"Xəyanət" sözünü dillərində əzbərə, həyatlarında isə xarakterə çevirən Azərbaycanın radikal müxalifət düşərgəsinin istər ictimai dəstək baxımından, istərsə də siyasi təşkilatlanma yönündə heç bir gücə malik olmadığı hər kəsə bəllidir. Xüsusilə, seçki ərəfələrində "xoda" düşən müxalifət seçki ilə bağlı deyil, qrantlarla bağlı xəyallarını qurmağa başlayırlar. Məsələn, hazırda parçalanmasına rəğmən, hələ də özünü bu düşərgənin "monopolisti" kimi aparan AXCP-nin "boykot" oyunu da bu sıradandır. Bu təşkilat yalnız Azərbaycan dövlətçiliyinə və xalqına qarşı olan qüvvələrin sifarişlərini yerinə yetirmək, onların diktələri ilə fəaliyyət göstərmək üçün kodlaşdırılıb. Yəni "beşinci kolon" rolunu aşkar şəkildə sərgiləyir. Maraqlıdır ki, hər dəfə seçki öncəsi "birlik yaratmaq", "bloklaşmaq" kimi xülyalara düşən, özlərini "siyasi qüvvə" kimi xarici ermənipərəstlərə nümayiş etdirməyə çalışan radikalların arzuları ürəklərində qalır. Çünki xaricdən gələn birləşmə əmrinə "sadiqliyə" ən yaxşı halda seçkinin ertəsi gününə kimi riayət olunur. Ancaq budəfəki əmr AXCP üçün başqa olub - "boykota get". Təbii ki, Əli Kərimli də bu yolu tutaraq, cibişdanını növbəti kirli pullarla dolduracağını düşünür. Satqınçılıq və s. bənzər yollarla...
AXCP-nin fonundakı radikal düşərgə analoji mərəzindən xilas ola bilmədiyini nümayiş etdirməkdədir
Ümumiyyətlə, siyasi etikanı, əqidəni bu formatda qavrayan və izah edən AXCP sədrinin 2005, 2010, 2013-ci illərdə oynadığı bu oyunların hansı nəticələrə səbəb olduğu isə hər kəsə bəllidir. Təbii ki, hər zaman seçkiqabağı situasiyada xarici maraqlı siyasi qüvvələrin əmrləri ilə oturub-duran bu partiyaların birdən-birə "birləşmək" istəməsi, sonradan isə "günah keçisi" axtarışına çıxması artıq ənənəyə çevrilib desək, yanılmarıq. Bu dəfə də AXCP-nin fonundakı radikal düşərgə analoji mərəzindən xilas ola bilmədiyini nümayiş etdirməkdədir. Xarici anti-azərbaycançı mərkəzlərin diqqətini cəlb etmək və beləliklə də, ermənipərəstlərin verəcəyi pula yiyə çıxmaq üçün yarışa girən radikal müxalifət düşərgəsinə məxsus partiyalar bu ilin əvvəlindən etibarən yenidən "fəallaşıblar".
Beləliklə, Əli Kərimlinin keçdiyi yolu, həmçinin, son günlər cərəyan edənləri nəzərdən keçirdikdə növbəti dəfə bir həqiqət meydana çıxır. Bu partiya, eləcə də onun dərnəyinə çevrilmiş "Milli Şura" maraqlı xarici qüvvələr tərəfindən idarə olunur. Yəni lazım olduğu anda bunların kiminlə birləşməsi və ya ayrılması, yaxud da "boykot" yolunu tutması heç də deyildiyi kimi "müxalifətin birliyi naminə" deyil, əksinə xaricdən ötürülmüş sifarişlə həyata keçirilir və bunlar öz korporativ maraqları uğrunda mübarizə aparırlar. Amma bu kimi korporativliklər özlərinə qayıdan zərbə olur ki, bu dəfə də belə olacaq.
RƏFİQƏ
P.S. Hə, onu da deyim ki, bu gün avtobusda bir yaşlı kişinin sözü yerində deyilmiş bir ifadə oldu. O, yanında oturan başqa birisinə deyir: "Qardaş, yenə seçki gəldi, müxalifət "xoda" düşüb...