Gültəkin Hacıbəylinin nəzərinə - AXCP-də bazar mövsümünün qiymətləri bəlli oldu
Ötən həftə "Milli Şura"nın funksioneri Gültəkin Hacıbəylinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin guya alınıb-satılmaması ilə bağlı irəli sürdüyü pafoslu iddialarına qarşı elə bir iddia irəli sürülüb ki, bunu danmaq qətiyyən mümkün deyil.
Belə ki, bu dəfə Əli Kərimli ətrafında AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı barədə növbəti şok doğuracaq faktlar üzə çıxmaqdadır. Partiyadaxili qruplaşmalara qoşulmayaraq, özünü Əli Kərimlinin etibarlı adamı kimi göstərmək üçün hazırladığı planın ifşa olunması Fuad Qəhrəmanlının sonrakı taleyində kəskin dəyişikliklər edə bilər. Məsələnin mahiyyətinin daha dəqiq anlaşılması üçün qeyd edək ki, bu iddia ilə AXCP sədrinin sabiq müavini, hazırda yeni AXCP yaratmaqla məşğul olan Razi Nurullayev müxalifətyönlü mediaya verdiyi açıqlamasında deyib.
Fuad Qəhrəmanlı nəzərini niyə məhz 2018-ci ilə dikib?
Bəlli olub ki, Fuad Qəhrəmanlı siyasi arenadan silinməməsi üçün özünə "lider" hesab etdiyi Əli Kərimliyə qarşı hazırladığı planını böyük ehtimalla bu cür qurub ki, o, uzağı 2018-ci ilə qədər onun kaprizlərinə dözəcək. Yəni 2018-ci ilin prezident seçkilərindən sonra "liderinə" qarşı qiyam qaldıracaq. Düzdür, həmin ilə qədər AXCP-nin ayaqda qala biləcəyi çətin məsələdir. Hətta bu partiyanın parlament seçkilərindən sonrakı dövrdə fəaliyyəti də inandırıcı görünmür. Ancaq Fuad Qəhrəmanlı nəzərini məhz 2018-ci ilə dikib. Razu Nurullayev bu məsələni belə izah edib. Sitat: "...Deyirdi ki, "artıq siyasətdə durğunluq yaranır. 2015-ci ildə seçkilərdə bizə yer verilməyəcək. Biz hakimiyyətə bir yol tapmalıyıq. Biz pul almalıyıq və sonra 2018-ci ildə Əli Kərimlini istefaya göndərə bilərik. Ondan əvvəl bunu bacarmayacağıq".
Fuad Qəhrəmanlı Razi Nurullayevə xitabən: "Ayda 6 min dollarlıq axın baş versə, bundan Əli Kərimlinin xəbəri olmasın"
Nurullayev hətta Fuad Qəhrəmanlının öz "liderini" satması üçün müəyyələşdirdiyi rəqəmi də açıqlayıb: "Fuad Qəhrəmanlı bu təklifi edib. Yalan detektorunda bunu deməyə, üz-üzə gəlib, bütün bu detalları açıqlamağa da hazıram. Hətta mən orda Fuada dedim ki, Fuad, sənin haqqında hakimiyyətə yol tapman barədə söhbətlər gəzir. Sən başqa hansı yoldan danışırsan? Dedi ki, mənim əlaqəm var, amma o pul mənə bəs etmir. Əli Kərimlinin də bundan xəbəri var. Belə bir ifadə işlətdi ki, əgər belə bir şey baş tutsa, yəni, ayda 6 min dollarlıq axın baş versə, bundan Əli Kərimlinin xəbəri olmasın. Çünki ona bir mənbəni deyirsən, onda sənə inam yaranır. İnam yaranandan sonra da işini gör. Əli Kərimli inansın ki, sənə nəzarət edir. O biləndə ki, sənə nəzarət edir, sənin barəndə gedib ona nəsə çatdırsalar da, heç bir faydası olmur. Çünki deyir ki, onsuz da bilirəm. Yəni Əli Kərimlinin gözündə toxunulmaz şəxs olmaq üçün nələrisə ona təqdim et, sonra gəl öz işində ol. Əsas odu, inamını qazan. Bu, Fuadın siyasətidir. Bunların hamısını açıq şəkildə deyib. Bunu necə danışmışıq? Fuad piyada gəzməyi sevir. Biz iki dəfə "Azadlıq" metrosundan "Gənclik" metrosuna qədər piyada gedib-gələndə bu haqda söhbətimiz olub."
Göründüyü kimi, artıq AXCP-də gedən oyunların bütün kartları açıq-aşkar göz önünə qoyulub. Bu isə sədr Əli Kərimlinin vaxtilə öz "lideri" Əbülfəz Elçibəyə qarşı oynadığı çirkin oyunların, anti-Elçibəy qarayaxma, böhtan və söyüş kampaniyasının qarşılığıdır desək, yanılmarıq. AXCP-ni hay-hayla ələ keçirən bir partiya sədrinin yaxın zamanlarda vay-vayla tərk etməsi isə artıq an məsələsinə çevrilib. Hər halda, "Milli Şura"nın sözçüsü rolunda çıxış edən Gülktəkin Hacıbəyli Əli Kərimliyə "qəhrəmanlıq" ştampı vurmaq istərkən, yaxşı olardı ki, bu məsələyə də diqqət yetirsin...
Mübariz QULİYEV