Partiyalar bir-birlərinin ideyalarını həzm edə bilmirlər
Parlament seçkiləri yaxınlaşdıqca, müxalifət düşərgəsində yaradılan blok və birliklərdə də qeyri-müəyyənliklərlə yanaşı, qalmaqallar yaşanmaqdadır. Belə birliklərdən biri də "Azadlıq-2015" seçki blokudur ki, orada cəmləşən siyasi partiyalar arasında açıq müstəvidə mübarizə aparılmaqdadır. Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Demokratiya və İnsan Hüquqları Mərkəzinin bazası əsasında "Azadlıq-2015" Seçki Bloku yaradılıb. Hətta bu birliyin təsisçiləri şüar kimi onu irəli sürdülər ki, parlament seçkilərində monolit şəkildə iştirak edəcək yeganə qurumdur. Amma deyəsən, bu qurum hələ seçki başlamamış daxili qarşıdurmaya gedir.
Münasibətlər daha öncədən pozulub
Onu da qeyd edək ki, hələ blok yaradılarkən, orada müəyyən fikir ayrılıqları yaşanmağa başlamışdı. Məsələn, xatırlatmaq olar ki, "Azadlıq-2015" KXCP-nin təşəbbüsü ilə daha öncədən fəaliyyət göstərən "Demokratiya və İnsan Hüquqları Mərkəzi" adlı təşkilatın fonunda yaradılıb. Yəni orada təmsil olunan partiyalar hazırda seçki blokunda qalmaqdadırlar. Amma həmin dövrdə KXCP ilə "Azadlıq" partiyası arasında ilk konflikt belə bir halda yaşanmışdı ki, keçirilən toplantılardan biri hər iki partiya arasında müxtəlif adlarla təqdim edilmildi. KXCP-nin məlumatında həmin toplantı "Demokratiya və İnsan Hüquqları Mərkəzi"nin toplantısı kimi ifadə olunmuşdu. Ancaq KXCP-nin mətbuata təqdim etdiyi rəsmi informasiya ilə bərabər "Azadlıq" partiyasının sədri Əhməd Oruc sosial şəbəkələrdə etirazlı fonda qeyd etmişdi ki, KXCP bu toplantının adını yanlış verib. Bu, "Demokratiya və İnsan Hüquqları Mərkəzi"nin deyil, məhz "Azadlıq-2015" seçki blokunun toplantısı olub. Bütün bunlar isə artıq oradakı partiyaların bir araya gəlmələrinə rəğmən, yenə də eyni ortaq məəxrəcdən çıxış etməyəcəklərini bəlli edən amil kimi nəzərə çarpmağa başladı.
VİP: "Mümkün qədər az sayda seçki blokunda birləşərək seçkidə iştirak etmələrinin tərəfdarıyıq"
Lakin digər müxalifət partiyaları da müxtəlif mövqelərdən çıxış etsələr də, digərləri bu ideyaları həzm edə bilmədiklərini açıq şəkildə büruzə verirlər. Misal üçün, Vətəndaş və İnkişaf Partiyasının (VİP) mövqeyi blokdakı başqa partiyalar tərəfindən qəbul edilmir. VİP sədrinin müavini Billur Hümbətov təəssüflə qeyd edib ki, parlament seckiləri yaxınlaşdıqca, bir sıra siyasi təşkilatların gerçək simaları üzə çıxmağa başlayır. Onun sözlərinə görə, müxalifətin bir araya gəlməsində maraqlı olmayanlar müxtəlif bəhanələrlə buna mane olmağa çalışırlar: "Müxalifətin parlament seçkilərində müəyyən uğur qazanmasının vahid yolu bütün seçki dairələrində vahid namizədin razılaşdırılaraq irəli sürülməsidir. Buna görə də müxalifət partiyaları irəli sürəcəkləri namizədləri razılaşdırmalı və onların arasından daha şanslılarını səmimi şəkildə dəstəkləməlidirlər. Yalnız bu halda uğur qazanmaq olar."
VİP rəsmisi daha çox partiyanın bir araya gəlməsinin tərəfdarı olmadığını da dilə gətirib və bunu belə izah edib ki, belə olanda ideyaların sayı da çoxalıb və bir-birini tamamlamır: "Çox təəssüflər olsun ki, bəzi qüvvələr 2010-cu ildə tutduqları mövqeyi bu gün də təkrarlamağa cəhd göstərərək, bununla müxalifətçi namizədlərin şanslarını çətinə salırlar. Ümumiyyətlə isə, ayrı-ayrılıqda vəziyyətləri qətiyyən ürəkaçan olmayan müxalifət partiyalarının bir araya gəlmələri, mümkün qədər az sayda seçki blokunda birləşərək seçkidə iştirak etmələrinin tərəfdarıyıq".
AİDP: "Bu dartışmalarda xalqın milli və dövlət maraqlarından çox, fərdi və siyasi partiya maraqları daha aktualdır"
Bu arada "Azadlıq-2015"də fəaliyyət göstərən Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslının da mövqeyi maraqlıdır. O öz açıqlamasında deyib ki, ötən seçkilərin ağrılı və aclı nəticələri müxalifət düşərgəsində hər hansı birlik formatı yarada bilməyibsə, bu seçkidə də blok məsələsi alınmayacaq. AİDP sədri hətta ideya irəli sürənlərin özlərini ağıllı göstərmək cəhdlərini də ağılsızlıq kimi qiymətləndirib. Onun sözlərinə görə, bu siyasi oyunları quranlar özlərini dahi bilsələr də, kifayət qədər ağıllanmayıblar: "İnam, etimad və ümüd bu düşərgədə artıq qalmayıb" deyə yenə də uşaqlar kimi evcik-evcik oynayırlar. Bir daha təkrar edirəm bu dartışmalarda xalqın milli və dövlət maraqlarından çox, fərdi və siyasi partiya maraqları daha aktualdır və önə çəkilib. Hər kəs sanki ömürlük təqaüdünü təmin etməkdən ötrü siyasi müxalifətdə son akkordlarını vururlar..."
Abbaslı onu da nəzərə çatdırıb ki, situasiyalarda dəyişilməyənlər, eyni təfəkkürdə yorucu və bezdirici manevrləri ilə xalqda inam, etimad və ümüdi qırıblar və xalqın belə bir müxalifətə inamı, ümumiyyətlə qalmayıb: "Bu adamlar başa düşmürlər ki, artıq əvvəlki oyunlarla gündəmdə qalıb və "qalib lider" olmaq, havayı nəfsdən başqa bir şey deyil. Müxalifət indiyə kimi alternativ yollar axtarmalı və yeni ideyalarla yeni siyasi manevr etməyin yollarını sıralamalı idilər. Təəssüflər olsun ki, bu seçkidə də müxalifət düşərgəsində komanda şəkilində bir ailə kimi siyasi hərəkat yaratmağa və iqtidara siyasi opanent olmağa səriştələrini büruzə vermədilər."
AMİP: "Bu, partiyaların deyil, şəxslərin bloku olur"
AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə öz mövqeyində qeyd edib ki, siyasi qüvvələrin də əsas güc və potensiallarını ortya qoyma şansları seçkilər zamanı yaranır: "Amma sizin də bildiyiniz kimi, Azərbaycanda fərqli yanaşmalar və reallıqlar mövcuddur.Təbii ki, siyasi qüvvələrin hər hansı formatda birləşməsi şansları bir qədər də artmış olur. Lakin Azərbaycanda heç bir sosial bazası və dayaqları, eloktoratı, strukturları olmayan partiyaların birləşməsi heç nəyi dəyişmir. Bu, partiyaların deyil, şəxslərin bloku olur."
Göründüyü kimi, müxalifətin demək olar ki, bütün cinahlarında bu kimi bənzər hallar yaşanmaqdadır. Bu amil isə belə düşünməyə zəmin yaradır ki, əslində, müxalifətin yeniləşməsi zamanı çoxdan çatıb. Ancaq bunun üçün xalqın da etimadını qazanmaq lazımdır. Xalq isə köhnə siyasi gedişləri ilə gündəmdə qalan müxalifət tendensiyasını qəbul etmədiyinə görə, o cümlədən, müxalifət liderləri hələ də siyasi ambisiyalarını şəxsi müstəvidə yönəltdiklərinə görə düşərgənin yeniləşməsi faktoru da dalana dirənir. Xüsusilə, seçkilərdən sonrakı dövrdə biz bu halı daha aşkar fonda görməli olacağıq.
Rövşən RƏSULOV