Bu dəfə aranı qatan NİDA-nın gizli qərarı və vahid namizəd iddiasıdır
Bir müddət öncə "Ədalət" partiyası ilə arası dəyən REAL hərəkatının Müsavatla da münasibətləri korlanmaq üzrədir. Xatırladaq ki, "Ədalət" partiyasının rayon təşkilatı sədrlərindən biri parlament seçkilərində namizədliyini təmsil olunduğu partiyasından deyil, məhz REAL sıralarından verməyi qərara alıb. Məhz bu qərardan sonra hər iki tərəf bir-birinə qarşı ittihamlar irəli sürərək, bir-birlərini arapozuculuqda suçlayıblar.
Demək olar ki, eyni olmasa da bənzər situasiya Müsavat partiyası ilə də yaşanmaqdadır. Baxmayaraq ki, müxalifətdə digər seçki blok və birliklərinin fəaliyyət göstərmələtinə rəğmən, Müsavat rəhbərliyi REAL hərəkatı və NİDA ilə birgə əməkdaşlığını müxalifətin ən güclü birliyi kimi təqdim edirdi. Üstəlik, üç qurumun birgə namizədlər siyahısının olacağına dair məlumatlar da mətbuatda yer alır. Ancaq daha çox Müsavatdan olacaq namizədin seçkiqabağı təbliğatda yer alacağı ətrafında işlər aparılır. Mustafa Hacıbəyli hazırda vahid namizəd məsələsini ortaya atmaqla, REAL-ın və NİDA-nın qardaşı Arif Hacılının xeyrinə çəkilmələrini arzu edir.
Lakin maraqlıdır ki, Müsavatın bu kimi iddialarına REAL tərəfi müsbət yanaşmayıb. Daha dəqiq desək, Müsavatın hərəkat qarşısında özünü ağayana tərzdə aparması onun üzvlərini narazı salmağa başlayıb. Hətta
REAL idarə heyətinin təmsilçiləri rəhbərlikdən Müsavatla əməkdaşlıq məsələsinə yenidən baxılmasını, münasibətlərin pozulmasını tələb edirlər. Etirazlara daha bir səbəb isə Müsavatın REAL-la texniki əməkdaşlığını fərqli formada təqdim etməsidir. Artıq bu istiqamətdə əsası sosial şəbəkədə qoyulmuş qarşıdurmaya da start verilib. Müsavat məclisinin üzvü Mustafa Hacıbəyli ilə REAL idarə heyətinin üzvü Azər Qasımlı arasında yaşanan polemika daha ağır formaya keçid alıb. Məsələn, Mustafa Hacıbəylinin guya bu qüvvələrin seçkilərə birgə getməsinə dair təbliğatına Azər Qasımlı kəskin münasibət sərgiləyib.
REAL-dan Müsavata: "Vahid namizəd mövzusunda heç bir müzakirə və ya birgə qərar ola bilməz!"
Çünki Hacıbəyli hazırda vahid namizəd məsələsini ortaya atmaqla, REAL-ın və NİDA-nın qardaşı Arif Hacılıya səs verməsini arzu edir. REAL isə vahid namizəd məsələsini mümkünsüz sayır. Sitat: "Müsavatla REAL-ın yalnız texniki məsələlərdə əməkdaşlığı mümkündür. Verilən birgə bəyanat da onu ehtiva edir. Vahid namizəd mövzusunda heç bir müzakirə və ya birgə qərar ola bilməz!" Mustafa Hacıbəyli Azər Qasımlıya cavab olaraq xatırladıb ki, verilən birgə bəyanatla tanış olsun, həmin sənədə baxsın: "Məncə, bəyanatı oxumaq yaxşı olar. Burada söhbət seçkilərdə birgə müşahidə aparmaqdan, fəaliyyəti uzlaşdırmaqdan gedir. Biz mübarizə naminə seçkilərə qoşulmuşuq və bu prosesdə olan qüvvələrin və insanların əməkdaşlığı təbii haldır".
REAL hərəkatının icraçı katibi Natiq Cəfərli isə söyləyib ki, burada söhbət Müsavata inam məsələsindən getmir: "Bu, inam söhbəti deyil, sırf seçki dönəmini əhatə edir, ancaq seçkiyə nəzarətdə birgə fəaliyyəti ehtiva edir". Natiq Cəfərli əlavə edib ki, onlar siyasətə ciddi yanaşırlar: "Bu, müttəfiqlik deyil, blokda əməkdaşlıq deyil. Mətn açıq və netdir. Mətni də biz yazmışıq".
NİDA REAL-ı deyil, Müsavatı tutur
Ancaq bəlli olan məsələlərdən biri də NİDA-nın seçkilərdə məhz Müsavatın namizədinin xeyrinə geri çəkiləcəyi barədə atacağı addımıdır. Daha dəqiq desək, NİDA REAL-ı deyil, Müsavatı tutur. Bu addım barədə qəti qərar verilməsə də, REAL-dakıların bundan xəbəri var. Bu səbəbdən, Müsavatın vahid namizəd məsələsi ətrafında var-gəl etməsi nəticə etibarilə REAL-ın bu oyundan kənara çəkilməsi ilə başa çata bilər. Bu isə Müsavatın əsas namizədinə heç də xeyir verməyəcək bir addım ola bilər. Hətta indidən qənaətə gəlmək olar ki, REAL Müsavatla olan anlaşmanı artıq pozub.
Afət TAHİRQIZI