə uğursuzluqla üzləşirlər, özü də biabırçı uğursuzluqla".

Elman Fəttah: "Rəsul Quliyev özü xaric, külli-aləmin "badbaxtlar"dan ibarət olduğuna bütün varlığı ilə inanır"

Müsavatın başqan müavini Elman Fəttah bildirib ki, Rəsul Quliyev ya təlxəklik edir, ya da cizgi filminin qəhrəmanlarından biri olan Rafaellik (Raphael) göstərir: "...Deyə bilərsiniz, o halda səbəb nədir ki, Rəsul kişi anlamsız və anlaqsız, amma sistemli şəkildə 15 min il əvvəl baş vermiş buzlaşmadan üzü bu yana, qlobal istiləşməyə qədər Müsavatı cümlə fəlakətlərin baisi hesab edir? Səbəb bəllidir: şizofreniya. Paranoid şizofrenik xəstə danışarkən cümlədən-cümləyə atlanar, heç bir anlam ifadə etməyən sözləri ard-arda sıralayar. Nəticədə dinləyənlər tərəfindən "söz salatı" kimi dəyərləndirilən bir mətn ortaya çıxar. Paranoid şizofreniklər əksər hallarda tez-tələsik əndərdikləri bu cür "söz salatı"nın ciddi məntiqli çıxış olduğuna tam varlıqları ilə inanarlar. Şizofreniya heç də həmişə neqativ olmur. Pozitiv şizofrenik də var. Özünü dünyanın xoşbəxti sanmaq və ya gündə bir neçə dəfə "qara sevda"ya tutulmaq kimi... Yəni nəzərə alsaq ki, Rəsul Quliyev özü xaric, külli-aləmin "badbaxtlar"dan ibarət olduğuna bütün varlığı ilə inanır".

Beləliklə, Müsavat rəhəbliyinin Rəsul Quliyevi təhqirlə cavablandırması, ADR rəhbərliyinin isə eks-spikerə qahmar çıxması ADR-Müsavat qarşıdurmasının alovlanmasına da səbəb olub. Ancaq burada qalib çıxan tərəf yenə də Rəsul Quliyev olub. Çünki həm Müsavat, həm də ADR eks-spikerin oyununa gələrək, əslində, onun seçkiöncəsi təbliğatını reallaşdırıblar.

Ü.ƏSGƏROV

Digər xəbərlər